Vaxt.Az
Fransa Azərbaycana silah sata bilərmi?
«Əlbəttə, embarqo qərarından imtina edib İsrail kimi müasir silahlar satacağını gözləmək çətindir, ancaq ...»
Ötən həftə prezident İlham Əliyevin Brüsselə səfəri ilə eyni günlərdə müdafiə naziri Zakir Həsənov da Fransaya səfər etdi. Hər iki səfər Azərbaycanın təhlükəsizliyinin artırılması ilə bağlı idi. İlham Əliyev NATO-nun mənzil-qərargahında Şimali Atlantika Bloku ilə Azərbaycan arasında əməkdaşlığın inkişafı yollarını müzakirə edərkən müdafiə naziri də Parisdə fransalı həmkarı ilə təxminən eyni mövzu ətrafında fikir mübadiləsi aparırdı.
Zakir Həsənov Fransa Respublikasının hərbi rəhbərliyi və Fransanın müdafiə məhsulları istehsal edən bir sıra şirkətlərin rəhbərləri ilə görüşlər keçirib, ikitərəfli əməkdaşlıq məsələləri barədə müzakirələr aparıb. Görüşlərin nəticəsi olaraq «Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Fransa Respublikasının Müdafiə Naziri arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Texniki Anlaşma» imzalandı.
Zakir Həsənovun müdafiə naziri təyin olunması Qərbdə maraq doğurub. Onun Daxili Qoşunlara rəhbərliyi dövründə apardığı islahatların Müdafiə Nazirliyi sistemində də davam etdiriləcəyi proqnozlaşdırılır. Zakir Həsənov yeni posta təyin olunduqdan sonra onunla Bakıda ilk görüşənlərdən biri Fransa Müdafiə Nazirliyinin heyəti olmuşdu. Və ardınca Zakir Həsənov Parisə yollandı.
Avropa Birliyi ölkələri içərisində Fransa Azərbaycanın əsas strateji tərəfdaşlarından sayılır. Bakı Parislə münasibətlərə xüsusi önəm verir. İlham Əliyev və xanımı Mehriban Əliyeva tez-tez Parisə səfər edir, əlaqələrin inkişaf etdirilməsi yollarını müzakirə edirlər. Avropa Birliyi ölkələri içərisində Azərbaycanın qeyri-neft sektoruna ən çox maraq göstərən də Fransa şirkətləridir. Fransa-Azərbaycan münasibətlərində yeganə zəif həlqə hərbi əlaqələrdir.
Dağlıq Qarabağ münaqişəsinə görə Qərb ölkələri, o cümlədən Fransa Azərbaycan və Ermənistana qarşı silah embarqosu tətbiq edir. Ancaq bu embarqonun elə bir əhəmiyyəti qalmayıb. Çünki Azərbaycan və Ermənistan onlara lazım olan silahları Rusiya, Ukrayna, Çin və İsraildən alırlar. Artıq Paris də anlayıb ki, tətbiq olunan embarqo işləmir. Əskinə, bu embarqo Fransanın müdafiə sənayesinə zərər vurur. Embarqo olmasaydı, Azərbaycan başqa ölkələrdən aldığı silahları Fransadan ala bilərdi və Paris bu sazişlərdən milyardlarla dollar qazanardı. İndi isə bu qazanc əsasən İsrailə çatır. Ona görə də Azərbaycanın müdafiə naziri Parisə səfəri zamanı bu ölkənin Azərbaycana silah satmaq istəyini də müəyyənləşdirməyə çalışıb.
Əlbəttə, Fransanın embarqo qərarından imtina edib tezliklə Azərbaycana İsraili kimi müasir silahlar satacağını gözləmək çətindir. Ancaq Fransa birinci mərhələdə ABŞ-ın nümunəsindən yararlana bilər. ABŞ Azərbaycana böyük miqdarda silah satmasa da, Azərbaycanın quru və dəniz sərhədin qorunması məqsədilə Bakıya hərbi-texniki avadanlıqlar, katerlər göndərir. Fransa-Azərbaycan hərbi əməkdaşlığı da kiçik addımlarla başlaya bilər. Paris Azərbaycanın müdafiə sənayesi sektoruna maraq göstərə, misal üçün, Türkiyə kimi Azərbaycanla hansısa hərbi avadanlıqların və ya zirehli maşınların birgə istehsalına başlaya bilər.
Aydındır ki, Fransanın Azərbaycanla geniş hərbi əməkdaşlığa başlaması bu ölkədəki erməni lobbisini hərəkətə keçirəcək, onlar bu əməkdaşlığa mane olmaq üçün Parisə təzyiq etməyə çalışacaqlar. Ancaq Fransa Azərbaycanla hərbi əməkdaşlıqdan milyardlar qazanacaqsa, erməni lobbisinin maneəsi nəzərə alınmaya da bilər. Rusiya da Fransa-Azərbaycan hərbi əməkdaşlığına mane ola bilməz. Əslində ilk növbədə Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistana silah satmamalıydılar. Ancaq bu qaydanı ilk pozan elə Rusiya olub. Rusiya Azərbaycana silahı pulla satır, Ermənistana isə pulsuz verir, oradakı hərbi bazalarını modernləşdirir. Bu baxımdan Minsk qrupunun digər həmsədri – Fransa Bakının istəyi əsasında Azərbaycana silah satmaq qərarına gələrsə, Moskva bu prosesə rəsmi şəkildə mane ola bilməyəcək. Fransanın Azərbaycana silah satması Rusiyanı bu bazardan sıxışdıracaq.
Beləliklə, top Fransanın meydanındadır. Paris Azərbaycana silah satmağa qərar verərsə, bu, Fransanın həm siyasi və hərbi oyunçu kimi Cənubi Qafqazdakı rolunu artıracaq, həm də Azərbaycanla strateji tərəfdaşlığı yeni mərhələyə qaldıracaq. (Media forum)
21.01.2014 çap et