Vaxt.Az

Danışıq xətrinə danışıq işğalı legitimləşdirməkdir!


 

Azərbaycan təcavüzkarın özünü rahat hiss etməsinə yardımçı olacaq heç bir sülh imitasiyalarında iştirak etməyəcək; hərbi ekspert: «Ermənistan təxribatları artırdıqca işğalın ömrü azalır...»

Danışıq xətrinə danışıq işğalı legitimləşdirməkdir! Cəbhə xəttində erməni təxribatları davam edir. Təbii ki, hər dəfə də düşmən layiqli cavabını alır, həm də vaxtaşırı canlı itki verməklə. Bu təxribatların ötən ilin aprelindəki kimi Azərbaycan Ordusunun daha sərt və genişmiqyaslı hərbi əməliyyata əl atmasına gətirməsi də istisna deyil.

Bir çox analitiklərə görə, vəziyyətin indiki şəkildə qalması, yəni status-kvonun davam eləməsi mümkünsüzdür və gec-tez münaqişə tərəfləri arasında böyük toqquşma qaçılmaz olacaq. Hər halda Ermənistanın Dağlıq Qarabağ məsələsində pozucu, təxribatçı mövqeyinin qalması, sülh danışıqlarını bütünlüklə sabotaj eləməsi bu ehtimalı heç vaxt olmadığı qədər gücləndirib.

Gerçək belədir ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ara-sıra reallaşan, lakin nəticəsiz bitən görüşləri də müharibə riskini azalda bilməyib. Çünki deyildiyi kimi, işğalçı tərəf öz havadarlarına arxayın olaraq, maksimalist və radikal mövqe sərgiləməkdə davam edir.


***


Bu arada tanınmış qazax yazıçısı və ictimai xadimi Oljas Süleymenov Belçikanın Lyej şəhərində YUNESKO-nun təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransda çıxışı zamanı Azərbaycan və Ermənistan ziyalılarını Qarabağ münaqişəsinin həlli yollarını tapmaq üçün görüşməyə çağırıb. Xəbər verildiyi kimi, yazıçı MDB məkanındakı münaqişələrin nizamlanması üçün Qazaxıstanda konfrans keçirilməsini də təklif edib.

«Mən bu tribundan Bakıdakı və İrəvandakı, habelə Kiyevdəki və Moskvadakı həmkarlarıma bu xahiş və tələblə səslənirəm - görüşmək lazımdır», - deyə Oljas Süleymenov bildirib. Onun sözlərinə görə, hazırda ümumdünya fəlakəti bir addımlıqdadır və istənilən lokal münaqişə dünya müharibəsi mexanizmini hərəkətə keçirən tətik rolunu oynaya bilər. «Bu müharibə »homo sapiens" növünün nəslinin kəsilməsinə gətirib çıxarar. MDB məkanındakı münaqişələrin nizamlanmasının yolu danışıqlardan, müzakirələrdən keçir. Qazaxıstanın bu məqsədlə konfrans təşkil etməyə hazırdır", - Süleymenov əlavə edib.


***


Əlbəttə ki, tanınmış ictimai xadimlərdən belə humanist çağırışlar səslənməsi yaxşıdır. Hətta lazımdır da. Amma gərək etiraf edək ki, bu, illərdir sərsəm «miatsum» ideyası ilə yaşayan, «kompromis» deyərkən yalnız Dağlıq Qarabağın «müstəqilliyi» qarşılığında cəmi 5 rayonun işğaldan azad edilməsini mümkün sayan (bunu da Azərbaycana ən böyük güzəşt hesab edən!), qısası, öz halal torpaqlarımızı öz halal torpaqlarımıza dəyişməyi nəzərdə tutan Ermənistanı ağla gətirmək üçün yetərli deyil.

Fakt budur ki, Dağlıq Qarabağ məsələsində dinc yolla həll nail olmaq üçün sülh danışıqlarının, demək olar, önəmi qalmayıb - o ki ola ziyalıların görüşü hansısa müsbət nəticəyə gətirə. Əfsus ki, problem artıq ziyalıların çözə biləcəyi müstəvidə deyil. Belə görünür, hətta indi siyasətçilərin imkanları çərçivəsindən də çıxmaqdadadır.

Dinc yola gəlincə, bu yol yalnız təcavüzkara beynəlxalq güclər səviyyəsində sanksiyaların tətbiq ediləcəyi, ciddi təzyiqlər göstəriləcəyi təqdirdə mümkündür. Əks halda, müharibə qaçılmazdır. Yəni boş yerə nəticəsiz danışıqlara vaxt itirməyə dəyməz. Belə danışıqlar yalnız İrəvanın maraqlarına xidmət edir. Ona görə ki, işğal rejiminin uzanmasına nədən olur. Bakı təbii ki, mövcud durumun fərqindədir və status-kvonun süni şəkildə davam etməsinə, işğalçının özünü arxayın hiss etməsinə qarşıdır.


***


«Azərbaycanın prezidenti, Ali Baş Komandanı imitasiya xarakterli danışıqlara getməyəcəyini konkret olaraq bəyan edib». Bu barədə axar.az-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov danışıb. Onun sözlərinə görə, Ermənistan cəbhəyanı bölgələri və dinc sakinləri atəşə tutmaqla Azərbaycanı adekvat addımlar atmağa təhrik etməyə çalışır ki, bu da İrəvanın çıxış yolunun tükəndiyindən xəbər verir.

«Qarabağ uğrunda müharibə davam edir, sadəcə olaraq, hələ təmas xəttində aktiv irimiqyaslı əməliyyatlar başlamayıb. Azərbaycan əsgəri öz yaşayış məntəqələrinin təhlükəsizliyini təmin etməklə bağlı hər ən böyük əmri yerinə yetirməyə hazırdır», - deyə o qeyd edib.

Ekspert bildirib ki, cəbhə xəttində ermənilərin son təxribatları müəyyən səbəblərdən qaynaqlanır: «Ermənistan hakimiyyəti ölkədə siyasi gərginlik olan kimi cəmiyyətin fikrini yayındırmaq üçün məhz bu cür təxribatlara əl atır. İkinci məsələ odur ki, Ermənistan danışıqlar ərəfəsində, beynəlxalq qurumların Qarabağla bağlı konkret təklifləri qarşısında aciz qalan zaman dərhal Qarabağda gərginlik yaradır».

Polkovnik Azərbaycan prezidenti İlham Əliyevin imitasiya xarakterli danışıqlardan çoxdan imtina etdiyini də xatırladıb: «Bu isə münaqişənin hərb yolu ilə həllinin yaxınlaşması deməkdir. Ermənistan təxribatları artırdıqca Qarabağın işğalının ömrü də azalır. Aprel hadisələri ermənilərə yaşayış məntəqələrini atəşə tutan zaman hansı nəticələrlə üzləşəcəklərini göstərib. Azərbaycanın imkanları böyükdür və tezliklə onlar işə salınacaq».


***


Yada salaq ki, ATƏT-in Minsk Qrupu həmsədrləri bu ilin sentyabrında Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünü təşkil etməyə çalışırlar. Prezident İlham Əliyev və Serj Sərksiyan arasında sonuncu təmas ötən ilin iyununda - Sankt-Peterburq şəhərində, Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə baş tutmuşdu. Ancaq daha bir görüş nəyi dəyişəcək ki?

«Mən ümid edirəm ki, prezidentlərin növbəti görüşü zamanı tərəflər həmrəylik nümayiş etdirəcək və hətta tam nizamlanma əldə olunmasa da, müəyyən addımların atıldığını elan edəcəklər». Bunu Minsk Qrupunun amerikalı həmsədri Riçard Hoqland «Azadlıq» radiosunun Azərbaycan və Ermənistan xidmətlərinə müsahibəsi zamanı deyib.

Diplomat bildirib ki, münaqişənin həlli ilə bağlı çərçivə sazişi, onunla əlaqəli addımlar və mərhələlər mövcuddur: «Nizamlanmanın əsasında isə regionun əhalisinə sülh, təhlükəsizlik və rifah gətirəcək, vəziyyəti demilitarizasiya edəcək kompromisin axtarılması dayanır».

Səfir Rusiya-ABŞ münasibətlərinin danışıqlar prosesinə təsiri məsələsinə də toxunub: «İki ölkə arasında yaranmış gərginliyə baxmayaraq, ABŞ Rusiya ilə bu məsələdə işləməyə davam edir. Bizim işimizdə bir-birimizlə münasibətdə heç nə dəyişməyib. Siyasətçilər öz aralarında toqquşa bilərlər, lakin işimizi davam etdirmək niyyətindəyik».

Ancaq əfsuslar olsun ki, həmsədrlik institutunun 23 ildir davam edən «işi» Dağlıq Qarabağ məsələsində hələ də simvolik irəliləyişə belə gətirməyib. On illər boyu nəticəsiz olan bir işi davam etdirməyə dəyərmi?

 





12.08.2017    çap et  çap et