«Qorxurduq ki, məhkəmə iddianı qəbul etməz. Son on illər ərzində Rusiya dövlət qurumları bu iş üzr informasiya verməməkdən ötrü müxtəlif bəhanələr uydurublar», - Uellenberqin qardaşı qızı Mariya Dupuyun (Marie Dupuy) vəkili İvan Pavlov avqustun 10-da deyib.
R.Uellenberq İkinci Dünya müharibəsi zamanı minlərlə macarıstanlı yəhudini qətldən xilas edib. Onu sovet əsgərləri 1945-ci ildə ələ keçirib və daha sonra həbsxanada ölüb.
Rusiya ancaq onu bildirib ki, Uellenberq 1947-ci ildə Lubyanka həbsxanasında vəfat edib. Həmin həbsxana FSB-nin sələfi sayılan KQB-nin nəzarətində idi. Ölümün ayrıntıları bəlli deyil.
Sovet İttifaqı, daha sonra isə Rusiya 35 yaşlı isveçlinin infarktdan öldüyünü bildirib. Uellenberqin ailəsi, İsveç rəsmiləri və digərləri bu versiyanı şübhə altına alıblar.
M.Dupuy iyulun 26-da Rusiyanın «Team 29» hüquq assosiasiyasından iddianı qaldırmağı xahiş edib, çünki «özümün, tarixçilərin, İsveç rəsmilərinin uzun illər Rusiya hakimiyyətinə saysız açıq və məxfi xahişləri nəticəsiz qalıb».
Onun iddiasına görə, Rusiya arxivlərində Uellenberqin taleyinə birbaşa aidiyyəti olan sənədlər var, ancaq ailəsinə və müstəqil ekspertlərə həmin sənədləri tədqiq etməyə imkan verilmir.
«Gələn cümə axşamı – avqustun 17-də indiyədək məsələyə şərh verməmiş FSB-nin mövqeyini aydınlaşdıracağıq və məhkəmədə nəylə üzləşəcəyimizi biləcəyik», - İ.Pavlov deyib.