Vaxt.Az

«Axı belə bir problem yoxdur»


 

Bayraq Meydanındakı söküntünün səbəbi açıqlandı

«Axı belə bir problem yoxdur» Bayraq Meydanında söküntü işlərinin aparılması, dirəyinin yerindən çıxarılması bəzi müzakirələrə səbəb olub. İddialara görə, ərazi aktiv sürüşmə zonası olduğuna, meydanda çatlar əmələ gəldiyinə görə sökülür.

Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin şöbə müdiri Nazim Məcidov Modern.az-a deyib ki, ərazidə sürüşmə proseslərinin getməsilə bağlı yayılan məlumatların heç bir əsası yoxdur: «Bir neçə gündür ki, meydanda bayraq dirəyinin texniki baxışına başlanıb. Təxminən bir aydır ki, ərazidə hazırlıq işləri görülür. Bunun üçün xüsusi kran quraşdırılıb, insanların hərəkətinin çoxluğu nəzərə alınaraq təhlükəsizlik tədbirləri görülüb. Bildiyiniz kimi, meydandakı bayrağın dirəyi texniki cəhətdən mürəkkəb qurğudur. Bu mürəkkəblik nəzərə alınaraq hər il ona bir neçə dəfə texniki baxış keçiririk. Budəfəki baxış sadə deyil, əsaslı texniki baxışdır. Bayraq dirəyinin ayrı-ayrı hissələri söküləcək, onun içərisindəki qurğular yoxlanılacaq. Prosesin davam edəcəyi müddəti demək olmur. Çünki texniki baxış zamanı nə ilə qarşılaşacağımızı bilmirik. Biz hər hansı problem olacağını gözləmirik, amma ola bilər ki, orada korroziya, başqa qüsurlar yaransın. Əgər belə hal aşkarlanarsa, bunu açıqlayacağıq və səbəbini də deyəcəyik. Hələ ki, texniki baxışa iki gündür başlanıb. İndidən nəsə demək çətindir».

Qurum rəsmisi sürüşmə ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edilmədiyini bildirib: «Axı belə bir problem yoxdur. Niyə müraciət edək nazirliyə?».

Dirəyin hündürlüyünün artırılacağına gəlincə, N.Məcidov bu barədə məlumatsız olduğunu bildirib.

 





08.08.2017    çap et  çap et