Kadırovun «Komsomolskaya Pravda» qəzetində dərc edilmiş məktubunda deyilir ki, «bu film dindarların və Rusiya xalqlarının tarixinin təhqir edilməsidir».
Kadırov daha sonra yazır: «Namusla yaşamaq üçün biz öz tariximizi unutmamalı və bizim üçün döyüşmüş insanlarla fəxr etməliyik. Biz, fatehlərin varisləri ana vətənin müdafiəçilərinin xatirəsini nəinki əziz tutmalı, həm də gənc nəsli tariximizə hörmət ruhunda yetişdirməliyik. Mən sizdən rica edirəm ki, Çeçenistan Respublikasını «Matilda» filminin prokat ərazisindən çıxarasınız».
Qonşu Dağıstan Respublikasının rəhbərliyi də avqustun 9-da Rusiya Mədəniyyət Nazirliyinə təxminən eyni məzmunlu rica ilə müraciət edib.
Çeçenistan və Dağıstan müsəlman respublikaları olsa da, yerli rəsmilər Nikolay və rəqqasə Matilda Kşesinskayanın sevgi macərasından bəhs edən bu filmin adamların heysiyyətinə toxunacağından narahatdırlar.
Bu eşq macərası 1894-cü ildə, Nikolay Almaniya şahzadəsi və gələcək imperatriça Aleksandra ilə evlənəndə başa çatıb. Daha sonra Matilda çarın qardaşı, böyük knyaz Aleksandr Vladimiroviçə ərə gedib. Xanım Kşesinskaya 1971-ci ildə vəfat edib.
Mühafizəkarlar çar və rəqqasə arasında belə bir eşqin yaşandığını, Nikolayın əsil-nəcabəti olmayan polyak qızı ilə münasibətlərinin olduğunu şübhə altına alırlar.
Bu filmi tənqid edənlərdən biri də Dövlət Dumasının deputatı və Krımın keçmiş prokuroru Natalya Poklonskayadır.
Film ekranlara oktyabrda buraxılmalıdır, lakin indidən monarxistlərin və mühafizəkar Rusiya Pravoslav Kilsəsi fəallarının qızğın etirazlarına səbəb olub. Onlar deyirlər ki, film 2000-ci ildə ailəsi ilə birlikdə müqəddəsləşdirilmiş çar Nikolayın xatirəsini ləkələyir.
Bu filmin bütöv variantını az adam görüb, lakin onun gənc şahzadə ilə yarıpolyak yeniyetmə qız arasında çılğın eşq səhnələri ilə zəngin reklam tağalağı Poklonskayanı və mühafizəkarları qəzəbləndirib.
Poklonskaya «Komsomolskaya Pravda» qəzetinə deyib ki, ölkənin başqa regionlarının başçıları da Kadırov kimi şikayət etməyə hazırlaşırlar.
Kadırovun tənqidlərinə reaksiya verən film rejissoru Aleksey Uçitel Interfax agenntliyinə deyib ki, Çeçenistan liderini filmi görməyənlərin tənqidləri yanlış nəticə çıxarmağa sövq edib. O bidlirib ki, filmin yarımçıq variantını Kadırov üçün nümayiş etdirməyə hazırdır.
Fevral ayında Dağıstan müftisi də filmin qadağanını dəstəklədiyini bidlirmişdi. Bütün bunlarla əlaqədar Uçitelin vəkili Konstantin Dobrınin Poklonskayanı filmə qarşı «müsəlman kartı» oynamaqda ittiham edib.
Bu ayın əvvəllərində Uçitel Rusiya baş prokuroruna müraciət edərək filmdən şikayətlərin anonim və ya saxta olub-olmadığının araşdırılmasını rica edib.
Uçitel bunu deyir ki, filmin reklamında pravoslavların dini hisslərini təhqir edən heç nə yoxdur.
Lakin avqustun 9-da Rusiya Kommunistləri Partiyası elan edib ki, bu filmin gizli yayılmasını təşkil edəcək.
Bu partiyanın lideri Sergey Malinkoviç deyib ki, «xalq sonuncu rus monarxı haqqında xoşagəlməz həqiqətləri bilmək haqqına malikdir».