O bir yerli mətbuat orqanına verdiyi müsahibədə bildirib ki, Türk Bölgələri Fraksiyası olduğu kimi yerindədir, onun ləğv edildiyini elan etmək qanunsuzdur.
R.Həzrətpur həmçinin əlavə edib ki, ««Türk» sözü heç də həssaslıq yaratmır. Türk Bölgələri Fraksiyası parlamentin İdarə Heyəti və səlahiyyətli orqanların rəsmi icazəsi ilə işə başlayıb, onun fəaliyyətinin davamı üçün heç bir qanuni qadağa yoxdur».
Təbriz, Azərşəhr və Üskünün millət vəkili Ş.Bimiqdar iki gün öncə bildirmişdir ki, İran Parlamentində təsis edilmiş Türk Bölgələri Fraksiyası «türk sözünün yaratdığı həssaslıqlar» səbəbilə buraxılıb, onun canlandırılması istiqamətində ölkənin şimal-qərb əyalətlərinin millət vəkillərindən ibarət fraksiya yaradılacaq.
Millət vəkili əlavə etmişdir ki, artıq «Şimal-Qərb Əyalətləri Fraksiyası»nın təsisi istiqamətində fəaliyyətlər başlayıb, gələn bazar günü fraksiyanın idarə heyətinin üzvləri seçiləcək.
«Bilmirəm, «türkdillilər» sözü parlamentdə necə həssaslıq yaradırsa, türkdilli fraksiyanın təşkilinə qarşı çıxırlar. Şimal-qərb əyalətlərinin millət vəklilləri isə hər zaman birlik tərəfdarı olduqları üçün fraksiya məsələsində ixtilaf yaratmaq istəmirlər», - deyə Ş.Bimiqdar bildirmişdir.