Bosniya və herseqovinalı qolkiper bildirib ki, artıq avqustun 23-də keçiriləcək cavab oyunu barədə geniş təsəvvürləri var: «Artıq «Kopenhagen» üzərində ciddi üstünlüyə malikik. Amma rəqib evində əla çıxış edir. Danimarka paytaxtında məsuliyyətli matça çıxacağıq. Bizi yaxşı ab-hava, stadion və yerli komandaya böyük dəstək olacaq azarkeşlər gözləyir».
29 yaşlı oyunçunun fikrincə, Azərbaycanda klublar arasında böyük rəqabət olmadığından, hamı «Qarabağ»dan və onun özündən yazır: «Komandamız hələ də avrokuboklarda mübarizəni davam etdirdiyindən, ölkənin bütün əhalisi sevinc içindədir. Çempionlar Liqasında «pley-off»a yüksəlməklə «Qarabağ» tarixi uğura imza atıb. Buna görə də Bakıda gözəl ab-hava var. Mən isə sadəcə, irəli baxıram və komandamın uğuru üçün çalışıram».
Təcrübəli qapıçı avqustun 20-də Bakı «İnter»i ilə keçirəcəkləri Azərbaycan Premyer Liqasının II tur matçında da qələbə qazanacaqlarına ümid etdiyini vurğulayıb. O, çempionat və avrokubok oyunlarında futbolçuların yorulmamaları üçün heyətin tez-tez dəyişdiyini və belə bir halın növbəti görüşdə də baş verəcəyini söyləyib.
Bu arada Şehiç avqustun 31-də Kipr, sentyabrın 3-də isə Cəbəllütariq yığmaları ilə 2018-ci il dünya çempionatının seçmə qrup matçlarında üz-üzə gələcək Bosniya və Herseqovina milli komandasına dəvət alıb. O, millinin şanslarını dəyərləndirərkən, kobud səhv buraxmağa haqlarının olmadığını bildirib: «Bu iki oyun mübarizəni davam etdirməyimiz baxımından vacibdir. Əsas odur ki, hamı hazırlıqlı və oyunlara köklənmiş halda gəlsin. O zaman nəticə də olacaq».
Vaxtilə İbrahim Şehiçin özünün, hazırda isə qardaşları Alin və Benjamin Şehiçin çıxış etdiyi «Jelezniçar» klubu avqustun 19-da «Sarayevo»ya qarşı Bosniya və Herseqovina derbisində üz-üzə gələcək. Qapıçı sabiq klubunun bütün oyunlarını izlədiyini söyləyib: «Bacım hər bir oyundan əvvəl zəng edərək, «Qrbavitse» mahnısını oxuyur. Mən də həmişə onlarla birgəyəm».
Qeyd edək ki, İbrahim Şehiç «Qarabağ»da 2013-cü ilin oktyabrından çıxış edir. O, 2006 - 2011-ci illərdə «Jelezniçar» forma geyinib. Daha sonra Şehiç Türkiyənin «Mersin İdman Yurdu» komandasında 2 ilədək oynayıb. (Report)