Surət Hüseynovun bu cür «üzə çıxması» siyasi dairələrdə birmənalı qarşılanmayıb. Bəzi müxalif ekspertlər iddia ediblər ki, keçmiş baş nazirin fotosunun görünməsi təsadüfi deyil, bu, Rusiyanın Azərbaycana təzyiqlərinin artdığı bir vaxtda ortaya çıxıb, yəni Rusiyaya bağlı adamlardan biri kimi Surət Hüseynov da fəallaşıb.
Sosial şəbəkələrdə Surət Hüseynovun «görünməsi» də mübahisələr və polemika doğurub. Bir çox istifadəçilər köhnə əməllərini yada salaraq S.Hüseynovun ünvanına təhqirlər yağdırıblar. Eyni zamanda keçmiş baş naziri aqressiv şəkildə müdafiə edənlər də tapılıb.
Bu cür polemikaların davam etdiyi bir vaxtda Surət Hüseynov özü də «canlı şəkildə» ortaya çıxıb və müsahibələr verməyə başlayıb, o cümlədən ölkə.az saytına danışıb. Bildirib ki, hazırda Türkiyədə və «bəzi başqa ölkələrdə» biznes fəaliyyəti ilə məşğul olur.
«Başımı aşağı salıb işimlə məşğul oluram. Prinsipim belədir ki, dəymə mənə, dəyməyim sənə. Azərbaycanda heç kimlə işim yoxdur. İşim olanda gedib-gəlirəm. Heç bir təzyiqlə də üzləşmirəm. Mənim bu hakimiyyətlə heç bir problemim yoxdur. Ümumiyyətlə, mən siyasətlə məşğul olmuram. Heç fikrim də yoxdur ki, siyasətlə məşğul olum. Mənim işim sırf biznes fəaliyyətidir», - Surət Hüseynov bildirib.
Keçmiş baş nazir deyib ki, «Facebook»da onun adına açılan səhifə ilə əlaqəsi yoxdur. Həmin səhifəni onun adınan sürücüsü, yaxud köməkçisi olmuş Sinan Kaya (Azərbaycan vətəndaşıdır) yaradıb, orada fotolarını paylaşıb.
«İnanın ki, mənim Rusiya ilə də heç bir əlaqəm olmayıb. Əgər mən Rusiyanın adamıyamsa, yalançının Allah bəlasını versin. Mənim Rusiya ilə heç bir əlaqəm yoxdur. Vaxtilə mən Rusiyadan muzdlu döyüşçülər gətirib Qarabağda döyüşdürmüşəm, torpaqları azad etmişəm. Buna görə də onlara cibimdən pul vermişəm. Vaxtilə Rusiyaya məxsus hərbi hissələrdən məndən savayı heç kim silah-sursat götürməyib. Əgər götürüblərsə, o zaman iqtidarda olan AXC-Müsavatdan bir nəfər durub adını desin! Ancaq mən bunu etmişəm, üstəlik Qarabağı azad etmək üçün rusları da girov götürmüşəm. Mən bunu məhkəməmdə də demişəm. Ancaq həmin o adamlar mənə qara yaxmaq üçün deyirlər ki, guya Sürət Hüseynov Rusiyanın adamıdır, hakimiyyət çevrilişinə hazırlaşır və sairə»-Surət Hüseynov onun «Facebook»da görünməsindən sonra başlayan polemikaya münasibət bildirərkən deyib.
Məlum olur ki, həmin Sinan Kaya Surət Hüseynovun adından Azərbaycanda bir neçə KİV-lərə dövlətə qarşı çağırışların yer aldığı müraciət də göndəribmiş. S.Hüseynov həmin müraciəti hazırlamadığını deyir.
Sitat: «Məlum oldu ki, mənim adımdan bir neçə jurnalistə məktub da göndərilib. Bütün bunlardan xəbərim olmayıb. Sonra mənə deyiləndə ki, belə hallar var, mən dərhal bunu araşdırdım. Məlum oldu ki, bütün bunları mənim adımdan Türkiyədə yaşayan və əslən azərbaycanlı olan Sinan adlı bir nəfər edib. Mən Sinanı uzun müddət tanıyıram, o mənə bəzi məsələlərdə kömək edib. Bütün bunlara görə də mən ona zəng edib acıqlandım. Dedim ki, bütün bunları nə üçün yazmısan? Sinan da əsaslandırdı ki, bəzi müxalifətdə olmuş adamlar məni təhqir etdiyi üçün onlara belə cavab yazıb. Sinan da onlara mənim adımdan yazıb ki, ay əclaflar, siz kimsiniz ki, Sürət Hüseynovu təhqir edirsiniz? Mən də ona dedim ki, bir də belə şeylər yazma, o səhifəni də bağla!»
Müsahibədə Surət Hüseynov AXC-Müsavat hakimiyyətində təmsil olunanları «satqın», «şərəfsiz» adlandırıb, torpaqları ermənilərə satmaqda ittiham edib.
P.S. Keçmiş nazir bu dəfə gerçəkdən yalan danışır. Çünki Surət Hüseynovun səhifəsini onu yaradan sürücüsü deyil, VAXT.AZ olaraq biz bağlatdırmışıq. Şikayətimizdən bir müddət sonra, «Facebook»dan səhifənin bağlanması ilə bağlı rəsmi açıqlama gəldi.