Vəkilin sözlərinə görə, bloqqer apellyasiya şikayəti vermək niyyətində deyil.
İsrailin Azərbaycandakı səfriliyinin nümayəndələri iyulun 26-da həbsdəki bloqqeri ziyarət edib. Aleksandr Lapşin onlara İsrailə ekstradisya edilmək istəyini çatdırıb.
Vəkil müvəkkili ilə görüşdən sonra ekstradisiya üçün gərəkli hüquqi prosedurların başladıla biləcəyini qeyd edib.
Ədliyyə Nazirliyi Aleksandr Lapşinin İsrailə təhvil verilməsini istisna etməyib.
Nazirliyin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Faiq Qurbanov APA agentliyinə deyib ki, bloqqerin müraciətinə barəsində hökm qüvvəyə mindikdən sonra baxıla bilər.
«Aleksandr Lapşin barəsində məhkəmə qərarı qüvvəyə minəndən sonra beynəlxalq müqavilələr, normalar əsasında bu məsələyə baxıla bilər. Qanunvericiliyə uyğun olaraq, hər bir məhkumun belə müraciət etmək hüquq var və ondan istifadə edə bilər», idarə rəisi qeyd edib.
Aleksandr Lapşin həm İsrail, həm Rusiya, həm də Ukrayna vətəndaşıdır. İttihama görə, o, Azərbaycanın işğal olunmuş ərazilərində yaşayanlarla əlaqə quraraq, 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal olunmuş ərazilərə daxil olub.
Lapşin özünün puerrtto səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd edib. O, ötən il 6 aprel və 29 iyun tarixli müraciətlərində işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin «müstəqilliyini» dəstəkləməklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar da səsləndirib.
2017-ci il yanvarın 17-də Azərbaycana Belarusdan ekstradisiya olunan Lapşin məhkəmədə özünü təqsirli bilmədiyini deyib.
İyulun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsi Azərbaycanın ərazi bütövlüyü əleyhinə çağırışlarda, sərhədi qanunsuz keçərək Dağlıq Qarabağa getməkdə suçlu sayılan blogeri 3 il azadlıqdan məhrum edib.
Hökmə görə, Lapşinə verilmiş Azərbaycan əleyhinə açıq çağırışlar ittihamı təsdiqini tapmayıb və Cinayət Məcəlləsinin 281-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) maddəsi ittihamdan çıxarılıb. Bloger yalnız sərhədi qanunsuz keçməkdə təqsirli bilinib və Cinayət Məcəlləsinin 318-ci maddəsi ilə 3 il həbs cəzasına məhkum edilib.