Vaxt.Az
Bu dəfə şeir davası...
««Darıxıram»la özünü nisgilli göstərənlər» atmacasına «zora qarşı zor» cavabı
Müsavat Partiyası Milli Şuradan çıxdıqdan sonra müxalifət daxilində vəziyyət daha da gərginləşib.
AXCP təmsilçisi Fuad Qəhrəmanlı 2011-ci ildə həbs edilən Müsavatın İcra Aparatının rəhbəri Arif Hacılını məhbəsdən şeir yazdığına görə ittiham edib: «Mən 23 yaşında olanda il yarım həbsdə yatmışdım. Mənim fəaliyyətim həbsxanadan mübarizlik mesajları vermək əvəzinə, «Darıxıram» şeiri yazıb özünü nisgilli göstərənlərin, çıxdıqdan sonra müxalif düşərgəni intriqa ocağına çevirənlərin işindən, əməlindən həmişə fərqlənib».
Bu ittihama Arif Hacılının qardaşı, Əhrar Partiyasının sədri Vaqif Hacıbəyli cavab verib. O, teleqraf.com-a bildirib: «...Müsavatın 12 mart mitinqi ölkədə yeni situasiya yaratmışdı. Bundan təsirlənən AXCP təşəbbüsü Müsavatın əlindən almaq üçün 29 marta öz mitinqini təyin etdi. AXCP yetkilisi Həsən Kərimov verdiyi müsahibədə «biz zora qarşı zor tətbiq edəcəyik» açıqlamasını verdi. Bu açıqlama təxribat idi. 17 aprel mitinqinin zəif təşkili ölkədə situasiyanı müxalifətin ziyanına dəyişdirdi. Fuad Qəhrəmanlı bəzi müsavatçıların davranışlarına, «Darıxıram» şeiri yazmasına, satqınlıq kimi qiymət verir. Bu cür böhtanlarla Fuad Qəhrəmanlı özünü siyasi şarlatan kimi aparır. Bu qədər cılız və xudbin olmaq olmaz».
A.Hacılının digər qardaşı, Müsavat başqanının müşaviri Mustafa Hacıbəyli isə «Yeni Müsavat»a açıqlamasında deyib ki, məhbəsdə olan insanın darıxması və bununla bağlı şeir yazması təbiidir: «Şeirin həmin dövrdə çap edilməsi də onun səmimiyyətindən irəli gəlir, yəni darıxdığını heç gizlətmir də, riyakarlıq edə bilərdi, başqa hisslərini qabarda bilərdi. Amma darıxması tamamilə təbii olduğu kimi, şeiri də səmimiyyətdən xəbər verən bir məsələdir».
O həmçinin A.Hacılını ittiham edən F.Qəhrəmanlını da cavabsız qoymayıb: «Necə oldu ki, 2 aprel məhbuslarının hamısını həbs etdilər, yalnız Fuad Qəhrəmanlını həbs etmədilər. Bunu soruşan lazımdır. Mənim eşitdiyimə görə, səbəb onun hakimiyyətlə anlaşmasıdır, o, istintaqa sərf edən ifadə verib. Həmçinin bildirib ki, «mitinqlərin keçirilməsini istəmirdik, bunun əleyhinəyik». Bu çıxışlardan, həm də müəyyən əlaqələrinin işə düşməsindən sonra barəsində həbs-qəti imkan tədbiri seçilməyib. 2 aprelə görə müxalifət liderinin şeir yazmasını bayram edən adam özünün də keçmişinə nəzər salsın».
F.Qəhrəmanlı isə «Yeni Müsavat»a bildirib ki, onun A.Hacılının şeir yazmasına münasibəti lağa qoymaq kimi dəyərləndirilməməlidir: «Burada söhbət qətiyyən lağdan getmir. Siyasi fəaliyyətinə görə həbsə düşmüsənsə, üzərində siyasi mənəvi məsuliyyət var, cəmiyyətin nəzəri sənin üzərindədir və bu həbslərin məqsədi də cəmiyyətin gözünü qorxutmaqdır. Əgər bu cəhdlər nəticə verirsə, hakimiyyət öz məqsədinə çatmış olur. Siyasi məhbus digər insanlarda mənfi əhval-ruhiyyə yaratmamalıdır, mesajları mübarizlik ruhunda olmalıdır. Siyasətçi, siyasi əqidəsinə görə həbs edilən şəxs mənəvi-siyasi öhdəlik daşıyır. Onun «Darıxıram» adlı şeir paylaşması siyasi məsuliyyətlə bir araya sığmayan yanaşmadır».
O, 2011-ci ildə eyni maddələrlə ittiham olunan digər şəxslərin həbs edilməsinə rəğmən, özünün azadlıqda qalmasına da münasibət bildirib. Məhkəmənin qərarının istənilən halda ədalətsiz hesab edən AXCP təmsilçisi deyib ki, məhkəmə siyasi sifariş yerinə yetirib: «Məkrli oyun oynanıldı, bizim üzərimizə kölgə gətirmək, sonradan bizi ittiham etmək üçün əsas olsun deyə məni həbs etmədilər. Məhkəmə mənə qarşı ədalətli davranmadı, məni həbs etməməklə mənə qarşı ən pis hərəkət etdi. Sonuncu gün hazır idim ki, məni də həbs edəcəklər. Həmçinin mənim məhkəmə çıxışım ən sərt çıxış olub, çünki həbs olunacağıma özümün də şübhələrim vardı. Nə etməli idim, gedib həbsxananın qapısını sındırıb zorla içəri girməli idim?»
Hüquqşünaslar isə bu məsələdə fərqli mövqe sərgilədilər. Müzəffər Baxış bildirib ki, eyni maddə ilə ittiham edilənlərdən A.Hacılının həbs edilib, F.Qəhrəmanlının şərti cəza alması siyasi bir məsələdir: «Niyə məhkəmə bu maddəni məqsəduyğun hesab edib, kim sifariş verib, bilə bilmərəm. Məhkəmənin onun barəsində şərti məhkumetmə tətbiq etməsi ilə bağlı heç bir qanunsuzluq yoxdur, qanun buna yol verir».
Osman Kazımov isə deyib ki, eyni maddə ilə ittiham olunan şəxslərin eyni şərtlər daxilində fərqli cəza alması ədalətsizlik və qanunsuzluqdur: «Məhkəmə nəyə əsaslanıb belə ağır cəza verir?» O həmçinin qeyd edib ki, cəzanı ağırlaşdıran və yüngülləşdirən, yəni fərqli şərtlər daxilində mühakimə olunanlar fərqli cəza ala bilərlər: «Məsələn, şəxslərdən birinin əməlində bu, mövcuddursa, yaxud cinayətdə iştirakçılıq dərəcəsindən asılı olaraq, təqsirləndirilən şəxslər müxtəlif cəza ala bilər. Qanunvericilikdə nəzərdə tutulan yüngülləşdirici hallar nəzərə alına bilər və sair».
19.01.2014 çap et