Vaxt.Az

Zakkerberq prezident olmaq istəyir


 

Ateist milyarder amerikalıların «allahsız namizəd»ə səs vermədiklərini bildiyi üçün dini düşüncələrini yenidən dizayn edir

Zakkerberq prezident olmaq istəyir «The Guardian» yazır ki, ötən ilin son günlərinədək bir çoxları «Facebook»un yaradıcısı Mark Zakkerberqin (Mark Zuckerberg) 2020-ci ildə prezident olmaq niyyətinə bir az zarafat kimi baxırdı.

Lakin o daha sonra belə bir post yazmışdı: «Miladınız mübarək və sizlərə xoşbəxt bir Hannuka. Prisçila (Priscilla (arvadı)), Maks (Max (qızı)), Bist (Beast (iti)) və mən».

Amma bu posta şərh yazanlardan biri soruşmuşdu ki, axı onu uzun müddətdir ateist kimi tanıyırlar? Nə isə dəyişib?

Zakkerberq şərhə dərhal cavab yazmışdı: «Mən yəhudi kimi böyümüşəm və sonralar bir çox şeyləri özümdən sual etmişəm. İndi isə inanıram ki, din çox mühümdür».

Məhz bu cavabdan sonra aydın olurdu ki, texnologiyalar lideri gerçəkdən də Ağ Evin sahibi olmağı düşünür.

Çünki o Amerika siyasətinin qızıl qaydalarından birini qəbul etmişdi: Amerikalılar heç vaxt ateistin prezident olmasına səs verməzlər.

İndi isə bu postulatın həqiqiliyini yeni araşdırma da təsdiq edib. Araşdırmadan bəlli olub ki, dünya boyunca insanlar ateistlərə etibar etmirlər. Onların ümumi inamı belədir ki, «dinsizlər mənəviyyatsız hərəkətlərə daha çox meyllidirilər».

Kentuki (Kentucky) Universitetindən professor Vill Qervays (Will Gervais) bildirib ki, ABŞ-da ateistlərə, gey və müsəlmanlara daha az adam səs verməyə hazırdır.

Qervays deyib ki, adamların əksəriyyəti ateistlərə inanmır və onlara potensial baxımdan etibar etmir.

Məqalədə deyilir ki, ABŞ-ın siyasi əməliyyatçıları bu inancdan həmişə faydalanmağa çalışıblar.

Məsələn, 2016-cı ilin seçki kampaniyasında internetə sızdırılmış Demokratik Partiya email-lərindən də görünür ki, Hillari Klintonun rəqibi Berni Sandersi (Bernie Sanders) ateist kimi təqdim etməyə çalışıblar.

Siyasi texnoloqlar inanırdılar ki, allahsız kimi tanınması Sandersə Kentuki və Qərbi Virciniya kimi dindar ştatlarda kifayət qədər səs toplamaq imkanı verməyəcək.

Buna görə də hətta mənəvi keyfiyyətləri şübhə doğuran namizədlər də özlərini dindar kimi göstərməyə can atırlar.

Məqalədə deyilir ki, Ağ Evin hazırkı sahibi buna parlaq misaldır. Dindar xristianlar bütün həyatını pul və sərvətə sitayişdə keçirmiş Donald Trampı kilsəyə gedən və ibadət edən Hillari Klintondan üstün tutublar.

Buradan belə nəticə çıxır ki, amerikalılar prezidentliyə namizədin Allaha inanmasıını əsas saysalar da, bu inamın nə dərəcədə güclü və gerçək olduğu ilə o qədər də maraqlanmırlar.

 





10.08.2017    çap et  çap et