Naxçıvan Ali Məclisinin sədri kadr məsələlərində çox konservativdir və muxtar respublikada xüsusən yüksək vəzifəli məmurların, xüsusən də güc strukturları rəhbərlərinin işdən azad edilməsi nadir hallarda baş verir. Bu baxımdan daxili işlər nazirinin vəzifədən azad edilməsi heç şübhəsiz ki, diqqəti cəlb etməli olan hadisədir. Hansı ki, Əhməd Əhmədovun işdən çıxarıldığı və hətta ev dustağı edildiyi haqda xəbərlər iki həftə əvvəldən yayılmışdı.
Həmin xəbərlərdə deyilirdi ki, generalın Naxçıvandakı çoxsaylı biznes obyektləri də nəzarətə götürülüb və yoxlama aparılır. Bu xəbərlər bir neçə gün dövr etdi və rəsmi olaraq təkzib olunmadı. Yalnız ötən həftə Azərbaycan Daxili İşlər Nazirliyi bildirdi ki, Əhməd Əhmədovun işdən çıxarılması və ev dustağı edilməsi haqda xəbərlər yalandır, nazir vəzifəsinin icrası ilə məşğuldur. Dünən isə məsələyə nöqtə qoyulub, Naxçıvan rəsmi KİV-ləri Vasif Talıbovun sərəncamını dərc edib.
Əhməd Əhmədov 1969-cu ildə Şərur rayonunun Tumaslı kəndində anadan olub və düz 17 ildir ki, Naxçıvanda daxili işlər naziri idi. Onun nazir təyinatı 2000-ci ilin iyununda olub. Həmin vaxta qədər Əhməd Əhmədov Naxçıvan şəhər polis idarəsində rəis müavini işləyirdi. Bu cür qəfil sıçrayışla nazir postuna gətirildiyinə görə o vaxtdan belə qənaət yaranmışdı ki, Əhmədov Vasif Talıbova ən sadiq adamlardan biridir. Ancaq son illərdə Ali Məclis sədri ilə güc strukturlarının rəhbərləri arasında münasibətlərə dair çoxlu ziddiyətli xəbərlər yayılmağa başlamışdı.
Əhmədovdan əvvəl ləğv edilmiş Naxçıvan MTN-in rəhbəri, general Vəli Ələsgərovun aqibəti hamıya məlumdur. O, Eldar Mahmudovun göstərişi ilə Naxçıvanın məsul şəxsləri, hətta deyilənlərə görə Ali Məclis sədrinin özü barədə kompromatlar yığaraq Bakıya ötürürdü. Vəli Ələsgərov öz qanunsuz əməllərinə görə Eldar Mahmudovdan heç də geri qalmırdı və Bakıda «Mahmudov bandası»nın zərərsizləşdirilməsi əməliyyatından dərhal sonra Naxçıvanda da onun başının üstünü aldılar. Vəli Ələsgərov öz şefindən fərqli olaraq tutuldu və uzunmüddətli həbs cəzası aldı.
Ancaq belə görünür ki, daxili işlər nazirinin də mövqeləri hələ bir neçə il əvvəldən laxlamağa başlamışdı. Ayrı-ayrı vaxtlarda KİV-lərə sızan məlumatlara görə Əhməd Əhmədovun Naxçvanda iş adamlarına divan tutması ona qarşı münasibəti dəyişdirib. Naxçıvan sakinlərindən alınan məlumatlara görə Əhmədov doğrudan da çox harınlayıbmış və heç kimi saymırmış. Hətta belə iddialar var ki, o, Ali Məclis sədrinə qarşı da iş aparırmış. Bu səbəbdən Əhməd Əhmədovun vəzifəsindən uzaqlaşdırılacağı haqda xəbərlər hələ 4-5 il əvvəldən yayılmağa başlamışdı.
Naxçıvan Konstitusiyasına əsasən Nazirlər Kabinetinin tərkibini formalaşdırmaq Ali Məclis sədrinin səlahiyyətindədir. Lakin konstitusion səlahiyyətlərə baxmayaraq daxili işlər naziri kimi mühüm postu tutan şəxsin işdən azad edilməsi yəqin ki, Bakıyla razılaşdırılır. Bu səbəbdən bəzi mənbələr ehtimal edirdi ki, Vasif Talıbov gözdən düşmüş daxili işlər nazirini çoxdan vəzifədən azad etmək istəyirdi, ancaq Bakıdan müvafiq razılıq ala bilmirdi.
Digər mənbələr isə Vasif Talıbovun özünün nüfuzunu nəzərə alaraq bu versiyanı o qədər də ağlabatan saymırlar, hesab edirlər ki, əgər Talıbov daxili işlər nazirini vəzifədən azad etməyi qərara almışdısa bunu Bakıyla razılaşdırmaq çətin olmazdı. Görünür Əhməd Əhmədov Naxçıvan rəhbərinin etimadını çoxdan itirməyə başlasa da son vaxtlar onun barəsində qərar verilməsinə səbəb olan hansısa hadisələr də baş verib. Məsələn, deyilənlərə görə daxili işlər nazirindən narazılıqlar son vaxtlar həddən çox artıbmış və Ali Məclis sədri ona dəfələrlə xəbərdarlıq etsə də Əhmədov iş metodunu dəyişmək istəmirmiş.
İndi Əhməd Əhmədovun sonrakı aqibətinin necə olacağını gözləmək lazımdır. Çünki Naxçıvandan gələn şaiyələrə görə onun barəsində cinayət işinin qaldırılması, biznes obyektlərinin əlindən alınması istisna deyil.