Vaxt.Az
«Mənə dərs oldu»
Mixail Qorbaçov 20 yanvar haqqında: «Çoxlu sayda bakılının həyatı yarımçıq qırıldı, bu ağırdır»
«1990-cı ilin yanvarında çoxlu sayda bakılının həyatı yarımçıq qırıldı. Bu ağırdır, çox ağırdır». Modern.az saytının məlumatına görə, bu sözləri SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov özünün yazdığı «Həyat və islahatlar» kitabındakı memuarlarında sovet ordusunun 20 yanvarda Bakıya qanlı müdaxiləsi barədə mövqeyini qeyd edərkən yazıb.«Əsas günah Qarabağdadır»
Mixail Qorbaçov kitabında 20 yanvar hadisələrinin səbəbləri barədə özünün subyektiv mülahizələrini qeyd edib. O bu qanlı qırğına bəraət qazandırmaq üçün bildirib ki, hadisələrin bu şəkildə baş verməsinin əsas günahı Dağlıq Qarabağ məsələsi ətrafında o illərdə yenidən kəskinləşən erməni-azərbaycanlı qarşıdurması olub.
«90-cı ilin yanvarından dərs götürülübmü? Şübhə edirəm: bunun sübutu erməni-azərbaycanlı müharibəsidir».
Özünün bu qanlı hadisələrdən yaxasını kənara çəkməyə can atan M.Qorbaçov sovet qoşunlarının Bakıya hərbi müdaxiləsini «fövqəladə şəraitin» məcbur etdiyini yazıb.
«1990-cı ilin yanvarında fövqəladə şərait bizi fövqəladə vəziyyətin elan edilməsinə məcbur etdi. Bu addım daha çox qan axıdılmasının qarşısını almaq üçün atıldı» - deyə eks-prezident vicdanı ağrımadan yazıb.
«Azərbaycan hakimiyyəti parçalanmışdı»
Daha sonra sovetsayağı statik arqumentlərə üz tutan M.Qorbaçov qeyd edib ki, «13 yanvarda Bakıda «xüliqan» elementlər insan itkisi ilə müşayiət olunan kütləvi iğtişaş törədiblər».
SSRİ prezidenti ardınca etiraf edir ki, 15 yanvarda Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi Bakıda vəziyyətin normallaşdırılması üçün təxirəsalınmaz tədbirlər barədə qərar qəbul edib. M.Qorbaçov memuarında iddia edir ki, Azərbaycan hakimiyyəti daxilində bölünmə və parçalanma situasiyaya nəzarət etməyə imkan verməyib.
«Mən Prezident Şurasının üzvü Primakovu və Sov.İKP Mərkəzi Komitəsi adından Aleksandr Girenkonu Bakıya göndərdim. Onlar mənə zəng vurub bildirdilər ki, Azərbaycanda vəziyyət nəzarətdən çıxıb. 18 rayonda hakimiyyət orqanlarının fəaliyyəti dayandırılıb və İranla 200 km sərhəd sökülüb».
M.Qorbaçov yazır ki, SSRİ Ali Sovetinin Rəyasət Heyətinin sərəncamı ilə 20 yanvar 1990-cı ildə Bakıda fövqəladə vəziyyət elan edilib.
«20 yanvar mənə dərs oldu»
Qorbaçov 20 yanvar qırğının məsuliyyətini dolayısı yolla olsa da, etiraf edib.
«Bu faciəli hadisədən dərs götürdüm. Hakimiyyət ekstremal situasiyada güc tətbiqindən imtina edə bilməz. Ancaq bu aksiya mütləq olaraq əsaslandırılmalı və çox sərt tədbirlərlə bağlı addım məhdudlaşdırılmalıdır. Problemin həlli yalnız siyasi yolla tapılmalıdır» - deyə Mixail Qorbaçov vurğulayıb.
19.01.2014 çap et