Vaxt.Az

Daşınmaz əmlakda netto-brutto problemi


 

Diqqətli olun - mənzil bazarında növbəti fırıldaq

Daşınmaz əmlakda netto-brutto problemi Bəzi dəllallar daşınmaz əmlak bazarında qiymət «bahalaşması»nı elan edərkən, digərləri də təklif edilən evlərin ölçülərinin manipulyasiyasına başlayıb. Mülki Məcəllədə evin ölçüləri dedikdə, çöl divarları nəzərə alınmayan sahə başa düşülür. Amma işbazlar evin çöl divarlarını da hesablayaraq vətəndaşı aldadır.

Daşınmaz əmlak bazarı üzrə ekspert Rəşad Əliyev Modern.az-a deyib ki, mənzillərin ilkin və təkrara bazarda satışının həyata keçirilməsi hər ölkənin özünün qəbul olunmuş standartları ilə müəyyən olunur: «Qonşu Türkiyədə mənzillər ilkin bazarda satılanda mənzilin qiymətinə ümumi sahələr də əlavə olunur. Məsələn, çöl divarlarından əlavə dəhlizdə olan sahələrdə evin sahəsi kimi qiymətləndirilir. Hətta onun tələsinə düşən insanları tanıyıram. Günah əslində o müqaviləni oxumayan alıcılardadır. Çünki satıcı istənilən halda öz mənafeyi üçün çalışır. Bizdə də satıcılar var ki, evi netto (çöl divarları daxilindəki xalis sahə) sahə ilə, elələri də var ki, brutto (çöl divarları da nəzərə alınan sahə) sahə ilə satır. Bunun səbəbi satış üzrə vahid standartın tətbiq olunmamasıdır.

Doğrudur, Mülki Məcəllədə mənzil sahəsi deyiləndə nəyin nəzərdə tutulduğu qeyd olunub. Burada ümumi çöl divarları nəzərə alınmayan sahə əsas götürülür. Ancaq mənzil satanlar, maklerlər əksər vaxt bunu nəzərə almır. Hətta bəziləri belə bir müddəanın varlığından xəbərsizdirlər».

Ekspert bildirib ki, Azərbaycanda yeni tikililərdə bununla bağlı böyük problem yaşanır: «Bizdəki mənzil satıcıları əsasən satışı brutto sahə ilə satırlar. Bunun da bəzi səbəbləri var. Məsələn, beş il əvvəl mənzil alan şəxs evin kupçasının olmadığını bildirir. İndi isə mənzili satmaq istəyir. Tutaq ki, o evi alanda çöl divarlarının hesablanması ilə alıb. Yəni özü alanda 120 kvadratmetr adına alıb, satanda eyni kvadratla satmaq istəyir. Ancaq mənzilə «kupça», reyestrdən çıxarış alınanda orada yalnız mənzilin daxilindəki sahə qeyd edilir. Ola bilər ki, eyni binada iki eyni ölçülü mənzil satışdadır. Məsələn, biri reklamda evin ölçüsünü 120 kvadratmetr, digəri 105 kvadratmetr göstərir. Deməli, biri netto ilə, digəri brutto ilə satır. Ona görə də sahələrin dəqiqləşdirilməsi zamanı əmlak sahibləri özləri araşdırma aparıb müəyyən etməlidirlər. Bəzən olur ki, mənzil alan vətəndaş notariusda xəbər tutur ki, evinin sahəsi reklamda göstərildiyi kimi 120 kvadratmetr yox, 105 kvadrametrdir.  «Xruşşovka» evi satanda heç bir problem olmur. Amma yeni tikililərdə böyük problemlər yaşanır. İstənilən halda alıcı mənzilin sahəsini təsdiq edən sənədlərlə tanış olmalıdır».

 





14.08.2017    çap et  çap et