Türkmənistan rəhbərini hava limanında baş nazirin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola salıblar.
Qurbanqulu Berdiməhəmmədov və prezident İlham Əliyev arasında geniş tərkibdə görüşdən sonra strateji tərəfdaşlıq haqqında bəyannamə də daxil olmaqla, qarşılıqlı əməkdaşlığa sənədlər imzalanıb.
Bu sənədlər, vergi orqanları, turizm, dəniz ticarət gəmiçiliyi, DİN, baytarlıq, müəlliflik hüququ və əlaqəli hüquqların qorunması, mülki müdafiə, fövqəladə halların qarşısının alınması və aradan qaldırılması, ətraf mühitin mühafizəsi, mədəniyyət və energetika sahələrinə aid olub.
Bundan başqa, Bakı və Türkmənbaşı limanları vasitəsilə beynəlxalq birbaşa dəmir yolu-bərə əlaqələrində yüklərin daşınmasının təşkili haqqında sazişə əlavə və dəyişikliklər də edilib.
Bu səfər Berdiməhəmmədovun Azərbaycana üçüncü, rəsmi isə ikinci səfəridir.
Ekspertlər bu səfərin hər iki ölkə üçün gələcəkdə müsbət töhfələr verəcəyini qeyd edirlər. Xüsusilə, görüş zamanı hər iki ölkənin rəhbərinin tərcüməçidən istifadə etməməsinin arxasında ciddi mesajların dayandığı vurğulanır.
Politoloq Elçin Mirzəbəyli «Yeni Müsavat»a açıqlamasında səfərin əhəmiyyətindən söz açdı: «Azərbaycan-Türkmənistan münasibətlərinin yeni, strateji əməkdaşlıq mərhələsinə qədəm qoyması həm ikitərəfli əlaqələrin inkişafı, həm də türk dünyasının ortaq prioritetləri baxımından olduqca mühüm əhəmiyyət kəsb edir. Bildiyiniz kimi, Xəzərin digər sahilində, su yolu ilə Azərbaycana ən yaxın məsafədə yerləşən ölkə Türkmənistandır. Hər iki ölkənin Xəzərdəki enerji infrastrukturu bir-birinə kifayət qədər yaxın məsafədə yerləşir. Bu isə hər iki ölkənin mühüm nəqliyyat və enerji dəhlizlərindəki rolunu daha da artırır. Bu baxımdan, hər iki ölkəni bir-birinə təkcə ortaq dil, tarix, mədəniyyət bağlamır. Coğrafi mövqe və ortaq maraqlar Azərbaycanla Türkmənistanı bir-birinə bağlayan çox önəmli geosiyasi faktorlardır. Digər tərəfdən, Azərbaycanla Türkmənistanın yaxınlaşması və strateji tərəfdaşa çevrilməsi Xəzərin yekun hüquqi statusunun müəyyənləşdirilməsi kontekstində də önəmlidir. Qarşılıqlı əlaqələrin inkişafı üçüncü qüvvələrin iki qardaş ölkənin münasibətlərinə müdaxilə etmək ehtimalının da qarşısını alacaq. Azərbaycanla Türkmənistanın strateji tərəfdaşlığı gələcəkdə bu ölkənin türk dünyası ilə bağlı ortaq layihələrdə daha aktiv rol oynamasına da öz təsirini göstərə bilər. İmzalanan sənədlərin spektri kifayət qədər genişdir və bu da onu göstərir ki, hər iki ölkənin lideri münasibətlərin çoxşahəli inkişafında maraqlıdırlar. Şübhəsiz ki, imzalanan bütün sənədlər önəmlidir, lakin strateji tərəfdaşlıq haqqında bəyannamə xüsusi əhəmiyyət kəsb edir. Çünki bu bəyannamə həm də hər iki dövlətin, xalqın və onların rəhbərlərinin siyasi iradəsini ifadə edir. Siyasi iradə olan yerdə isə hər şey mümkündür. Mən Türkmənistan prezidentinin Azərbaycana səfərini və hər iki dövlət başçısının Bakıda səsləndirdiyi bəyanatları regionun gələcəyinə təsir göstərə biləcək tarixi hadisə kimi dəyərləndirirəm».
Politoloq türk dövlətlərinin birliyi üçün tarixi bir şansın yarandığını da qeyd etdi: «Bakıda imzalanan strateji tərəfdaşlıq haqqında bəyannamədə dövlətlərin ərazi bütövlüyünün qorunması və sərhədlərinin toxunulmazlığı xüsusi olaraq qeyd olunub. Doğrudur, Türkmənistan neytral dövlət statusu olan ölkədir. Lakin regionda baş verən hadisələr sübuta yetirir ki, heç bir beynəlxalq status bəzi ölkələrin aqressiv imperiya ambisiyalarının qarşısını ala bilməz. Bu gün beynəlxalq hüquqa olan münasibət ortalıqdadır. Bu səbəbdən, istər neytral, istərsə də hər hansı başqa bir statusu olan dövlət öz təhlükəsizliyi barədə düşünmək məcburiyyətindədir. Azərbaycan-Türkmənistan strateji əməkdaşlığının Dağlıq Qarabağ probleminin həllinə birbaşa təsiri olmasa da hər iki ölkə arasındakı əməkdaşlığın genişlənməsi son nəticədə onların daha da güclənmələrinə, iqtisadi potensiallarının genişlənmələrinə, geosiyasi faktor kimi önəmlərinin artmasına gətirib çıxara bilər ki, bu da öz növbəsində regionda baş verən bütün proseslərə öz təsirini göstərə bilər. Ortaq dil, mədəniyyət, tarix çox önəmli faktordur, dağıdılması mümkün olmayan fundamental təməldir. Bu təməl imkan verir ki, iki ölkə arasındakı münasibətlər daha da inkişaf etsin. Hər iki ölkə prezidentinin bir-biri ilə öz ana dillərində damışmaları isə o deməkdir ki, iki qardaşın münasibətlərinin inkişafında üçüncü tərəfə yer yoxdur. Bu gün türk dövlətlərinin birliyi üçün tarixi bir şans yaranıb. Bu şansı isə doğru dəyərləndirmək lazımdır. Azərbaycan tarixən türk birliyinin ideya mərkəzi olub və indi də bu missiyanı yerinə yetirir. Azərbaycan Orta Asiyanın türk dövlətləri ilə Türkiyə arasında mühüm mədəni və siyasi bir körpüdür. Biz azərbaycanlılar tarixən bir-birindən qopmuş və ayrı-ayrı mədəniyyətlərin təsiri altında fərqli mədəni inkişaf yolu keçmiş hər iki tərəfi yaxşı başa düşürük. Bakıda verilən bütün mesajlar, o cümlədən ortaq mədəniyyət, dil və tarixin münasibətlərin inkişafında önəmli bir təməl olduğunun vurğulanması mühüm əhəmiyyət daşıyır. Ümid edirəm ki, yaxın zamanlarda biz Özbəkistanın da bu prosesdə fəal iştirakının şahidi olacağıq».