Qəbul edilə biləcək yeni sanksiyalar 2014-cü ildən bu vaxtadək Rusiyaya qarşı tətbiq edilən sanksiyalar paketindən daha miqyaslı ola bilər.
Qeyd edək ki, qanun layihəsində yer alan bəndlərdən biri sanksiyaları yumşaltmazdan və ya ləğv etməzdən əvvəl prezidentə bu cür qərarları qabaqcadan konqresmenlərlə razılaşdırmağı məcbur edir.
ABŞ Senatının sanksiyalar sənədini qəbul etməsindən çox keçməmiş Rusiya tərəfi buna reaksiya verərək, tezliklə adekvat addımlar atacağını bəyan edib. Göründüyü kimi, dünyanın iki güclü dövlətinin bir-birinə qarşı «soyuq müharibə»si davam etməkdədir. Bəs, ABŞ-la Rusiya arasında baş verənlər Cənubi Qafqaz regionuna necə təsir edəcək?
Mövzu ilə bağlı açıqlamasında politoloq Elçin Mirzəbəyli bildirdi ki, son sanksiyalarda bizim regiona təsir edəcək bir məqam xüsusi olaraq yer alıb: «Bu da Rusiyanın enerji şirkətlərinə tətbiq olunan sanksiyalarla bağlı göstəricinin aşağı həddinin qaldırılmasıdır. Belə ki, Rusiyanın enerji sektorunda olan bütün şirkətlərə ümumi sanksiya tətbiq edilirdi, onların investisiya qoyma həddi göstərilmirdi və bu da bütün şirkətlərə aid olurdu. Lakin bu dəfəki sanksiya dəyişikliyində investisiya həddi 33 faiz göstərilib. Bu da faktiki olaraq, «Şahdəniz» layihəsinə toxunulmayacağını ortaya qoyur. Əslində bu, Rusiyanın bir sıra şirkətlərinin həyata keçirdiyi layihələrə dəstək kimi qəbul olunmalıdır. Digər sahələrdəki sanksiyalara gəldikdə isə, bu artıq Rusiyanın özünə aid olacaq. Burada hər hansı formada Azərbaycana aidiyyatdan söhbət getmir. Bildiyiniz kimi, ABŞ bu addımı ilə Rusiya və İrana sanksiyalar tətbiq edir ki, Azərbaycanda hər iki dövlətin yaxın qonşusudur. Belə olduğu təqdirdə, təbii ki, bu prosesdə sərhədyanı ticarətin çəkisi artacaq. Bu baxımdan hər iki ölkənin Azərbaycana ehtiyacı olacaq. Əgər Rusiya aqressiv siyasət sərgiləyəcəksə, qənaətimə görə, bu da müəyyən qədər regiona təsir göstərə bilər. Amma prinsip etibarı ilə Rusiya və İrana tətbiq olunan sanksiyaların nəticədə Azərbaycana hər hansı təsir göstərəcəyini düşünmürəm. Lakin bu iki güc arasında baş verənlər sadə və qısa müddətli bir mübarizə deyil, xeyli davam edəcək bir savaşdır. Biz bunun kifayət qədər vaxt aparacağının şahidi olacağıq».
Politoloqun fikrincə, ABŞ-ın tətbiq etdiyi sanksiyaların Ermənistana birbaşa təsiri olacaq: «Çünki Ermənistan Rusiyanın hərbi-siyasi müttəfiqidir və həm Gömrük İttifaqının, həm də Avrasiya İqtisadi İttifaqının üzvüdür. Sanksiyalar eyni zamanda, dolayısı ilə bu qurumlara da təsir edir. Bu qurumların adı çəkiləndə, ən böyük potensialına görə Rusiya başa düşülür. Gürcüstana isə hər hansı bir təsiri olmayacaq. Çünki Gürcüstanda ciddi şəkildə Rusiya kapitalı yoxdur. Əslində bu sanksiyalar Gürcüstanın «Qazprom» və digər rus şirkətləri ilə manipulyasiyalarına son qoyacaq. Çünki bu sanksiyalar ilk növbədə «Qazprom»a tətbiq olunub. Ona görə də Gürcüstan ikili oynamaqdan yəqin ki, əl çəkəcək».
E.Mirzəbəyli əlavə etdi ki, bir müddət əvvələ qədər ABŞ-la Rusiya arasındakı istiləşməni yaxınlaşma kimi yox, tərəflər arasında sadəcə taym-aut kimi qəbul etmək lazımdır: «Rusiyaya lazım idi ki, devalvasiyadan sonrakı prosesdə müəyyən qədər rublun tənzimlənməsinə nail olsun və iqtisadi problemlərini həll eləsin. Bu dövr ərzində ABŞ da yeni strategiyasını nəzərdən keçirirdi və bu aspektdən də tərəflər taym-aut götürmüşdülər. Amma strateji maraqların tələb etdiyi sahədə hər hansı uzlaşmadan söhbət gedə bilməz. Qlobal anlamda hər iki dövlət BMT Təhlükəsizlik Şurasının üzvləridir və dünyada baş verən problemlərin həlli üçün bir masa arxasında oturmalıdırlar, razılığa gəlməlidirlər. Lakin geosiyasi maraqlar kəsişir və hər iki dövlət bu maraqlar uğrunda hər hansı güzəştə getmir».
Politoloq Arzu Nağıyev bildirdi ki, super güclərin bir-biri ilə diplomatik münasibətlərinin kəskinləşməsi dolayı yolla ətraf qonşulara da təsirsiz ötüşmür: «Yəni, son dövrlər digər sahələrlə yanaşı neft sənayesinə tətbiq edilən sanksiyalardan hiss olunurdu ki, gərginlik yaranacaq. Rusiyanın neft müqaviləsi çərçivəsində Azərbaycanda şirkətləri fəaliyyət göstərir. Lakin sanksiyalarda müəyyən olunmuş həddə həmin şirkətlər düşmədi. Söhbət təbii ki, «Lukoyl» şirkətindən gedir. Ümumi prosesləri götürəndə, hansısa dövlətlərin Azərbaycanla qarşılıqlı münasibətləri var. Əgər bu gün ABŞ Rusiyanın hərbi istehsal qurumlarına və ya digər sahələrinə sanksiyalar tətbiq edirsə, bu birbaşa həmin məhsulun qiymətinin qalxmasına və digər problemlərə gətirib çıxara bilər. Bu da sanksiyaya məruz qalmış ölkə ilə Azərbaycanın və digər dövlətlərin münasibətlərinə təsir edir».
A.Nağıyev qeyd etdi ki, Tramp ABŞ-da seçkiqabağı platformasında xaricdə hansısa problemlərin həlli ilə bağlı məsələləri ortaya qoymuşdu: «Prezident seçiləndən sonra ABŞ-ın Nümayəndələr Palatası ilə Prezident Administrasiyası arasında müəyyən gərginliklər yaşandı. ABŞ dövləti konstitusiya və müəyyən qurumlar vasitəsilə idarə olunur, burada hüquq prinsipləri əsas tutulur. Putinlə Tramp arasında keçirilən son görüşdən sonra elə bilirdilər ki, hansısa yumşalmalar ola bilər. Lakin əksinə olaraq, sanksiyalar daha da sərtləşdi. Onu demək istəyirəm ki, bu tək Trampdan asılı məsələ deyil».