Vaxt.Az

Böyük sıçrayış baş verəcək...


 

... Özü də tezliklə

Böyük sıçrayış baş verəcək... «Azərbaycanda tezliklə aqrar sahədə böyük sıçrayış baş verəcək». Bu sözləri Milli.Az-a açıqılamasında iqtisadçı-ekspert Pərviz Heydərov Azərbaycan Prezidenti İlham Əliyevin barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsindəki fikirlərinə münasibət bildirərkən deyib.

Ekspertin sözlərinə görə, qeyri-neft sektorunun inkişafında kənd təsərrüfatı prioritet təşkil edir: «Sözügedən sahənin isə çoxlu sayda istiqamətləri var. Həmin istiqamətlər üzrə kompleks irəliləyiş əldə olunarsa, kənd təsərrüfatı qeyri-neft sektorunun inkişafına ciddi töhvə verə bilər. Lakin ölkəmizdə bu sahədə islahatlar aparılmasına baxmayaraq, heç də kompleks müsbət nəticələr və irəliləyiş əldə olunmayıb. Başqa sözlə, aqrar sektorda inkişaf birtərəfli qaydada gedib.

Elə prezident İlham Əliyevin bu yaxınlarda ölkəmizin Şimal-Qərb rayonlarına növbəti səfəri də məhz bununla, həmin regiona xas olan ənənəvi kənd təsərrüfatı sahələrinin gələcək inkişafıyla bağlı idi. Söhbət tütünçülük, baramaçılıq, fındıqçılıq kimi sahələrdən gedir. Bu bölgədə insanlar əsrlərlə bu sahələrlə məşğul olublar, istər tütünçülük, istər baramaçılıq, istərsə fındıqçılığın çox böyük və zəngin ənənələri var. Burada mövcud olan torpaq, münbit şərait, iqlim, coğrafi mühit, xaricə çıxışın asan olması tütünçülüyün, baramaçılığın, fındıqçılığın inkişafına daim təkan olub».

Amma iqtisadçının fikrincə, son vaxtlar heç də belə deyildi: «Sovet dövrünün bitməsiylə ölkəmizdə aqrar sektorda texniki bitkilərin əkilib-becərilməsi ənənəsi, demək olar ki, dayanmışdı. Ölkə başçısı demişkən, Ulu öndər Heydər Əliyev Azərbaycandan Moskvaya gedəndən sonra bu və bütün digər sahələrdə Azərbaycan tənəzzüllə qarşılaşdı. Düzdür, sonradan müstəqillik illərində kənd təsərrüfatımızın bir çox sahələrində yüksəliş oldu, amma texniki bitkilərə o qədər də diqqət göstərilmədi. Çünki investisiyalar, ilk növbədə, infrastruktura, ərzaq təhlükəsizliyi məsələlərinin həllinə yönəldildi. Ona görə də texniki bitkilərin inkişafı diqqətdən kənarda qaldı.

Ancaq məhz ölkə prezidentinin pambıqçılığın inkişafına diqqət ayırmasıyla, bütün bu sahələrin tezliklə inkişaf etdirilməli olduğu, belə demək mümkündürsə, gündəliyə salındı. Dövlət başçısının qeyd ediyi kimi, demək olar ki, bu sahələri itirirdik, pambıqçılıq məhv olmuşdu. O cümlədən, tütünçülüyə maraq tamamilə itmişdi. Baramaçılıq isə, ümumiyyətlə, tarixə çevrilmişdi. Ancaq dövlət başçısı təkcə pambıqçılığın inkişafını diqqət mərkəzinə gətirən kimi cəmi iki il ərzində dönüş yarandı, pambıq istehsalı artdı».

P.Heydərov hesab edir ki, həm fındıqçılıq, həm tütünçülük, həm də baramaçılıqda ciddi uğurlar qazanmaq mümkündür: «Fındığa gəldikdə, keçən il fındıq qeyri-neft sektoru üzrə ən böyük ixrac məhsulumuz olub. Bu ilin birinci yarımili ərzində isə 32,3 milyon dollar dəyərində fındıq ixrac edilib. Fındıq ən çox valyuta gətirən kənd təsərrüfatı məhsuludur. Odur ki, ölkənin 13 rayonu üzrə 40 min hektardan artıq ərazidə fındıq bağlarının salınması nəzərdə tutulur. 2016-2017-ci illərdə 16,3 min hektar fındıq bağları salınmışdırsa, 2017-2018-ci illərdə daha 10 min hektar salınması planlaşdırılır.

Tütünçülüklə bağlı isə müvafiq proqramın qəbul olunacağı gözlənilir. Bunu dövlət başçısı da Qaxda keçirdiyi müşavirədə dedi. Hesab edirəm ki, belə bir proqrama, həqiqətən, ehtiyac var.

Azərbaycanda baramaçılıq üçün çox geniş imkanlar mövcuddur. Fermerlər, kəndlilər baramaçılığa çox böyük maraq göstərirlər. Dövlət hər şeyi öz üzərinə götürüb, bütün lazımi materialları verir, tinglərlə təmin edir, bütün sahələr üzrə subsidiyalar verirsə, tezliklə ölkəmizdə aqrar sahədə böyük sıçrayış baş verəcək».

 





10.08.2017    çap et  çap et