Eldar Qaradağlının sözlərinə görə, Azərbaycan Milli Hərəkatının içəridə olan strategiyası və zaman zaman dəyişməkdə olan halları xaricdə olan hərəkat mənsublarına da - istər təşkilatlar olsun, istərsə fərdlər - təsirini buraxır. «İranın farsçı şiə rejimi milli hərəkata həssasiyyətini hər növdə və geniş miqyasda göstərməkdədir. Buna görə, hakimiyyət siyasətini dəyişdirəndə bu istər istəməz milli hərəkatın da siyasət dəyişdirməsinə səbəb olub», o bildirir.
Sadalanan faktorlar Azərbaycan Milli Hərəkatının «bəzən özünü çox fəal göstərməkdə, bəzən də müəyyən dərəcə susqun göstərməsində» büruzə verir.
Eldar Qaradağlı türk fəalların təşkilatlar tərkibində fəaliyyət göstərməyə üstünlük vermədiklərinin müəyyən dərəcədə bir problem olduğunu təsdiq etsə də, təyinedici səviyyədə olmadığını ifadə edir.
«Çünki milli hərəkat içəridədir... Bu bir milli hərəkatdır və tam olaraq millətimizin içindədir. Bu gün biz gəlib deyək ki, bunu mütləq bir təşkilata çevirmək lazimdir və bu təşkilatda bir çox insan fəaliyyət göstərməlidir, Bu doğru olmaz», o, qeyd edir.
Qaradağlı eyni zamanda xaricdə fəaliyyət göstərən təşkilatların müəyyən bir «dağınıqlıq problemi» yaşadıqlarını önə çəkir: «Xaricdə, milli hərəkata mənsub olan partiyalar, təşkilatlar və qurumlarımızda müəyyən dərəcədə dağınıqlıq vardır. Xaricdə milli fəallarımızın moralının azalmasının ən başlıca amillərindən biri maddi dəstəklərin bir tək əldə (inhisarda) cəmləşməsidir. Bu çox önəmli məsələdir».
«Biz bu problemin həlli üçün çalışmalıyıq ki, nədən hərəkata mənsub olan fəalların xüsusilə xaricdə hər hansı maddi qaynaqları yoxdur? Milli fəaliyyətlərinə dəstək yoxdur. Bu dəstək müəyyən qurumun əlindədir», o əlavə edir.