Vaxt.Az

«Sahibi olmayan» malikanələr niyə boş qalıb?


 

Villa tikdirən şəxslərin əksəriyyəti çirkli pulları gizlətmək üçün kənar şəxslərin adına qedyiyyata saldırırlar

«Sahibi olmayan» malikanələr niyə boş qalıb? Paytaxtın bir çox yerlərində, xüsusilə Badamdarda, Əhmədli, Bakıxanov qəsəbələrində yaşayış olmayan onlarla villa var. Ekspertlərə görə, elə villalar var ki, sahibləri həbs edildikdən sonra baxımsız qalıb. Elə villalar da var ki, sahibi iflas edib, tikintinin davamı üçün imkanı olmayıb. Bu villaların sahibləri dövlətə vergi də ödəmir.

Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı bildirir ki, belə villalar Bakının hər yerində var. Və bu villalar sahibsiz deyil. Sadəcə bəzi villaların sahibləri onları yaddan çıxarıb: «Bəziləri mülkiyyətçinin maddi resursları çox olanda tikintiyə başlayıb, tikinti aparıb. Sonradan hansısa formada iflasa uğrayıb, imkanları zəifləyib, tikinti yarımçıq qalıb. Bu gün həmin sahibkar nə onu normal qiymətə sata bilir, nə də tikintisini davam etdirə bilir. Tikintisi başa çatmış, amma istifadə edilməyən tikililər də çoxdur».

Ekspert bildirir ki, son illər belə villaların satış təklifi artıb: «Məsələn, elektrik-qaz qiymətləri artırıldı, müxtəlif qərarlar qəbul edildi. Belə olan vəziyyətdə 5 villası olan şəxslər onlardan 3-nü saxlamaqdan imtina etməyə başladı. Çünki belə villaların saxlanma xərcləri artıb. Belə formada olan, satışa çıxarılan, amma uzun müddət realizə olunmayan, satıla bilməyən tikililər çoxdur. Bu gün bu tikililərin reyestrini aparsaq, onları saysaq, kifayət qədər çox olduğunu görərik». 

R. Osmanlı bildirir ki, bu mülklər tərk edilməyib, bu mümkün də deyil: «Bəzən olur ki, imkanlı bir adam imkansız birinin adına ev tikdirir. İndi həmin sahibkar həbs edilib, mülk də qalıb baxımsız. Heç o kasıbın xəbəri də yoxdur ki, adına mülk var. Yəni belə hallar çoxdur».

Tikinti eksperti Elnur Fərzəliyevin sözlərinə görə, ticari yolla qazanan insanlar villa tikdirərək gözə çarpmaq istəmirlər. Villa tikdirən şəxslərin əksəriyyəti qara pulları gizlətmək üçün başqa-başqa şəxslərin adına tikdirirlər: «Qara pulları evdə saxlamaq olmur, banka qoymaq olmur. Ən yaxşı yatırım əmlakdır. Əvvəllər villaların alıcısı da çox idi. Qanuni yolla pul qazanmayanlar ya belə villaları tikdirib və daha sonra satıb qazanc əldə edir, ya da tikdirib yatırım kimi saxlayırdı».

E. Fərzəliyev qeyd edir ki, villaların əksəriyyəti eyni adamlara məxsusdur. Bunu evlərin dizaynına fikir verəndə də görmək olar. Ekspert bildirir ki, villa sahibləri dövlətə heç bir vergi ödəmir: «Əgər ərazi bələdiyyənin balansındadırsa, cüzi vergi verilir. Bələdiyyə balansında deyilsə, heç nə ödəmirlər. Bakı 11 əraziyə bölünüb və vergini villa satılan zaman əraziyə görə, kvadratmetri üçün ödəyirlər. Villalarda yaşayış olmadığı təqdirdə sahibkarlar kommunal xidmətlərə pul da ödəmirlər».

Müsahibimiz bildirir ki, Batamdar ərazisində onlarla yaşayış olmayan villa var: «Axşam saatlarında Batamdara gəlsəniz görərsiniz ki, 70 faiz villalarda işıq yanmır. Bu da o deməkdir ki, ərazidə yaşayış yoxdur. Qeyd etdiyim ərazidə yaşayış kiçik evlərdədir. Böyük evlər ölü kapital kimi qalıb».

Müsahibimiz bildirir ki, 4 ildən çoxdur ki, villa alışına heç kim sərmayə qoymur. Hamı kiçik mənzillərə, bina evlərinə üstünlük verir: «Daha çox xaricdə yaşayan həmyerlilərimiz bina evlərinə sərmayə qoyur. Dollar bahalaşdıqdan sonra onlara Azərbaycanda ev almaq daha çox sərf edir. Ev alanların əksəriyyəti şəhərdən kənar evlərə üstünlük verirlər. Villaların alıcısı isə yoxdur».

 





11.08.2017    çap et  çap et