Vaxt.Az

«Böhtan və yalanın dəhşəti ondadır ki...»


 

4 il cəza alan polkovnik Herodotdan sitat gətirdi

«Böhtan və yalanın dəhşəti ondadır ki...» MTN-in kəşfiyyatçı polkovnikin cinayət işi üzrə məhkəmə prosesi başa çatdı. Polkovnik «MTN işi» çərçivəsində həbs edilən zabitlər arasında hökm oxunan ikinci şəxs oldu. Musavat.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsində ləğv edilmiş MTN-nin Baş Əks-Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşdı.

O, məhkəmədə son sözlə çıxış edib. M.Əsgərov ittiham olunduğu maddələrlə özünü təqsirli bilməyərək zərərçəkmiş tərəfindən şər və böhtana məruz qaldığını deyib.

MTN polkovniki barəsində açılmış cinayət işinin qərəzli aparıldığını və həbs edildiyini söyləyib: «Heç bir fakta əsaslanmadan, şər və böhtan xarakterli ifadə əsasında hazırlanan qərarla 2015-ci ilin 31 oktyabrında saxlanıldım. Hazırlanmış əsassız təqdimat əsasında məhkəmə barəmdə 4 ay müddətinə həbs qətimkan tədbiri seçdi. 3 dəfə həbs qətimkan tədbirimin müddəti uzadıldı. İstintaq dövründə təqsirsizliyimi, həmçinin həqiqətin aşkarlanması istiqamətində tərəfimizdən qaldırılmış vəsatətlər üzrə zəruri istintaq tədbirləri həyata keçirilmədi. Bəzi istintaq tədbirləri isə həbsim üçün göstərilən qərardakı məqamları təkzib etdiyi üçün davam etdirilmədi».

Kəşfiyyatçı polkovnik zərərçəkənin və şahidlərin ifadələrində göstərdiklərinin məhkəmə zamanı təsdiqini tapmadığını bildirdi: «Eyni zamanda zərərçəkən və onun şahidlərindən təkrar alınan ifadələr istintaq tədbirləri zamanı əldə edilmiş nəticəyə uyğunlaşdırlıb. Bununla da qərəzçiliyə və qanun pozuntusuna yol verilib.

İttiham olunduğum maddələri üzrə özümü zərrə qədər də təqsirli hesab etmirəm. Belə ki, məxfi məlumatların daşıyıcısı kimi bu informasiyaları aşkarladığım halda qanun qarşısında məsuliyyət daşıdığımı dərk edirəm. Bunu bildiyim halda zərərçəkəni şantaj edəcəyimi düşünmək və bu qənaətə gəlmək heç bir məntiqə sığmır. Həm də məhkəmə prosesində iştirakçılara aydın oldu ki, tərəfimizdən keçirilmiş tədbirlər zamanı zərərçəkənin əməlinə dair əldə edilmiş informasiyalar məhkəmə araşdırılmasında açıqlandı. Bəzi məlumatlardan zərərçəkənin məlumatsız olduğu aydın oldu.

Zərərçəkənin və həmçinin şahidlərinin ifadələrində qeyd olunurdu ki, guya həmin vaxtlarda onun pul ehtiyacım olub. Onun xeyrinə heç bir iş görməyəcəyimi bildiyi halda mənə rüşvət verməsi həqiqəti əks etdirmir. Həmin adamın mənə rüşvət verməsinə dair hallar təkzib edilməz faktlarla inkar edilir».

MTN polkovniki zərərçəkmiş kimi tanınan Mirəziz Əsgərov ətrafında keçirilmiş əməliyyatdan da danışıb.

O deyib ki, 2012-ci ildə MTN-in xüsusi təyinatlıları tərəfindən saxlanılmış Vidadi Əzizov, Nəriman Cavadov və Rasim Manafov onun rəisi olduğu şöbəyə təhvil verilib: «Onlar keçmiş MTN-in əmr və təlimatları əsasında Vidadi Əzizov barəsində açılmış siqnal çaları üzrə (xarici ölkələrin xüsusi xidmət orqanları ilə əlaqə ehtimalı) dindirilib və müvafiq qaydada sənədləşdirilmə aparılıb. Rəhbərliyin göstərişinə uyğun müvafiq əmr və tədbirləri davam etdirdikdən sonra onları sərbəst buraxıblar. Lakin Vidadi Əzizovun iddia etdiyi məbləğ, ziddiyyət yaradan həmin pul şöbəyə təqdim olunmayıb. Belə olan halda mənim bu əməllərlə ittiham olunmağım absurddur».

Son sözünün davamında M.Əsgərov məhkəmədən ədalətli qərar çıxarılmasını istəyib: «Məhkəmə araşdırması zamanı zərərçəkənin və onun müdafiəçisinin obyektivlik naminə günahkarların istintaqdan kənarda qaldığını etiraf etdikləri halda, prokuror bu məqamı, həmçinin cinayət işi üzrə qeyd etdiklərimi, məhkəmə araşdırılması zamanı aşkarlanmış bəraətverici faktları qiymətləndirmədi. Onun qeyri-obyektiv mövqe tutması təəssüf doğurdu.

İstintaq hərəkətlərindən və məhkəmə araşdırmasından açıq aydın görünür ki, mənə qeyd olunan maddələrlə əsassız ittiham elan olunub. Heç kim nəzərə almır ki, həmin pul vəsaitinin sahibkarlıq fəaliyyəti nəticəsində qazanılmaması əsaslı faktlarla sübuta yetirilib. Həmin pul vəsaiti Azərbaycanın qüdrətlənməsinə, inkişafına mane olan və bu məqsədlə təxribatlar törədən xarici ölkənin xüsusi xidmət orqanlarına məxsus olub.

İddia olunduğu halda bu pullar qeyri-qanuni olaraq Azərbaycana gətirilmiş hesab edilməli və işin təşkilatçıları, iştirakçıları cinayət məsuliyyətinə cəlb edilməlidirlər. Bu işə hüquqi qiymət verməlidir. İstintaqda bu kimi hallara diqqət yetirilməməsi başa düşülən deyil.

25 il dövlətə sədaqətlə xidmət etməyimi, ailə vəziyyətimi, sağlamlığımı, əsasız olaraq 22 aydan artıq həbsdə saxlanılmağımı nəzərə alıb ədalətli qərar olaraq bəraət hökmünün verilməsini xahiş edirəm. Bu ədalətli qərar olarsa, şəxs və təşkilatlara qarşı mənəvi ziyana görə heç bir iddiam olmayacaq. Bəraət hökmü mənim mənəvi cəhətdən rahat olmağıma səbəb olar. Həmçinin məhkəmə qərarlarının ədalətli olmasına inamımı daha da artırar. Eyni zamanda ona görə bəraət istəyirəm ki, bu gün Dövlət Təhlükəsizlik Xidmətinin tərkibində vəzifəsinə sədaqətlə xidmət edən və xarici ölkələrin xüsusi xidmət orqanlarına qarşı əks kəşfiyyat aparan əməkdaşlarında ruh düşkünlüyü yaranmasın. Respublikamıza qarşı pozuculuq fəaliyyətini davam etdirən xarici ölkələrin xüsusi xidmət orqanları da bu kimi hallardan istifadə metodları kimi davamlı hal formalaşdırılmasın».

M.Əsəgərov çıxışını tarixçi Herodotun bu sözləri ilə tamamlayıb: «Böhtan və yalanın dəhşəti ondadır ki, onun qurbanı ədalətli və günahsız insanlar olur. Bu ədalətsizliyi iki tərəf həyata keçirir. Böhtan və yalanı yayan, böhtan və yalana inanalar».

Məhkəmə müşavirədən sonra hökmü elan edib. Hökmə əsasən M.Əsəgərov 4 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, zərərçəkmişin mülki iddiası rədd edilib, təqsirləndirilən şəxsin üzərinə həbs qoyulmuş əmlakı və onun evindən götürülmüş pul M.Əsgərovun özünə qaytarılması barədə qərar çıxarılıb.

Qeyd edək ki, M.Əsgərov zərərçəkmişlərdən hədə-qorxu yolu ilə pul tələb etmək və digər ağır cinayətlərdə ittiham olunur. O, Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2-ci (mütəşəkkil dəstə tərəfindən, külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu gəlmə), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, təkrar, külli miqdarda, hədə-qorxu tətbiq olunmaqla rüşvət alma), 341.2.1 və 341.2.3-cü (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə ittiham edilir.

Bu epizod üzrə qısa olaraq xatırladaq ki, zərərçəkmiş kimi tanınan Vidadi Əzizov bankdan 1 milyon dollar nağd pul çıxararkən MTN əməkdaşları tərəfindən saxlanılıb. Onun bu məbləği xarici kəşfiyyat orqanlarından aldığı qeyd edilir. Amma V.Əzizov bu məbləği sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla qazandığını söyləyir.

 





12.08.2017    çap et  çap et