«Report»un məlumatına görə, bunu TASS-a müsahibəsində Türkiyəni təmsil edən və 200 metr qaçış üzrə dünya çempionu olan Ramil Quliyev Azərbaycanı tərk etməsinin səbəblərinə aydınlıq gətirərkən deyib.
27 yaşlı atlet bildirib ki, Türkiyədən əvvəl karyerasını Rusiyada davam etdirmək imkanı olub: «Azərbaycanlılarla türklər qardaş xalqlardır. Daha doğrusu, eyni xalqıq. Ona görə də Türkiyədə özümü rahat hiss edirəm. Dillərimiz oxşar olduğu üçün iki aydan sonra rahat türkcə danışa bilirdim. Türkiyədən əvvəl Rusiyadan təklif almışdım. Lakin proses yubandı. Türkiyə ilə bir neçə həftənin içində razılaşdıq. Rusiyada isə iki ay fikirləşdilər, amma təşəbbüs göstərmədilər».
R.Quliyev növbəti hədəfinin 200 metr məsafəni 19,70 saniyəyə qaçaraq, Avropa rekordunu müəyyənləşdirmək olduğunu söyləyib: «İdmançıların imkanları sərhədsizdir. 200 metr məsafəni 18 saniyəyə qaçmağın mümkünlüyünə inanıram. Lakin bunun üçün fərqli məşq yanaşması lazımdır. İnsalar buna tədricən nail olacaqlar».
Qeyd edək ki, R.Quliyev 2011-ci ilin aprelində Türkiyə vətəndaşlığını qəbul edib. O, dünya çempionu tituluna sahib çıxana qədər 200 metr məsafəyə qaçış üzrə 2009-cu il Universiadasının və «Brilliant Liqa»nın 2017-ci il Paris mərhələsinin qalibi, 2015-ci il Universiadasının və 2016-cı il Avropa çempionatının bürünc mükafatçısı olub. R.Quliyev 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında iştirak edib, 100 metr məsafəyə qaçışda 9,97 saniyə, 200 metr məsafəyə qaçışda isə 19,88 saniyə nəticələrlə şəxsi rekordlara imza atıb.