Vaxt.Az

«Fraksiya ləğv olunmayıb, amma ...»


 

Parlamentin İdarə Heyəti onun fəaliyyətə başlaması üçün sənəd qəbul etmir

«Fraksiya ləğv olunmayıb, amma ...» Ötən günlərdə İran mətbuatı Təbrizin millət vəkili Şəhabəddin Bimiqdara istinadən «Türk» sözünün yaratdığı həssaslıqlara görə parlamentdə Türk Bölgələri Fraksiyasının buraxıldığı ilə bağlı məlumat yaymışdır.

Ş.Bimiqdar bu barədə verdiyi açıqlamanı şərh edib: «Fraksiya ləğv olunmayıb, bu xəbər doğru deyil, kütləvi informasiya vasitələri mənim fikrimi düzgün əks etdirməyiblər. Lakin fraksiyaya qarşı həssaslıqlar var. Parlamentin İdarə Heyəti onun fəaliyyətə başlaması üçün sənəd qəbul etmir. Bəzi millət vəkilləri isə həssaslığı aradan qaldırmaq üçün fraksiyanın adını Şimal-qərb Əyalətləri ilə əvəz etməyi təklif edir. Lakin mən buna qarşıyam, biz bu məsələdə müqavimət göstərməliyik».

Yerli mətbuatın yaydığı məlumata əsasən, millət vəkili parlamentə təqdim olunan nazirlər kabinetinə namizədlərin siyahısı ilə əlaqədar sualı belə cavablandırıb:

«Hələlik yekun bir nəticəyə çatmamışıq, bu haqda heç nə deyə bilmərəm. Yaxın günlərdə fraksiyanın keçirəcəyi iclasda bu məsələlərə baxılacaq, sonra yekun qərar qəbul olunacaq. Kabinetə namizədlər arasında cənab Rəbii qəzvin, Hatəmi isə zəncanlı türkdür. İnşallah Elm, tədqiqat və texnologiyalar naziri vəzifəsinə də bir türkün gətirilməsinə çalışacayıq. Bu posta namizəd kimi hazırda cənab Sübhanəllahi və doktor Purməhəmmədinin adları hallanır», - deyə o əlavə edib.

Təbriz, Azərşəhr və Üskünün milət vəkili «Təbriz 2018» (Təbriz 2018-ci ildə islam dünyasının turizm paytaxtı elan olunub) il üçün heç bir tədbirin görülmədiyini qeyd edib. O bildirib ki, hazırlıq işləri üçün 100 milyard tümən nəzərdə tutulmuşdur, lakin dövlət tərəfindən hələ bu iş üçün bir rial belə ödənilməyib.

Ötən günlərdə İran mətbuatı Ş.Bimiqdara istinad edərək İran Parlamentində təsis edilmiş Türk Bölgələri Fraksiyasının «türk sözünün yaratdığı həssaslıqlar» səbəbilə buraxıldığını, onun canlandırılması istiqamətində ölkənin şimal-qərb əyalətlərinin millət vəkillərindən ibarət fraksiya yaradılacağını yazmışdır.

«Bilmirəm, «türkdillilər» sözü parlamentdə necə həssaslıq yaradırsa, türkdilli fraksiyanın təşkilinə qarşı çıxırlar. Şimal-qərb əyalətlərinin millət vəklilləri isə hər zaman birlik tərəfdarı olduqları üçün fraksiya məsələsində ixtilaf yaratmaq istəmirlər»- deyə millət vəkilinə istinadən mətbuatda dərc olunmuşdur.

Bu xəbər yayıldıqdan sonra Urmiyənin millət vəkilləri Ruhulla Həzrətpur və Nadir Qazipur həmkarlarının verdiyi açıqlamanı təkzib edərək onun həqiqəti əks etdirmədiyini bildiriblər.

 





14.08.2017    çap et  çap et