Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Fazil Mustafa Modern.az-a açıqlamasında bildirib ki, «Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında» Qanunda xüsusi bir əlahiddə hal yoxdur.
«Ənənəvi olaraq, Milli Məclis nə zaman qanun layihəsi göndəribsə, prezident ona müəyyən müddətdə baxır. Ya həmin qanunu təsdiq edir, ya da etmir. «Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında» Qanunda nəzərdə tutulan bəzi müddəalar digər qanunlarda, Milli Məclisin Daxili Nizamnaməsində də öz əksini tapıb. Sadəcə olaraq bu qanunda deputatın müəyyən qaydalara əməl etməsi proseduru göstərilib. Bir yenilik odur ki, intizam xarakterli müəyyən məsələlərə bağlı deputat mandatından məhrum edilə bilər. Əvvəllər bu mexanizm yox idi».
F.Mustafa bildirib ki, «Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında» Qanun layihəsinin təsdiq edilməsi, deputatların fəaliyyətinə heç bir təsir göstərməyəcək.
«Bu qanun oldu-olmadı, deputat hər çıxışında məsuliyyətli davranmalıdır. Çünki ən azı 40 min seçicini təmsil edir, cəmiyyətin qarşısına çıxır. Qanunvericilik orqanının təmsilçisi kimi də normal davranmalıdır ki, Milli Məclisi hörmətsiz vəziyyətə gətirməsin. Ona görə də «Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında» Qanuna əməl etmək hər bir deputatın borcudur. Amma buna əməl etməyib daha çox qaydaları pozan, etik cəhətdən yanlış hərəkətləri ilə Milli Məclisi nüfuzdan salan deputatın mandatdan məhrum edilməsi proseduru nəzərdə tutulub. Ona görə də hər bir deputat çalışmalıdır ki, Milli Məclisə hörmətsizlik gətirəcək hərəkətlərə yol verməsin. Amma bu qanun deputatların fəaliyyətinə heç bir təsir göstərməyəcək. Biz demokratik ölkədə yaşayırıq və söz azadlığı var. Bu qanun layihəsində də qeyd edilib. Məsələn, «Prezidentin şərəf və ləyaqəti haqqında» Qanunda tənqid məsələsi istisna olaraq göstərilib ki, əgər hər hansı bir fəaliyyət tənqid olunursa, bu, cinayət məsuliyyəti yaratmır.
«Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında» Qanunda da eyni hal var. Bu qanunda tənqid məsələsinə hər hansı bir məhdudiyyət qoyulmayıb».
Deputat bildirib ki, yaxın gələcəkdə bu qanun layihəsindən irəli gələrək, bəzi deputatlar mandatından məhrum edilə bilər.
«Amma qanun qüvvəyə minməzdən əvvəl etik davranış qaydalarını pozanları buna aid etmək mümkün deyil. Əgər qanun qüvvəyə mindikdən sonra etik davranış qaydalarını pozan deputatlar olarsa, onlar mandatını itirə bilər».