Budəfəki proqnozu da ondan ibarətdir ki, 2025-ci ilə qədər Rusiya parçalanacaq, ABŞ Türkiyə və Azərbaycanı özünə müttəfiq edəcək, qoşun yeridəcək. Mən Rusiyanın regional siyasətini ən sərt tənqid edənlərdən biriyəm və bu siyasətin Azərbaycan üçün konkret təhlükələrini görürəm. Ancaq gərək nə qədər münəccim olasan ki, Rusiyanın konkret tarixə qədər parçalanacağını elan edəsən. «Rusiya parçalanacaq» ifadəsini ən azı 20 ildən çoxdur eşidirəm. Çeçenistanda müharibə başlayanda və Tatarstan Moskvadan daha çox muxtariyyət tələb edən illərdə də deyirdilər ki, Rusiyanın parçalanmasına heç nə qalmayıb. «Stratfor»un başqa bir porqnozu: «Rusiya demoqrafik tənəzzülə doğru gedir». Bunu bəlkə də illər əvvəl söyləmək olardı. Ancaq son bir neçə ildə Rusiyada ilk dəfə doğulanların sayı ölənlərin sayı üstələyib.
Rusiyalı tarixçi Oleq Kuznetsov da «Stratfor»un yolu ilə gedir. Bəli, bu insan sağ olsun, Moskvada Azərbaycanın haqlı mövqeyini müdafiə edən açıqlamalar verir, Xocalı soyqırımının Dövlət Dumasında tanınması məqsədilə petisiya hazırlayır. Ancaq «Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qarabağ danışıqlarından uzaqlaşdırılıb» ifadəsini səsləndirmək üçün konkret fakta ehtiyac var. Bəli biz Lavrovun ermənipərəst mövqeyindən narazıyıq və mümkündür ki, Soçidə bu məsələni Azərbaycan dövlət başçısı rusiyalı həmkarının diqqətinə çatdırıb. Ancaq bu o demək deyil ki, bu görüşdən dərhal sonra Rusiya prezidenti Lavrovu danışıqlardan uzaqlaşdırdı. Uzaqlaşdırdısa, Qarabağla məşğul olmağı kimə tapşırdı? Uzaqlaşdırdısa niyə Soçi görüşündən sonra Kremlin atdığı bütün addımlar Azərbaycan əleyhinədir? Odur ki, məşhur sovet komediya filmində deyildiyi kimi, «elə edək ki, arzrularımız imkanlarımızla (oxu:reallıqla) üst-üstə düşsün».