Vaxt.Az

Ermənilər Qaralar kəndini «qaralayıb»


 

Sakinlər: «Mülki şəxs görən kimi atəş açırlar»

Ermənilər Qaralar kəndini «qaralayıb» Xəbər verdiyimiz kimi, ötən gün Ermənistan silahlı qüvvələri Tovuz rayonunun Qaralar kəndini atəşə tutublar. Hadisə nəticəsində bir dinc sakin yaralanıb. Yaralanan şəxs 2004-cü il təvəllüdlü Yusifov Ramin Sabir oğludur. Çoxsaylı qəlpə yarası alan Ramin Yusifov dərhal təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Hazırda onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Kəndin icra nümayəndəsi Ramil Süleymanov bildirib ki, hazırda kənddə nisbi sakitlik hökm sürür. 

«Erməni hərbi birləşmələri mütəmadi olaraq mülki sakinlərə atəş açır. Bundan öncə də Qaralar kəndi bir neçə dəfə atəşə tutulub, iki evin dam örtüyünə ziyan dəyib. Rayon İcra hakimiyyətinin nümayəndələri kənddə olub, dəyən ziyanı müəyyənləşdiriblər. Evlərinə ziyan dəymiş sakinlərə yardım ediləcəyi bildirilib. Kənddə təxminən ona yaxın ev ermənilərlə üzbəüz mövqedə yerləşir. Evlərin qapısını açan kimi erməniləri görmək olur. Buna görə təmir işləri ləng gedir. Ermənilər kənddə mülki şəxs görən kimi atəş açırlar. Ona görə sakinlər küçəyə və əkin sahələrinə çıxa bilmirlər. Onlar birbaşa dinc sakinləri hədəf alırlar. Bütün bunlara baxmayaraq, heç kim öz evini tərk etmir. Əksinə, yay fəsili ilə əlaqədar sakinlərin Bakıda və müxtəlif şəhərlərdə yaşayan qohumları kəndə gəlirlər».

İcra nümayəndəsinin sözlərinə görə, evlərin, mülki sakinlərin ermənilərin hədəfinə məruz qalmaması üçün müvafiq orqanlar tərəfindən müəyyən tədbirlər görülür: «Azərbaycan ordusu ermənilərin cavabını verir».(azvision.az)

 





08.08.2017    çap et  çap et