Vaxt.Az

«Bizim rayondan deyilsən»


 

Yevlaxda xəstəxana ağır xəstəni qəbul etmədi

«Bizim rayondan deyilsən» Şəkidən Yevlaxa qonaq gedən vətəndaşın vəziyyəti qəfildən pisləşib. Onu xəstəxanaya aparsalar da Yevlax rayon Ailə Sağlamlığı Mərkəzində xəstəni qəbul etməyiblər. Səbəb kimi isə onun başqa rayonda qeydiyyatda olmasını göstəriblər. Ağır vəziyyətdə olan xəstəni başqa rayona aparılmasını məsləhət görüblər.

Xəstənin yaxınları bu barədə «XəzərXəbər»ə müraciət edib. Onlar hətta baş verən bu hadisənin videosunda göndəriblər.

Yaxınlarının iddiasına görə, hadisə ötən gün axşam saatlarında Yevlax rayonunda baş verib. 22 yaşlı Şəki sakini Əmrah Əşirli dayısı evinə qonaq gəlib. Bir müddət sonra gənc oğlanın böyrəyindən kəskin sancı tutub. Qohumları onu dərhal Yevlax rayon Mərkəzi Xəstəxanasına aparıblar. Kadrlardan da göründüyü kimi, xəstə ağrı içində qıvrılır. Əlacsız qalan qohumları isə xəstəxananın qarşısında vurnuxurlar.

Çəkilişi edən xəstənin yaxını içəri daxil olduqda isə xəstəxananın əməkdaşları gizlənməyə cəhd edirlər.

Qohumları həkimin ilkin yardımından sonra başqa xəstəxanaya aparacaqlarını desələr də, bir həkim belə xəstəyə yaxın durmayıb.

Xəstəxanadan bildiriblər ki, Əmrah Əşirlini Mingəçevir şəhər xəstəxanasına aparsınlar. Xəstənin dayısı xəstəxanadan təcili yardım maşını istəsə də, onlar buna da məhəl qoymayıblar.

Bu səbəbdən kəskin ağrılar içində olan Əmrah Əşirlini qohumları Ağdamın Quzanlı xəstəxanasına aparıblar. Orda ilkin yardım edilib, hazırda vəziyyəti normaldır.

Xəstə yaxınlarının dediklərinə inansaq, Yevlax Mərkəzi Xəstəxanasının münasibətindən belə çıxır ki, hər kəs yalnız qeydiyyatda olduğu rayonda xəstələnməlidir. Xəstəxanadan isə yalnız bu məlumatı veriblər ki, xəstəxana Səhiyyə Nazirliyinin deyil, İcbari Tibbi Sığorta Agentliyin tabeliyindədir. Adı çəkilən qurumdan «Xəzər Xəbər»ə bildiriblər ki, məsələ ilə bağlı yalnız bazar ertəsi açıqlama verə bilərlər. Halbuki elə bu gün də iş günü idi.

 





11.08.2017    çap et  çap et