«Konstitusiya» Araşdırmalar Fondunun prezidenti, hüquqşünas Əliməmməd Nuriyev Modern.az-a deyib ki, rüşvətxorluq aktiv və passiv olmaqla təsnifatlandırılır. Vəzifəli şəxs tərəfindən rüşvət alma aktiv, rüşvət vermə passiv rüşvətxorluq sayılır. O, həm də bildirib ki, rüşvətxorluğu tələb və təklif formalaşdırır:
Tələb və təklif varsa...
«Cinayət Məcəlləsinin 311-ci maddəsinə görə, rüşvət alma vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və s. neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması, bu barədə təklifi yaxud vədi qəbul etməsi anlamına gəlir. Qanunvericiliyə görə bu maddə ilə ittiham olunan şəxs üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Bu maddənin digər bəndində göstərilib ki, vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət almağa görə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bütün bunlarla yanaşı, şəxs qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, təkrar törədildikdə, külli miqdarda törədildikdə, hədə-qorxu tətbiq olunmaqla törədildikdə səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu məcəllədə «külli miqdar» dedikdə, beş min manatdan artıq olan məbləğ başa düşülür».
Rüşvət vermə və 8 ilədək həbs
Ekspert qeyd edib ki, Cinayət Məcəlləsinin 312-ci maddəsində passiv rüşvətxorluqla bağlı müddəa yer alıb:
«Cinayət Məcəlləsinin 312-ci maddəsinə görə rüşvət vermə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və s. nemət, imtiyaz və ya güzəşt verilməsi nəzərdə tutulur. Bu zaman vətəndaş tərəfindən vəzifəli şəxsə müxtəlif nemətlər təklif olunur və verilir, amma vəzifəli şəxsin özü tərəfindən tələb olunmur. Qanunvericiliyə görə, bu maddə ilə ittiham edilən şəxs min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə qeydə alınıbsa, o zaman iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır».
Rüşvət verən hansı halda cəzadan azad olur?
Ə.Nuriyev bildirib ki, son illər bu sahədə şəffaflığın artırılması üçün cəzalar sərtləşdirilir:
«Rüşvət alma maddəsinə görə daha ağır cəzalar nəzərdə tutulub. Eyni zamanda Cinayət Məcəlləsinin 312-ci maddəsinə görə rüşvət verən şəxs vəzifəli şəxs tərəfindən tətbiq edilən hədə-qorxu nəticəsində rüşvət verdikdə və ya rüşvət vermə haqqında müvafiq dövlət orqanına könüllü məlumat verdikdə cinayət məsuliyyətindən azad edilir.
Bu vətəndaşın iradəsindən asılı olmayan hal kimi qiymətləndirilir. Ona görə də vətəndaş cinayət məsuliyyətindən azad edilir.
Nəyə görə vəzifəli şəxsin rüşvət alması daha ağır cəzaya məruz qalır? Çünki vəzifəli şəxs dövlət adından müəyyən funksiyaları həyata keçirir. Şəxs rüşvət alma zamanı yalnız özünü deyil, eyni zamanda bütövlükdə ictimai münasibətlər, dövlət orqanlarının fəaliyyətini nizamlayan ictimai münasibətlərə, yaxud publik hüquqi şəxsin fəaliyyətini nizamlayan münasibətlərə təsir edir. Ona görə də vəzifəli şəxsin rüşvət alması zamanı təkcə o şəxsə yox, təmsil etdiyi dövlət orqanına da münasibət dəyişir, inamasızlıq və etimadsızlıq yaradır. Bu baxımdan vəzifəli şəxs ona verilən resurslardan sui-istifadə edərək imtiyazlar tələb edirsə, qanunvericiliyə görə ona ağır cəza verilir.
Biri var rüşvət alıb qanuni hərəkətlər edir (sadəcə prosesi sürətləndirir) , biri var rüşvət alıb qanunsuz hərəkət edir. Biri də var rüşvət alma zamanı bir deyil, bir neçə nəfər, həmçinin, vasitəçilər iştirak edir. Eyni zamanda hal bir neçə dəfə təkrarlanırsa, hədə-qorxu yoluna əl atılırsa, bunlar ağırlaşdırıcı hal hesab edilir.
Beynəlxalq təşkilatlar, İqtisadi Əməkdaşlıq Təşkilatı Azərbaycanı ittiham edirdilər ki, siz nəyə görə aktiv rüşvətxorluğa görə məsuliyyəti artırmırsınız. Qeyd etmək istəyirəm ki, son illər aktiv rüşvətxorluğa görə cəzalar artırılıb və sərtləşdirilib. Bütün bunlara baxmayaraq rüşvət alma və rüşvət vermə tələb-təklif məsələsidir. Rüşvət verənlərin, rüşvət vermək arzusunda olanların sayı heç də az deyil. Buna görə də qanunvericilik hər iki hal üçün cəza nəzərdə tutub. Qanunvericilik sadəcə icra etdiyi vəzifə funksiyalarından asılı olaraq baş verən ictimai münasibətlərə olan təhlükənin ağırlıq dərəcəsindən asılı olaraq vəzifəli şəxsi adi şəxsdən fərqləndirir. Dünyanın bütün ölkələrində hər iki hala yanaşma təxminən eynidir. Nəzərə alaq ki, rüşvət verən olmasa, rüşvət alan da olmaz. Bəzi hallarda işimizin tez bir zamanda həlli, övladlarımız, yaxınlarımız üçün əlavə imtiyazların verilməsi üçün bu yollara əl atırıq. Düşünürəm ki, korrupsiya cinayətlərinin baş verməsi üçün şəraitin yaradılmasına imkan verilməməlidir. Əvvəllər rüşvət verənlərin cinayət məsuliyyətinə cəlb edilməsi tək-tük hallarda baş verirdisə, indi bu hal çoxalıb. Korrupsiyaya Qarşı Mübarizə İdarəsi bu işə ciddi yanaşır, məsuliyyətə cəlb etməklə rüşvət alma və rüşvət vermənin qarşısını almağa çalışır. Bununla isə digər şəxsləri də belə hərəkətlərdən çəkindirməyə xidmət edir».