Vaxt.Az

Gürcüstanı inkişafa çıxaran Saakaşviliyə ölkəsi niyə sahib çıxmır?


 

Şahin Cəfərli: «Onun öz əsl qiymətini alması üçün nəsil dəyişikməlidir»

Gürcüstanı inkişafa çıxaran Saakaşviliyə ölkəsi niyə sahib çıxmır? Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili ətrafında qalmaqallar davam edir. Bir zamanlar Gürcüstanı demokratik inkişaf yoluna çıxarmış Saakaşvili bu gün faktiki olaraq ölkəsiz qalıb.

ABŞ-ın məşhur «The Daily Beast» qəzeti Saakaşvilinin indiki halını aşağıdakı kimi şərh edib: «Bugünkü Gürcüstan hökuməti Saakaşviliyə Putin qədər nifrət edir. 2015-ci ildə onu Gürcüstandan qovan zaman Saakaşvili ölkə vətəndaşlığından imtina etdi və Petro Poroşenkonun onu strateji və tənəzzüldə olan Odessa vilayətinin qubernatoru təyin etməsindən 1 gün əvvəl gürcü pasportu ilə vidalaşaraq Ukrayna vətəndaşlığını qəbul etdi. Donkixotluğa meylli Saakaşvili böyük islahat planları ilə öncə ukraynalı oliqarxlara, daha sonra isə prezident Poroşenkoya qarşı çıxdı. Ola bilsin ki, bu dəfə Saakaşvili kompromissə getməyəcəyini qətiləşdirmişdi. Nəticəsindən asılı olmayaraq, o məğlub oldu və müxalifətə qoşuldu. Odessa isə əvvəlki kimi rüşvətxor şəhər olaraq qaldı», - deyə qəzet yazır.

Hazırda Ukrayna vətəndaşlığından da məhrum edilmiş Saakaşvilinin Polşada olduğu bildirilir. Onu da qeyd edək ki, Gürcüstanın Baş Prokurorluğu sabiq prezident Mixail Saakaşvili ilə bağlı Polşa tərəfinə müraciət ünvanlayıb. APA-nın xəbərinə görə, müraciətə səbəb M. Saakaşvilinin Polşada olması ilə bağlı yayılmış məlumatlardır. «Baş Prokurorluq Polşanın səlahiyyətli orqanlarına müraciət edib. Prokurorluq qanunla nəzərdə tutulmuş müvafiq proseduralara başlayıb», - Baş Prokurorluqdan bildirilib.

Bəs nədən Gürcüstan onu demokratik inkişaf yoluna çıxaran bir siyasətçiyə sahib çıxmır?

Politoloq Şahin Cəfərli «Yeni Müsavat»a mövzu ilə bağlı bildirdi ki, Gürcüstan dövlətinin ölkənin sabiq prezidenti Mixail Saakaşviliyə sahib çıxmamasının səbəbi onun düşmənlərinin hələ də hakimiyyətdə olması ilə bağlıdır: «Unutmaq olmaz ki, «Gürcü Arzusu» Saakaşviliyə qarşı düşmənçilik üzərində iqtidara gələn siyasi qüvvədir. Milyarder Bidzina İvanişvilinin siyasətə qoşulmasının bir səbəbi var idi: Saakaşvilinin hakimiyyətinə son qoymaq. O, xarizmatik lideri olmayan dağınıq müxalifəti bu məqsəd ətrafında birləşdirərək onlara liderlik etmişdi. «Gürcü Arzusu» koalisiyasının ideoloji bazasını Saakaşviliyə qarşı düşmənçilik və onu hakimiyyətdən salmaq istəyi təşkil edirdi. Eyni zamanda qeyd etmək lazımdır ki, Saakaşvilinin iqtidarına son qoymaq həmin vaxt gürcü cəmiyyətinin əksər hissəsinin də arzusuna çevrilmişdi. Yəni, İvanişvilinin formalaşdırdığı koalisiya bu arzunun ifadəçisi qismində meydana çıxdı və böyük üstünlüklə seçkidə qalib gəldi. İqtidar dəyişikliyi o dövr üçün sosial sifariş idi».

Politoloqun sözlərinə görə, gürcülərin əksəriyyəti Saakaşvilini sevmirdi. Bunun sosial, siyasi və psixoloji səbəbləri var: «Əvvəla, Saakaşvili iqtidara gəldikdən sonra radikal islahatlar apardı. Hüquq-mühafizə orqanlarından - polis, prokurorluq, məhkəmə sistemindən, eləcə də dövlət aparatından on minlərlə insan çıxarıldı, onların bir çoxu həbs olundu. Ölkədə at oynadan kriminal avtoritetlər və onların çevrələri zərərsizləşdirildi. Sabiq kommunistlərin demək olar ki, hamısı işdən qovuldu. Bir sözlə, köhnə kriminal-korrupsiya düzəni darmadağın edildi. Bunun nəticəsində ölkədə iş, dolanışıq yerini itirənlərdən, həbs olunanlardan, onların ailə üzvlərindən, yaxınlarından - yəni əhalinin köhnə düzəndən faydalanan hissəsindən ibarət böyük narazılar ordusu yarandı. Təsadüfi deyil ki, Saakaşvilinin dövründə müxalifətin kifayət qədər kütləvi olan etiraz aksiyaları keçirilirdi. Tiflisdə təşkil edilmiş 7 noyabr 2007-ci il və 26 may 2011-ci il aksiyalarını xüsusi qeyd etmək olar. Hər iki aksiya kifayət qədər sərt şəkildə dağıdılmış və ölənlər, yaralananlar olmuşdu. Bu da öz növbəsində Saakaşvilidən narazılığı artıran əlavə amil idi. Başqa bir narazı təbəqə də var idi ki, onlar sadəcə olaraq, Saakaşvilinin 9 illik hakimiyyətindən bezmişdilər və dəyişiklik, yenilik istəyirdilər. Digər tərəfdən, 2008-ci ilin avqust müharibəsi, xeyli sayda əsgərin ölməsi və yaralanması, ərazi itkisi, yeni qaçqın dalğası da Saakaşvilinin nüfuzuna zərbə vuran hadisələr idi. Bütün bu amillər cəmiyyətdə narazılıq dalğasının böyüməsinə, dəyişiklik istəyinin güclənməsinə gətirib çıxardı və nəticədə Saakaşvilinin partiyası seçkidə məğlub oldu».

Ş.Cəfərli xatırladır ki, «Gürcü Arzusu» hakimiyyətə gəldikdən sonra öz vədinə uyğun olaraq keçmiş hakimiyyətin mənsublarını təqib etməyə başlayıb və Saakaşviliyə qarşı da cinayət işi açılıb: «Hazırda həmin cinayət işinin istintaqı davam edir. Yəni, hakimiyyət dəyişikliyinin baş verdiyi 2012-ci illə müqayisədə Gürcüstanda çox şey dəyişməyib. Üstəlik, Saakaşvilinin partiyası son seçkidə uduzduqdan sonra parçalanıb, onun cəmiyyətdə yüksək reytinqindən danışmaq mümkün deyil. Saakaşvilinin reabilitasiyası və keçmiş dövlət başçısı qismində ona imtiyazların verilməsi fikrinin bu gün gürcü cəmiyyətində o qədər də geniş dəstəyi yoxdur. Şübhəsiz ki, Saakaşvilinin xidmətlərini qiymətləndirənlər, ona lazımi ehtiramın göstərilməsini istəyənlər də var, amma onların rəyi hələlik ictimai fikirdə üstünlük təşkil etmir. Saakaşvilinin öz xalqı tərəfindən əsl qiymətini alması üçün yəqin ki, nəsil dəyişikliyinə ehtiyac var. Mən əminəm ki, Saakaşvilinin adı Gürcüstan tarixində müsbət işarə ilə qalacaq».

 





09.08.2017    çap et  çap et