Demokratiya üçün Avrointeqrasiyaya Dəstək İctimai Birliyinin sədr müavini, sahibkar Fərhad Həsənov banklara müraciət edənlərdən fiziki şəxslərin kəskin çox olmasından narahatçılığını ifadə edib. Sahibkar bu vəziyyətin perspektivə ümidin az olmasının göstəricisi kimi dəyərləndirir: «Əgər bank müştərilərinin təqribən 99 faizi fiziki şəxslərdirsə deməli bunlar istehlak kreditləridir. Yəni insanlar gündəlik tələbatlarını və ya ən yaxşı halda çox kiçik iş görmək üçün kredit götürülər. Bankların müştəriləri arasında hüquqi şəxslərin az olması Azərbaycanda biznes imkanlarının olduqca aşağı olduğunun göstəricisidir. Yoxsa bu 99-1 nisbətində olmazdı».
Sahibkar F.Həsənov bu durumun bankların inkişafına da pis təsir edəcəyindən narahatlığını ifadə edir. «Banklar daha çox istehlak krediti verirsə, onların qaytarılmama riski daha çoxdur. Eyni zamanda istehlak kreditlərinin həcmi və müddəti az olduğundan burada bankların gəlirləri də aşağı olur. Lakin biznes üçün hüquqi şəxslərin müştəri olması daha çox gəlir imkanı yaradır».
Sahibkarın sözlərinə görə istehlak kreditinin çox olması həm də Azərbaycanda bank sektorunda olan neqativlərin daha çox işləməsinə yardım edir: «Banklarda verilən istehlak kreditləri zamanı sənədləşmə və kommersiya adı altında müştərilərdən əlavə pul alınır. Bu da əslində istehlakçıların hüquqlarının pozulmasıdır və eyni zamanda «korrupsiya»dır». Fərhad Həsənov QHT nümayəndəsi kimi bu durumdan narahatlığını ifadə etdi. O, bütövlükdə baş verənləri Azərbaycan iqtisadiyyatının ağır durumda olmasıyla əlaqələndirdi.