Vaxt.Az
Elçibəyin dalınca deyilənlər
Əli Kərimli «Azadlıq» qəzetində partiya sədri haqda nə yazdırırdı?
3 həftəyə yaxıdır Azərbaycanda AXCP-Müsavat qarşıdurmasının növbəti mərhələsi yaşanır. Seçkidən sonra Müsavat Partiyasının Milli Şuradan çıxmaq qərarı ilə başlayan bu gərginlikdə tərəflər bir-birlərinin keçmişinin də təftişinə başlayıb. AXCP-nin Müsavata qarşı səsləndirdiyi ən böyük ittiham guya Müsavatın müxalifət birliyini pozmasıdır. Müsavat düşərgəsi isə «Azadlıq» qəzetinin səhifələrinə daşınan bu ittiham toplusunu əsassız sayır və müxalif düşərgə içərisində bölücülüyün əsasını AXC-nin «Yurd» qanadının, daha dəqiqi bugünkü AXCP-nin qoyduğunu iddia edir. «Yeni Müsavat» iddialarını sübut etmək üçün «Azadlıq» qəzetinin 2000-ci ilin iyun-avqust aylarında dərc edilən bir sıra məqalələrdən seçmələri dərc edib.
Ancaq tərəflər arasında davam edən söz savaşı Elçibəy ailəsindən gələn etirazlara səbəb olub. Mərhum prezidentin oğlu Ərturqut Əliyev atasının adının AXCP-Müsavat qarşıdurmasında hallanmasına etirazını bildirib və tərəfləri buna son qoymağa çalışıb.
Arxivlər yalnız yaddaşları təzələmir,
həm də dönüb
namərdlərin və nankorların boğazından yapışır
|
Ərturqut bəyin çağırışlarını tamamilə normal qəbul edirik. Ancaq eyni zamanda düşünürük ki, doğruların ortaya çıxması üçün yaxın keçmişdə olanların üzərini örtmək deyil, onları gündəmə gətirmək lazımdır. Kimin kim olduğunu hər kəs, o sıradan o zaman çox gənc, hətta uşaq yaşlarından olan Ərturqut bəyin də görməsi üçün.
Bu səbəbdən «Azadlıq» qəzetinin 2000-ci ildə çap edilən bir sıra yazıları diqqətinizə çatdırırıq. Həm də şərhsiz. Kimin öz oturduğu budağı kəsdiyi və getdiyi yola xəyanət etdiyi haqqında özünü nəticə çıxarasınız deyə.
***
«Gözlənilən, gözlənilməz səfər»
31 mart 2000-ci il
«Əbülfəz Elçibəy nəhayət Türkiyənin təklifini qəbul etdi. Dünən o, Türkiyədən göndərilən özəl təyyarə ilə 1993-cü ildən bəri ilk dəfə ölkəni tərk edib. Gözlənilməz səfər bu sarsıntının acısını hələ 1993-cü ildə yaşamış cəbhəçiləri şok vəziyyətinə salıb. AXCP sədrini Binə Hava Limanından müavinləri Mirmahmud Fəttayev və Fazil Qəzənfəroğlu yola salıb. Sədrin birinci müavini Əli Kərimli bu gedişdən «Turan»ın informasiyası vasitəsilə xəbər tutub. Bizimlə söhbətdə o, səfərdən xəbərsiz və gedişin onun üçün gözlənilməz olduğunu dedi. Səfərin məqsədi açıqlanmasa da bu gediş ətrafında artıq müzakirələr başlanıb».
***
«Elçibəyin gedişi»
1-3 aprel 2000-ci il.
«AXCP sədri Əbülfəz Elçibəyin Türkiyə səfəri haqqında bol-bol şərhlər verilir. Həm də bu zaman dəqiq informasiyalara deyil, daha çox subyektiv rəylərə və şayiələrə əsasən fikirlər söylənilir. Eks-prezidentin xəstələnməsinə və Türkiyəyə səfərinə az qala prezidentə olan qədər diqqət göstərilir. Hamıya bəllidir ki, Əbülfəz bəy az-çox obyektiv sayılan sorğuların nəticələrinə görə, ən yüksək reytinqi ilə fərqlənmir. Əksər hallarda nəinki başqa partiya sədrlərindən, hətta öz birinci müavinindən də geri qalır. Onun öz reytinqinə fəlsəfi baxımdan yanaşması da, yəni «reytinq nisbi şeydir, bir neçə aya dəyişmək olar» eks-prezidentin irrasional düşüncəli tərəfdarlarından və fanatlarından müəyyən qədərə fərqli mövqedə olduğunun göstəricisidir. Bundan başqa, 4 il dağ kəndində yaşayıb siyasi proseslərin sürətindən də geri qalmamaq mümkün deyil. Buna görə də Əbülfəz Elçibəyin səfərinə münasibət də daha çox onun sədr olduğu partiyaya münasibətin davamı və nəticəsi kimi qiymətləndirilə bilər»...
«Dördillik siyasi məzuniyyətdən
qayıtdıqdan sonra da
yarımştat lider olaraq qalan keçmiş prezident...»
(«Azadlıq» qəzeti)
|
... «Əbülfəz bəyin Türkiyə səfərinin artıq onun özündən, bəlkə də yaxın ətrafından qaynaqlanan ikinci mənfi tərəfi gözlənilməzlikdir. Söhbət heç də ondan getmir ki, AXCP sədri mütləq mətbuat konfransı keçirib səfərinin incəlikləri haqqında cəmiyyəti məlumatlandırmalı idi. Hərçənd səfərin və siyasi xarakteri olsaydı, belə etmək düzgün olardı. Ancaq belə demək mümkünsə, səfər müalicə məqsədi daşıyır. Sadəcə sədrin bu məsələ il bağlı iki müavini ilə - həm də partiyada və cəmiyyətdə siyasi nüfuz və təşkilati güc baxımından dördüncü, beşinci yerlərdə dayanan şəxslərlə məşvərət etməsi və partiyanın aparıcı şəxslərini belə məlumatlandırmağı lüzum görməməsi ən azı partiya etikasına ziddir. Bu, istənilən halda belədir. İstər Elçibəy tərəfindən edilsin, istərsə də başqa bir lideri tərəfindən Elçibəyin özünə qarşı edilsin – fərqi yoxdur (bəzi məlumatlara görə başqa bir partiyanın sədrinə xəbər göndərilib). Kimliyindən asılı olmayaraq, siyasi lideri proqnozlaşdırıla bilən olmalıdır. Bir qayda olaraq xəlvəti hərəkətə və hərəkətsizliyə üstünlük verən siyasətçiyə cəmiyyətin öz taleyini tapşırması ehtimalı təbii, aşağı düşür»...
...«Təbii, əsassız nikbinliyi və mənasız siyasi mübaliğələri başqa bir sözlə izah etmək çətindir. «Yeni Azərbaycan» qəzetinin də Türkiyədəki «mötəbər mənbəyə» əsaslanaraq eks-prezidentin xəstəliyi haqqında «yazdıqları», eləcə də bəzi müxalifət qəzetlərinin Heydər Əliyevin xəstəliyi haqqında qaralamaları təkcə absurd deyil, yazmağa belə xəcalət çəkdiyimiz daha iyrənc və eybəcər bir şeydir. Hökumət qəzetində eks-prezidentin sağalmaz bir xəstəliyə tutulması haqqında əsassız, uydurma bir versiyanı geniş şərh etməyə tərbiyəmiz yol vermir».
***
«AXCP sədrini pis vəziyyətdə qoyublar»
6 aprel 2000-ci il
«AXCP sədri Əbülfəz Elçibəy artıq 6 gündür Türkiyədədir. Bu müddətdə mediaya ötürülən xəbərlər onun səfərə çıxan şəxsdən daha çox yol üstə olan siyasətçi görüntüsü yaratmasına imkan verir. Nə qədər qəribə olsa da, Azərbaycan ictimaiyyətini AXCP sədrinin Türkiyə səfərinin hansı səviyyədə keçirilməsi o qədər də maraqlandırmır. Əbülfəz Elçibəyi tanıyanlar onun Bakıya qayıdışı gününün tarixinin dəqiqləşdirilməsinə ehtiyac duyurlar. Bu da sədrin sözügedən səfərinin Türkiyədən gələn təyyarəni Bina aeroportunda havaya qalxana qədər məxfi saxlanmasına dirənəklənib. Yəni cəbhəçilər öz liderlərinin xəlvəti səfərinin səbəbini Elçibəyin öz dilindən eşitmək istəyirlər»...
...«Əbülfəz Elçibəy xəstələnib ya xəstələnməyib? Deyəsən səfəri təşkil edənlərin özləri də hələ bu sualın cavabını da tam müəyyənləşdirə bilməyiblər. Bununla bağlı cəmiyyətdə meydana çıxan qeyri-müəyyənlik də məhz kimin xəstə, kimin sağlam olmasının tam aydınlaşdırılmasının səbəbinin məhsuludur. AXCP sədri Türkiyəyə yetişən kimi sağlamlığı ilə bağlı motivləri əsas gətirsə də onun Bakıda qalan siyasi məsələlər üzrə müavini sədrin səhhətində problemlər olmadığını dilə gətirməklə ilkin müəmmaların mətbuata ayaq açmasına şərait yaratdı»...
«Qonşu kəndə yas yerinə buraxılmayan Əbülfəz
Elçibəy prezident seçkilərinə qısa zaman qalmış maneəsiz olaraq Bakıya qayıda
bildi. Qəribə deyilmi? («Azadlıq» qəzeti)
|
...«AXCP sədrinin parlament seçkisi ərəfəsində Türkiyəyə səfəri AXCP-nin bir partiya kimi cəmiyyətdə nüfuzunun daha da artmasına səbəb ola bilərdi. Bu da cəbhəçilərin böyük bir hissəsinin deputat mandatı almasına şansını artırardı. Başqa tərəfdən mediada həmin səfəri Elçibəyin Kələki səfərinə bənzətməzdi. Ona görə ki, həmin səfər barədə ən azı 1- gün öncə mediaya məlumat veriləcəkdi. Bunlar artıq üstündən qara xətt çəkilmiş gerşəkləşməyəcək ehtimallardır. Elçibəyin siyasi məsələlər üzrə müavininin şəxsi maraqlara qulluq edən adi bir təklifi ilə Türkiyəyə 2000-ci il üçün səfər limitini xərclədi. Çünki AXCP sədrinin tez-tez xarici səfərlərə çıxan başqa siyasətçilərdən fərqləndirən bir cəhət onun eks-prezident olmasıdır»...
***
18 iyul 2000-ci il
«Seçki yaxınlaşdıqca siyasi personallıq da artır. Hətta aktiv siyasi fəaliyyətə günün ikinci yarısı başlayan siyasətçilər belə xüsusi temperament nümayiş etdirirlər. AXCP sədri Əbülfəz Elçibəy bu baxımdan ayrıca maraq doğuran subyektdir. Dördillik siyasi məzuniyyətdən qayıtdıqdan sonra da yarımştat lider olaraq qalan keçmiş prezidentin indi qəflətən iriçaplı xarici turnelərə çıxması inkişafın işartısıdır. Hərçənd Elçibəy öz siyasi gələcəyini böyük sual işarəsi altına itələyən elə yanlış addımlar atıb ki siyasi reanimasiyası demək olar, mümkünsüz hala gəlib. Seçki yaşına çatandan heç zaman heç kimə səs verməmiş və öz aləmində rejimə bu formada etirazını bildirməyə çalışan bəndəniz bəndəniz ilk dəfə məntəqəyə gedib Əbülfəz Elçibəyin rəqiblərini pozmuşdu. Amma Əbülfəz bəy öz seçicisinin ümidlərini doğrultmadı. Ən dəhşətlisi budur ki, öz səhvləri və bilərəkdən etdiyi gedişləri nəticəsində öz az qala siyasi müflis halına gəlmiş keçmiş prezident zərərli manerasından əl çəkmir»...
Cənab Elçibəy 1993-cü il iyunun 17-dən
18-nə keçən gecə Rusiya və İran kəşfiyyatını aldatdığını söyləyir. Ancaq necə
inanaq ki, indi bizi aldatmır?»... («Azadlıq» qəzeti)
|
...«Bütün Azərbaycanı qısa bir müddətdə özünə tabe edə bilən və dövlət çevrilişinin qarşısını alan Heydər Əliyev kiçik bir dağ kəndində 4 il uğursuz «əməliyyat» «apardı». Qonşu kəndə yas yerinə buraxılmayan Əbülfəz Elçibəy prezident seçkilərinə qısa zaman qalmış maneəsiz olaraq Bakıya qayıda bildi. Qəribə deyilmi? Elçibəy öz qəfil gəlişini belə izah edir : «Özüm istədim, gəldim. Oturdum, təyyarəyə uçdum Bakıya». Deməli 4 il ərzində gəlmək istəməyib. İstəsəydi, gələrdi. Nəsə inandırıcı görünmür. Keçmiş prezident həmişə bir sualın cavabdan yayınıb - «Bakıdan nə üçün getdiniz?» Onun verdiyi bütün cavablar əslində bu sualın cavabsız qalması üçündür. Cənab Elçibəy 1993-cü il iyunun 17-dən 18-nə keçən gecə Rusiya və İran kəşfiyyatını aldatdığını söyləyir. Ancaq necə inanaq ki, indi bizi aldatmır?»...
İndi kim-kimi aldadır?
18.01.2014 çap et