Vaxt.Az

Sinifsiz cəmiyyət utopiyası yox olur?


 

Bu sosial təbəqələşmə nəyə gətirib çıxaracaq?

Sinifsiz cəmiyyət utopiyası yox olur? Bakı kəndlərinin birinin sakini olan iki gənc yük maşınını idarə edir və oğlanlardan biri əlini pəncərədən çıxararaq zəncirlə bir iti sürüyür. Arxadan yük maşınına yaxınlaşan avtomobildə iki xanım oturub. Onlar həm danışır, həm də bu səhnəni videoya çəkirlər.

Dolayısıyla biz hadisəyə arxadan maşında gələn iki xanımın gözü ilə baxırıq, onlar çəkir bu filmi.

Maşını saxlayıb oğlanlara doğru qaçırlar. Bu arada videoçəkiliş davam edir. Yük maşını dayanır, it əziyyətdən və istidən halsız vəziyyətdədir.

Xanımlar rus dilində danışırlar. Çox emosional şəkildə oğlanların üstünə bağırır, onları tənbeh edirlər, bəzən də təhqir edirlər.

Gənclər bir az ehtiyatlanır, amma daha çox şokdadırlar, çünki belə münasibəti gözləmirlər. Bu qınaq niyə onlara yönəlib, anlamırlar.

Bəhanələr gətirirlər, itə niyə işgəncə verdiklərini izah edirlər - uşaqlara hücum edir, deyirlər.

Halbuki itin boğazında zəncir var, yəni it bağlı olub, hücum çəkə bilməz. Qadınlar çox əsəbidir. «Vy chto jivodyorı?» tipli cavabı gəlməyəcək suallar verirlər. Çünki gənclər rusca bilmirlər.

Bizə təqdim olunan səhnənin bu hissəsində qarşı tərəf də danışa bilir. Bir az qorxaraq, çəkinərək, bir az da gördükləri işin doğru olduğuna əmin olaraq və ya olmadan.

«Uşaqlara hücum edir» arqumenti, söhbəti insaniləşdirmək və vəziyyətdən çıxmaq üçün istifadə edilən, güclü olduğu düşünülən əslində isə zəif arqumentdir.

Bu hadisənin yaratdığı mədəniyyət və sinif ziddiyyəti və münaqişəsi diqqətimi çəkdi.

İti müdafiə edən xanımların gündəmi, qayğısı, dünyaya baxışı ilə iti sürüyən gənclərin həyatdan istədikləri və gözlədikləri arasında uçurum o qədər böyükdür ki...

Fərqli prioritetlərdir. Nə onlar bunları anlaya bilər, nə də bunlar onları. Ayrı dünyalardır.

Xanımlar rusdilli, təhsilli, orta imkanlı şəhər insanlarıdır. Oğlanlar azərbaycandilli, az savadlı, kasıb və kənd uşağı. Onlar bir-birilə təsadüfən qarşılaşdılar. Bu qarşılaşmaya it vasitə oldu.

Biri üçün itə işgəncə verilmə faktı çox böyük hadisə olduğu halda, digər insanlar üçün bu heç də faciə deyil, heç bu faktdan xəbərdar da deyillər.

Digər bir qrup da var ki, onlar üçün birinci kateqoriya qeyri-səmimidir, çünki onlar itə göstərdiyi qayğı və hissləri insanlara göstərmirlər. Bu insanlar ictimai-siyasi hadisələrdə fəaldırlar və insan haqları onları narahat edir.

 

Dərinləşən sosial fərqlər

 

Sosial fərqlər gedərək dərinləşir, mövzular, gündəmlər çeşidlənir.

Artıq insanlar öz mədəni və ya sosial-iqtisadi siniflərindən kənarda həssas deyillər. Yuxarı, orta və aşağı siniflər arasındakı pərdələr onların yaşayışlarını, qayğı və həyəcanlarını, həvəslərini bir birinə görünməz edir.

Müxtəlif siniflər həm fiziki həm də mental olaraq fərqli məkanlarda yaşamağa başlayırlar.

Nəqliyyat bunun çox gözəl nümunəsidir məncə.

Ölkədə ictimai nəqliyyatdan daha çox aşağı və aşağı orta sinif istifadə edir. Üst orta və üst siniflər fərdi avtomobillərdən istifadə edirlər.

Avtomobil idarə edənlər tıxaclardan, benzinin bahalaşmasından, parkinq yerlərindən və sairə buna bənzər məsələlərdən şikayət edirlər.

İctimai nəqliyyatdakı insanlar üçün bu o qədər də böyük problem deyil. İkincilər üçün daha çox ictimai nəqliyyatın keyfiyyəti, sıxlığı, qiyməti, hərəkətin təhlükəsizliyi problemi var.

Velosiped sürmək istəyən üçün isə ümumiyyətlə bunun üçün yolun, infrastrukturun mövcud olmaması məsələsidir, daha vacib olan.

Tiflisdən iki hadisə yadıma düşdü. Birində, Tiflisin memari irsini qoruyan fəallar gedib memarlıq abidəsi olan evlərdə yaşayan insanlara deyirdilər ki, qoymayın sizin evləri uçurub yerinə təzə yüksəkmərtəbəli evlər tiksinlər.

Binalarda yaşayanlar isə deyirdilər ki, bizə memarlıq abidəsi lazım deyil: biz təmiz, təzə, rahat mənzillərdə yaşamaq istəyirik.

İkincisində, Tiflis küçələrində alver edən və gündəlik çörəyini qazanan insanları polis küçələrdən yığışdırır. Ağacların kəsilməsinə, tarixi evlərin sökülməsinə etiraz edən şəhər fəalları bu hadisəyə səssiz qalırlar.

Eyni qaydada da, Gürcüstanın qeyri-rəsmi ağası olan İvanişvilinin Tiflisdə meşəni qırıb yerində otel tikmək layihəsinə etiraz edənlərin arasında küçə ticarətçiləri yoxdur…

 

Bu sosial təbəqələşmə nəyə gətirib çıxaracaq?

 

Təxminən belə demək olar ki, sosial təbəqələşmə nəticəsində artıq bütün cəmiyyəti əvvəlki kimi birləşdirən məsələlər və mövzular çox azdır.

Bəlkə də Qarabağ məsələsi yeganə məsələdir ki, ona cəmiyyətin müxtəlif təbəqələri çox bənzər münasibət göstərir, cəmiyyətin müxtəlif qrupları, icmaları, sinifləri arasında bu məsələ ilə bağlı geniş konsensus mövcuddur.

Təbəqələşmə gedərək özünü daha çox göstərəcək məncə və bu, xüsusilə də siniflər arasında ortaq vahid siyasi ideyanın mövcud olma ehtimalını çox azaldacaq.

Ona görə siyasi məqsədi olan təşkilatlar artıq daha aydın seçim etməli olacaqlar ki, onlar kimin, yəni hansı sinfin siyasi partiyasıdır.

Beləliklə kommunizmin uzun illər qurduğu sinifsiz cəmiyyət yavaş-yavaş tarixə qovuşduğu kimi yeni formasiyada sosial fərqlər əsas həlledici məqam olacaq.

Siniflər arasında məsafələr böyüyəcək. Düzdür, arada toqquşmalar da olacaq. Yuxarıdakı it misalındakı kimi.

Bu toqquşmalar, təsadüflər vacibdir, çünki düşündürür, həm hər iki tərəfi, həm də müşahidə edəni.

Amma ümumi səhnəni dəyişməyəcək və sinifsiz cəmiyyət utopiyası, Sovet sistemi batdığı kimi yavaş-yavaş yox olacaq.

 





09.08.2017    çap et  çap et