Məlum olub ki, bir piyadanın və bir sərnişinin ölümünə səbəb olan sürücü «Qaçqınkom» sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyev olub.
Bildirək ki, qəza zamanı Türkiyə vətəndaşı olan daha iki nəfər ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Bu hadisə bir neçə gündür mətbuatda və sosial şəbəkələrdə böyük müzakirə mövzusu olsa da, sürücünün kim olması bu gün dəqiqləşib. Məlumatı ilk olaraq virtualaz.org saytı yayıb ki, sürücü Nail Allahverdiyev olub. O, 10 PP 203 dövlət nömrə nişanlı avtomobillə qəza törədib.
Daxili İşlər Nazirliyindən verilən açıqlamada bildirilir ki, sürücü cinayət məsuliyyətinə cəlb ediləcək.
Xatırladaq ki,N.Allahverdiyev cinayət məsuliyyətinə cəlb ediləcəyi halda onun barəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılacaq.
O, bu maddə ilə 10 ilədək azadlıqdan məhrum etmə cəzasına məhkum edilə bilər.
Hüquqşünas Əsabəli Mustafayev musavat.com-a bildirib ki, Əli Həsənovun nəvəsinə 12 il iş verilə bilər. Çünki burada hadisə yerindən qaçma məsələsi də var:
«Bu hadisədə Cinayət Məcəlləsinin 263.3 və 264-cü maddələrinə uyğun olaraq cinayət işi açıla bilər. Şəxs hadisəni törətdikdən sonra yayınıb. Yəni sürücü kimi özünü təqdim etməyib. Ona görə də artıq burada 264-cü maddə də aid edilir. Gizləndiyi üçün qəsdən törədilən və ağır cinayət sayılır. Əgər məsuliyyətə cəlb olunarsa 12 ilə yaxın azadlıqdan məhrum edilə bilər».
Məsələ ilə bağlı musavat.com-a açıqlama verən vəkil Ceyhun Yusifov isə fərqli fikirdədir. O, müxbirimizə deyib ki, əvvəlcə istintaqın yekunlaşmasını gözləmək lazımdır:
«Qəzanın ehtiyatsızlıqdan və ya sürücünün səhvindən baş verdiyinin dəqiqləşməsini gözləmək lazımdır. İstintaqı qabaqlamaq olmaz. İbtidai istintaqın gəldiyi nəticədən sonra fikir bildirmək lazımdır. Əgər, məlum olduğu kimi qəzada iki nəfər ölübsə, iki nəfər də yaralanıbsa, bu hərəkət Cinayət Məcəlləsinin 263.3-cü maddəsinin təsiri altına düşür. Belə olan halda sürücünü 5 ildən 10 ilədək azadlıqdan məhrum edilmə cəzası gözləyir».