Vaxt.Az

«Edəcəklərimizi görəcəksiz»


 

AKP-dən daha 50 nəfər üz çevirdi; Türk lirəsi qara qəpiyə döndü

«Edəcəklərimizi görəcəksiz» Türkiyə prezidenti Abdullah Gül Ankarada rəsmi səfərdə olan Gürcüstan prezidenti Georgi Marqvelaşvili ilə keçirdiyi birgə mətbuat konfransında jurnalistlərin 17 dekabr Böyük Rüşvət əməliyyatı ilə bağlı suallarını da cavablandırıb. Prezident deyib ki, Hakimlər və Prokurorlar Yüksək Qurumu (HPYQ) ilə bağlı qanunvericiliyə dəyişikliklərdən sonra qəti qərarlar veriləcək. Prezident bu haqda fikirlərini «qanun çıxsın, nələr edəcəyimizi görəcəksiniz» sözləri ilə tamamlayıb.
Qeyd edək ki,  Hakimlər və Prokurorlar Yüksək Qurumu ilə bağlı düzəlişlər artıq Türkiyə Böyük Millət Məclisinin uyğun komissiyasına təqdim edilir. Düzəlişlər Türkiyə hüquq sisteminə hakimiyyətin müdaxilələrinin qarşısını almaq məqsədi daşıyır. Yada salaq ki, hakim AKP düzəlişlərə qarşıdır. Təklif olunan layihə   parlament komissiyasında müzakirəyə çıxarılan zaman AKP-li millət vəkillər qovğa çıxarmış, HPYQ-nun rəhbəri də daxil olmaqla bir neçə nəfər fiziki təzyiqlərlə üzləşmişdi.
Hakim AKP-dən qopmalar ötən gün də davam edib. Öncə partiyanın Adana bələdiyyə başqanlığına namizədi Ziyaəddin Yağıçı istefa ərizəsini partiyanın yerli bölməsinə təqdim edib. Onun ardınca AKP-nin Adana təşkilatından daha 50 AKP-li istefaya getdiklərini bildiriblər.
Yerli media 30 mart bələdiyyə seçkilərinə qədər AKP-nin daha bir neçə namizədinin istefaya gedəcəyi haqqında xəbərlər yayıb. Xəbərlərdə bildirilir ki, yaranacaq fors-major durumun qarşısını almaq üçün AKP ehtiyat namizədlər siyahısı müəyyən etməyə başlayıb. Bu məqsədlə AKP sədri baş nazir Rəcəb Tayyib Ərdoğan yanvarın 20-da partiyanın yerli təşkilatlarının sədrləri ilə toplantı keçirib. Artıq bir neçə önəmli bələdiyyələr üzrə ehtiyat namizədlərin müəyyən olunduğu bildirilir.
Yanvarın 21-də baş nazir Ərdoğanı son dərəcə gərgin keçəcəyi proqnozlaşdırılan səfər gözləyir. Türkiyə baş naziri 2 illik fasilədən sonra Brüsseldə Avropa Birliyinin toplantısına qatılacaq. 17 dekabr Böyük Rüşvət əməliyyatında Türkiyənin Avropa Birliyi Naziri Egemen Bağışın öz postunu itirməsi Ərdoğana heç də xoş olmayan anlar yaşada bilər. Ekspertlərin açıqlamalarına görə, Avropa Birliyi baş naziri korrupsiya və rüşvət əməliyyatlarına görə sual yağışına tutacaq.
Türkiyənin siyasi həyatı kimi iqtisadi gündəmi də 17 dekabr zəlzələsinin təsiri ilə ciddi çöküş yaşamaqdadır. Yanvarın 20-də Türkiyə tarixində ilk dəfə 1 dollar 2, 27 lirəyə satılaraq ölkə iqtisadiyyatında bir aydır yaşanan böhranı bir qədər də dərinləşdirib. Baş verənlər göstərir ki, Türkiyə Mərkəzi Bankının duruma müdaxiləsi heç bir nəticə vermir və ölkə hər keçən gün milyardlarla dollar vəsait itirir. 
Dolların, eləcə də Avronun hər gün rekord yeniləməsi artıq yerli maliyyə sektorunda geriyə dönülməsi mümkün olmayan problemlər yaradıb. Yanvarın 20-də bir neçə şirkət iflas etdiyini rəsmən açıqlayıb. Yaxın gələcəkdə iflas dalğasının Türkiyənin qida, geyim və sənaye və digər sektorlarında fəaliyyət göstərən ünlü şirkətlərə qədər gedib çıxacağı gözlənilir. 
Bu arada Böyük Rüşvət əməliyyatında həbs edilənlərin istintaqı davam edir. İstanbul Baş Prokurorluğundan Türkiyə xəbər kanallarına ötürülən bilgiyə görə, artıq eks-nazirlərin övladları, onların rüşvət zəncirinin haraya qədər uzanması ilə bağlı ciddi faktlar ortaya çıxarılıb. Ehtimal edilir ki, yaxın günlərdə AKP hökumətinin keçmiş və indiki nazirlərindən daha bir neçəsinin və onların yaxınlarının 17 dekabr rüşvət əməliyyatına bağlılıqları haqqında xəbərlər gündəmə gələcək.
Korrupsiya və rüşvət ittihamlarının əsas ismi Rza Zərrabın da durumunda dəyişikliklər olması haqqında xəbərlər yayılmaqdadır. Ancaq bu durum onu qarşı sürülən ittihamların əsassızlığı ilə deyil, ailəsində yaranan gərgin durum ilə bağlıdır. Hurriyet.com-un yazdığı bilgiyə görə, həyat yoldaşı sənətçi Ebru Gündeş artıq Rza Zərrabı ziyarət etmir. Ebri Gündəşin Metris həbsxanasına yolunun kəsilmə səbəbi kimi isə Rza Zərrabın bir neçə gün öncə yayılan telefon danışıqları göstərilir. Yada salaq ki, həmin danışıqlar Rza Zərrab köməkçilərinə İstanbulda qonağı olacaq Dubay polis rəislərinə «xidmət edəcək» qadınlar tapmağı tapşırır, ərəb əsilli qadını isə özü üçün saxlamaq göstərişi verir. Bu olayın Ebru ilə Rza arasında ciddi gərilmə yaratması və Ebrunun 17 dekabrdan sonra ikinci ciddi əsəb krizi yaşamasına səbəb olduğu iddia edilir.
 





20.01.2014    çap et  çap et