«Reuters» xəbər verir ki, Məsud Şocayi və Ehsan Hacısəfi Avropa Liqasının seçmə turnirində «Panionios» klubunun tərkibində İsrailin «Maccabi» klubuna qarşı matçda iştirak ediblər.
İran Futbol Federasiyası onların bu matçda iştirakını qətiyyətlə pisləsə də, tanınmış futbolçular və azarkeşlər Məsud Şocayi və Ehsan Hacısəfiyə sosial mediada dəstək veriblər.
FIFA-nın nizamnaməsi onun milli üzvlərində futbola siyasi müdaxiləni qadağan edir və bu qaydanı pozan ölkənin milli komandası beynəlxalq yarışlardan çıxarıla bilər.
FIFA-nın sözçüsü «Reuters» agentliyinə deyib ki, hazırda bu insident öyrənilir və İran Futbol Federasiyasından izahat istənib.
Əgər İran Futbol Federasiyasına sanksiya qoyularsa, bu o deməkdir ki, milli yığma 2018-ci ilin Dünya Çempionatında iştirakdan məhrum edilə bilər.
Bu halda İranın futbol klublarına da beynəlxalq yarışlara qatılmaq qadağan olunacaq.
Yarıımmüdafiəçilər Şocayi və Hacısəfinin komandadan çıxarılması barədə məlumatı dövlət televiziyasında İran idman nazirinin müavini Məhəmməd Rza Davarzani elan edib.
O deyib ki, «Hacısəfi və Şocayi üçün bundan sonra İranın milli yığmasında yer yoxdur… Onlar İranın qoyduğu qırmızı xətti keçiblər».
İran İsrail dövlətini tanımır və öz idmançılarına bu ölkənin iştirak etdiyi yarışlara qatılmağı qadağan edir.