Ona görə ki, bazar iqtisadiyyatının əsas institutu mülkiyyət hüququdur. İlk növbədə daşınmaz əmlaka, torpağa! Məhz bu hüququn rəsmiləşdirilməsində xeyli problem var. Buna görə də ölkənin əsas iqtisadi problem «kupça» məsələsidir. O, mülki dövriyyəyə ciddi əngəl törədir.
Əksər hallarda torpağa mülkiyyət hüququ lazımi şəkildə rəsmiləşdirilmir. Rəsmiləşdiriləndə də ən yaxşı halda sərhədlər dəqiq müəyyən olunmur. İllərlə hesab edirsən ki, sahə sənindir, amma sonra gəlib deyirlər ki, sənin deyil.
Ölkədə fəaliyyət göstərən əksər biznes obyektlərinin sənədləri bərbad vəziyyətdədir. Niyə? Ona görə ki, sözügedən Komitə bilə-bilə belə vəziyyət yaradır ki, sahibkarlar ondan asılı vəziyyətə düşsün. Sahibkar məhkəməyə müraciət edəndə isə hakimlər də başlayır vəziyyətdən sui-istifadə etməyə: ay nə bilim, sənədin qaydasında deyil və s. və i. a.
Bu Komitənin digər əsas vəzifəsi özəlləşdirmənin təşkilidir. Niyə özəlləşmə belə ləng gedir? Ona görə ki, bu Komitəyə etibar edən azdır. Bu gün sahibkar obyekti özəlləşdirir, sabah isə Komitə müxtəlif bəhanələrlə onu geri alır.
Bir sözlə, bu Komitə ilə bağlı problem çoxdur. Onun Əsasnaməsinin ilk bəndində əsas səlahiyyətləri belə təsbit olunub: «Dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi, bu sahəyə investisiyaların cəlb olunması, daşınmaz əmlakın dövlət reyestrinin aparılması, daşınmaz əmlakın vahid dövlət kadastrının aparılması, ünvan reyestrinin aparılması, dövlət torpaq kadastrı, yer quruluşu, torpaqların dövlət idarəetməsinin təşkili, torpaqlardan istifadəyə və onların mühafizəsinə nəzarət, torpaq bazarının təşkili sahəsində dövlət siyasətini və tənzimlənməsi». Görürsünüz, necə genişdir! Amma heç baxın ki, bu Komitənin bir salamat və səmərəli qolu varmı?
Qeyd edilənləri nəzərə alaraq, ölkədə qeyri-neft sektorunun inkişafına əsas əngəl olan bu Komitənin yarıtmaz fəaliyyətini daha dərindən araşdırmaq qərarına gəlmişəm. Bu barədə hər hansı məlumatı, təklifi və s. olan varsa, buyursun! Gəlin birlikdə bu ziyanverici mikrobun ilk baxışdan çoxlarına görünməyən fəaliyyətini araşdıraq!