Vaxt.Az

«Futbolçularımız «böyüyüblər»»


 

Qurban Qurbanov: «Bu gün nəyi düşünürdüksə, onun da şahidi olduq»

«Futbolçularımız «böyüyüblər»» UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda evdə «Kopenhagen»i 1:0 hesabıyla məğlub edən «Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. VAXT.AZ xəbər verir ki, Qurbanov öncə oyunla bağlı fikirlərini bildirib.

- Ağır oyun idi. Belə komandalarla oyunda çox güc sərf edirsən. Bu gün də bunun şahidi olduq. Futbolçularım səhvsiz oynamağa çalışdılar. Nəticə yaxşı oldu. Amma hesab arasındakı fərqi artıra da bilərdik. Səfərdə bizi daha ağır matç gözləyir. «Kopenhagen» öz meydanında çox yaxşı futbol göstərir. Rəqibi bu gün daha yaxından tanıdıq. Cavab görüşündə daha diqqəti və dəqiq oynamağa çalışacağıq. Bizi çox ağır 90 dəqiqə gözləyir. Buna baxmayaraq, uğurlu nəticə əldə etməyə çalışacağıq. Həm futbolçularımız, həm də azarkeşlərimiz bu gün alqışa layiq idilər. Hər şey möhtəşəm idi.


- Cəmi 1 əvəzetmə etdiniz. Bu nə ilə bağlı idi?

- Məncə, oyun pis getmirdi. Son dəqiqələr də düşündüyümüz kimi alındı. Matçın gedişatı onu göstərdi ki, əvəzetməyə ehtiyac yoxdu. Buna görə də, yalnız 1 dəyişiklikdən istifadə etdim.


- Rəqibin baş məşqçisi cavab oyunu öncəsi «Qarabağ»ı favorit sayır. Onun fikri ilə razısızmı?

- «Kopenhagen» bu hesaba hazır komandadı. «Vardar»a da səfərdə 0:1 hesabı ilə uduzmuşdular. Amma öz meydanlarında 4:1 hesablı qələbə qazandılar. Mən də evdəki matçda qol buraxmamağa böyük önəm verirəm.


- Cavab görüşündə Federiko Santanderə qarşı xüsusi tədbir görəcəksizmi?

- Onun qarşısını əlimizdə olan futbolçularla almalıyıq. Hava mübarizəsində uduzsaq da, təkbətək epizodlarda məğlub olmadıq. Qapıçımız da bu gün çıxışlarda dəqiq oynadı. Səfərdə bugünkü matçdan 2 dəfə çox hava ötürmələri verə bilərlər. Biz buna hazır olacağıq. Bu gün nəyi düşünürdüksə, onun da şahidi olduq. Rəqibi daha yaxından tanıdıq.


- Hakimin idarəçiliyindən razı qaldınızmı?

- Mən hakimlərin idarəçiliyindən həmişə razı qalmışam. Hakimlik ən ağır peşədi. Çünki neçə insanın haqqı var. Mən bütün referilərə rahat oyun idarə etməyi arzulayıram. 


- Xüsusilə, ilk hissədə Şehiç oyuna daha çox qoşulurdu. Bu, sizin tapşırığınız idi?

- Buna hazırlaşmışdıq. Çünki rəqib 2 hücumçu ilə oynayırdı. Buna görə də, Şehiçdən «joker» kimi istifadə edirdik. Ümumən, pis alınmadı. Bu, bizim üçün vacib element idi.


- Ndlovunu bu həftə çempionat oyununda ehtiyatda saxlayıb, cavab görüşünə qorumağı düşünürsüzmü?

- Ehtimal olsa ki, kiçik zədəsi var, onu qoruyacağıq. Sabah ümumi komandanın durumu ilə yaxından tanış olacam. Bu gün çox güc sərf etdilər.


- Künc zərbələri zamanı ucaboy futbolçu Donald Gerrye cərimə meydanında yox, daha çox topun arxasında olurdu. Bu nə ilə bağlı idi?

- Donaldın boyu 180-181 sm-di. O qədər də uzun deyil və ötürmələri yaxşıdı. Buna görə də, kornerləri ona tapşırmışdım.


- «Qarabağ» Skandinaviya komandalarının qəniminə çevrilib...

- Futbolçu özünü hazırlayanda, konsentrasiyası olanda istənilən rəqibə qalb gəlməyə qadirdi. Rəqibin kim olmasının önəmi yoxdu. Futbolçularımız «böyüyüblər», artıq avrokubokda böyük təcrübəyə malikdilər.


- Çempionlar Liqasının himnini eşitmək Qurban Qurbanov üçün necə hissdi?

- Özümdən çox, sizlərin bu himni eşitməsini istəyirdim. Mən də duyğulandım. Bu gün Çempionlar Liqasında mübarizə apardığımızı tam hiss etdik. Şad oldum ki, həmin himni Azərbaycanda eşitdilər, bütün azarkeşlər oyundan həzz aldılar.


- Matçın sonlarında ehtiyat oyunçuların geyindiyi «nakitka»dan istifadə etdiniz. Sizə soyuq idi?

- Dördüncü hakim belə istədi. Komanda ilə oxşar geyimdə olduğumu bildirdi. Ona geyimimin göy rəngdə olduğunu desəm də, fikrini dəyişmədi. O qədər xoşlamasam da, «nakitka» geyinməli oldum.


- Növbəti oyunları Olimpiya Stadionunda keçirə bilərsizmi?

- Biz bu stadiona öyrəşmişik. Amma dəqiq bir söz deyə bilmərəm. Bunu gələcək göstərəcək.


- Transferlərlə bağlı çalışmalar nə yerdədi?

- Axtarışlar davam edir. Bir neçə futbolçunun klubuna da transfer pulu təklif etmişik. Əfsuslar olsun ki, hələ alınmır.


- Cavab matçından öncə çempionat görüşünə çıxmaq komandanızda konsentrasiya problemi yaratmayacaq?

- Xeyr. Neçə ildi ki, bu rejimdə oynayırıq. Düşünürəm ki, bu məqam bizə mane olmayacaq. Çempionat matçımızı təxirə salmaq barədə düşünmürük.

 





16.08.2017    çap et  çap et