Dünya çempionunun qardaşı Emil Quliyev azvision.az-a müsahibəsində Ramilin hansı səbəbdən Azərbaycandan getməsi, ona gələn təkliflərlə bağlı vacib məqamlara aydınlıq gətirib.
- Biz iki qardaşıq. Mən Ramildən böyüyəm. O, çempion olanda çox sevindim. Çünki, Ramil bu yarışa yaxşı hazırlaşmışdı. Qardaşımın əziyyəti yerdə almadı.
- Qardaşınızı necə təbrik etdiniz?
- Zəng edib, təbrik etdim. Ramil çox sevinirdi. Onun Azərbaycan bayrağını qaldırması qürurvericidir. Biz bununla fəxr edirik. Yarış başa çatandan bir saat sonra Ramillə əlaqə saxlaya bildik. Onun sevincinin həddi-hüdudu yox idi.
- Ramilin Azərbaycandan getməsi barədə müxtəlif söz-söhbətlər gəzir. Qardaşınız Türkiyəyə niyə gedib? Onu bu addımı atmağa nə vadar edib?
- Ramil 2011-ci ildən Türkiyəyə köçüb. Qardaşım kariyerasını Türkiyədə davam etdirmək qərarına gəldi. Ramilin məşq etməsi üçün orada yaxşı şərait yaratmışdılar. Yarışlara ciddi hazırlaşırdı. Ona görə yaxşı nəticə göstərdi. Biz Ramilin Türkiyəyə köçmək istəyini normal qarşıladıq. Çünki, o qarşına məqsəd qoymuşdu ki, məşq edib yaxşı nəticə göstərsin, kariyerasında müəyyən irəliləyişlər olsun. Ramil burada irəliləyiş görmürdü. Məcbur qalıb, Türkiyəyə getdi. Orada Ramil üçün hər bir şərait yaradılıb.
2011-ci ildə Ramilin bir il müddətinə yarışlara çıxmasına qadağa qoyulmuşdu. Qadağanın müddəti bitən kimi Ramil yarışlara çıxmağa başladı və yüksək nəticələr qazandı.
- Qardaşınızın öz ölkəsini sevmədiyi deyilir. Bu fikirlərə münasibətiniz necədir?
- Ramilə şər atırlar. Guya Ramil Azərbaycanı bəyənməyib və ona görə də ölkəni tərk edib. Sadəcə olaraq Ramilin məşq etməsi üçün Azərbaycanda yaxşı şərait yox idi və o, kariyerasını burada davam edə bilmirdi. Ramil daha yüksək nəticələr göstərməyi arzulayırdı. Bu səbəbdən Türkiyəyə getdi.
- Ramil Türkiyədə necə bir həyat yaşayır? O, Azərbaycana gəlirmi?
- Bəli, gəlir. Ramil orada ailə həyatı qurub. Xoşbəxtdir. Amma onun qarşısında hazırda birinci növbədə məqşlər və yaxşı nəticə durur. Ramil öz Vətənini sevir, Azərbaycana bağlıdır. O, hətta İslam Oyunlarında iştirak etmək üçün Bakıya qayıdanda sevinirdi. Azərbaycan Ramilin Vətənidir. O, bütün qələbələrini Azərbaycan bayrağı ilə qeyd edir.
Bir daha qeyd edirəm ki, Ramil Azərbaycan vətəndaşlığından imtina etmək üçün Türkiyəyə getməyib. İnanıram ki, Ramil gələcəkdə daha böyük uğurlar qazanacaq.