ABŞ Ukraynanın Qara dəniz sahilindəki Oçakov rayonunda (Nikolayev vilayəti, Krımın yaxınlığı) hərbi-dəniz bazasının tikintisinə başlayıb. Tikintini ABŞ ordusunun «stroybat»ı aparır, yəni fəhləlik işinə ukraynalıları cəlb etməyə lüzum görməyiblər, sıfırdan hər şeyi özləri qurur. Burada uzunmüddətli yerləşmə niyyəti açıq görünür. Oçakov bazası Rumıniyadakı baza ilə koordinasiyalı şəkildə Qara dənizdə artan Rusiya təsirinin məhdudlaşdırılması məqsədinə xidmət edəcək. Bu, eyni zamanda, Krımın Rusiya tərəfindən militarizasiyasına qarşı da cavab tədbiridir. (Ruslar ehtiyatlanır ki, ABŞ gələcəkdə Ukraynaya nüvə başlıqları da gətirə bilər, Nikolayevdə bunun üçün müvafiq infrastruktur var imiş.) Payızda ABŞ müdafiə nazirinin Ukraynaya rəsmi səfəri zamanı iki ölkə arasında hərbi sazişin imzalanması nəzərdə tutulub.
Gürcüstanda isə (Tiflis yaxınlığındakı Vazianidə) ABŞ-ın Avropa komandanlığı tərəfindən hərbi hazırlıq üzrə mərkəz inşa edilir. Bu mərkəz NATO-nun Almaniyadakı Xoxenfels bazasının analoqu olacaq. Ötən günlərdə ABŞ ordusunun qərargah rəisi Gürcüstana səfər etdi. Hərbi bazanın tikintisi ilə yanaşı, iki ölkə arasında hərbi əməkdaşlığa dair sazişin imzalanması da gündəmdədir.
Moldova ərazisində də (Bulboaka qəsəbəsində, separatçı Dnestryanı ərazinin yaxınlığında) ABŞ tərəfindən hərbi obyektlərin tikintisinə hazırlıq gedir. Amma ölkədə mürəkkəb daxili siyasi vəziyyətlə əlaqədar Moldovanın avroatlantik inteqrasiyası ilə bağlı müəyyən suallar yaranıb. Hazırda ölkədə qərbyönlü liberal hökumət və Rusiyaya yaxın sosialist prezident var, bu ikihakimiyyətlilik görüntüsü əslində Moldova cəmiyyətindəki ideoloji parçalanmanın inikasıdır. Əhali arasında liberal partiyaları dəstəkləyənlərlə sol partiyaları dəstəkləyənlərin sayı bir-birinə çox yaxındır. Pravoslavlıq amili Rusiyaya yaxınlığı şərtləndirən əsas faktorlardandır və eyni səbəblə bizim qardaş qaqauz türkləri də Rusiyaya meyllidir. (Seçki zamanı sosialist Dodon Qaqauziyada 99 faiz səs alıb). Dodon avroatlantik inteqrasiyanın əleyhdarıdır və Avrasiya İttifaqına meyllidir, lakin icra səlahiyyətləri hökumətdə olduğu üçün öz düşüncələrini reallaşdırmaqda çətinlik çəkir. Ötən həftə sonu Kişinyovda avrointeqrasiya tərəfdarları böyük mitinq keçirərək Dodona ilk xəbərdarlıqlarını etdilər (paytaxtda qərbyönlü əhali çoxluqdadır).
ABŞ hərbi infrastrukturunun qurulması adı çəkilən keçmiş sovet respublikaları üçün təhlükəsizlik qarantiyası deməkdir. Amma problem odur ki, Qərbdə qərar qəbuletmə mexanizmi mürəkkəbdir və müxtəlif mərhələlərdən keçir. Rusiyada tək adam rejimi var və qərarlar onun tərəfindən sürətlə qəbul olunaraq dərhal icraya yönəldilir, bu isə bir çox halda taktiki planda Moskvanı önə çıxarır - 2008-də Gürcüstanda, 2014-də Ukraynada olduğu kimi. Amma uzunmüddətli strategiyalar sonda qalib gəlir. Gec olur, güc olur məsələsi...