Vaxt.Az

Barselonada iki terror


 

İŞİD şəhərin ürəyindən vurdu, 12 ölü, 119 yaralı var, 1 terrorçu öldürülüb, 2-si həbs olunub (yenilənir)

Barselonada iki terror Bu gün axşam saatlarında İspaniyanın Barselona şəhərində iki terror hadisəsi baş verib. Şəhərin mərkəzində, turistlərin ən çox maraq göstərdiyi Kataloniya meydanı və Las Ramblas terrorçuların hədəfinə tuş gəlib.

«El Pais» xəbər verir ki, Barselonada baş vermiş terror aktında xəsarət alanların sayı artaraq 119 nəfərə çatıb.


***


23:30

Bu dəqiqələrdə terrorun İŞİD-in dəst-xətti olması təsdiqini tapdı. İraq-Şam İslam Dövləti adlı terror təşkilatı Barselona qətliamının məsuliyyətini üzərinə götürdü.

ABŞ prezidenti Donald Tramp terror hadisəsini pisləyib. Ağ Ev sahibi yardım üçün nə lazımdırsa, əlindən gələni etməyə hazır olduğunu bəyan edib.

***


23:00

İspaniya mətbuatı ölü sayını azaltdı, amma yaralı sayını xeyli artırdı. Belə ki, ölü sayının 12 (əvvəlcə 13 deyilirdi), yaralı sayının isə 80 (bir qədər əvvəl 50 idi) olduğu açıqlandı. Polis ərazidəki axtarış əməliyyatını davam etdirir.

***


22:30

Barselona polisi terrorçuların ələ keçirdiyi restoranda girovların olmadığını açıqladı. Atışma zamanı silahlılardan biri öldürülüb. Polis axtarış əməliyyatlarını davam etdirir. Vic qəsəbəsində hücum zamanı istifadə olunan furqonun oxşarı tapılıb. Bu arada şəkli yayılan şübhəli Driss Oukabirin terrorçulardan biri olduğu təsdiqləndi. Belə ki, terrorda istifadə olunan furqonun mərakeş əsilli ispaniya vətəndaşı tərəfindən kirayələndiyi təsdiqləndi. İspaniya polisi Oukabirin həbs edildiyi ilə bağlı məlumat yaydı. Bununla da tutulanların sayı 2 oldu.

Yeri gəlmişkən bugünkü olayla bağlı xəbərdarlıq iki ay əvvəl edilmişdi. Yerli mətbuat yazır ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi Kataloniya polisini Barselona küçələrində terror olacağı ilə əlaqədar məlumatlandırmışdı.

Terror zaman barselonalıların təqdirəlayiq həmrəyliyini qeyd etməyi vacib bildik. Belə ki, taksi sürücüləri təmənnasız olaraq yaralıların xəstəxanalara daşınmasında yaxından iştirak edib. Hotellər isə bütün otaqlarını evlərinə gedə bilməyən vətəndaşların ixtiyarına verib.


***


21:30

İspaniya mətbuatının məlumatına görə, terror hadisəsini törətməkdə şübhəlilərdən biri artıq həbs olunub. Barselona rəsmiləri yaralı sayının 50-dən artıq olduğunu bildirdi. 


***


21:00

VAXT.AZ xarici mediaya istinadən xəbər verir ki, turistik ərazi olan Las Ramblasda bir neçə terrorçu insanların gur olduğu yerdə ağ rəngli mikroavtobusla izdihama hücum çəkib. Mikroavtobus təxminən 600 metrə boyu insanları əzə-əzə irəliləyib. Hadisə nəticəsində onlarla şəxs zərər çəkib. Hücumdan xilas ola bilənlər yaxınlıqdakı kafe və mağazalara doluşub. Xeyli sayda ölü və yaralı var. Yerli mətbuat 13 nəfərin həlak olduğunu bildirir. 30-dan çox yaralı var və onlardan 10-nun vəziyyətinin ağır olması itkilərin artma ehtimalını artırır.

Məlumatlara görə, furqonu idarə terrorçular hadisə yerindən qaça bilib. Polis hazırda onların həbs olunması üçün axtarış əməliyyatı həyata keçirir. Hadisə baş verən yerdə mərakeş əsilli, 25 yaşlı, Driss Oukabir adlı bir ispaniya vətəndaşına məxsus pasport tapılıb. Polis həmin sənədin terrorçulardan birinə məxsus olduğunu ehtimal edir və onun axtarışına başlanılıb. Artıq həmin şübhəlinin şəkli televiziyada və sosial şəbəkələrdə nümayiş olunub. Hazırda hadisə baş verən ərazinin ətrafındakı metro stansiyaları və avtobus dayanacaqları bağlanıb. Polisin məlumatına görə, hadisə törədənlərin istifadə etdiyi mikroavtobus kirayə götürülübmüş. Terrorçular iki eyni markalı avtomobil kirayələyibmiş. Hazırda digər mikroavtobusun axtarışı həyata keçirilir. Polis ikinci avtomobilin də növbəti terror əməliyyatında istifadə ediləcəyini ehtimal edir.

Barselona mikroavtobus terrorunun şokundan ayılmamış terrorçular ikinci əməliyyat həyata keçirib. Digər hadisə Kataloniya meydanında baş verib. Bir neçə terrorçu «İstanbul» adlı türk restoranına basqın edərək içəridəki müştəriləri girov götürüb. Terrorçulara qarşı əməliyyatı başlayan polis restoranı mühasirəyə alıb.

Növbəti terrorun da baş verəcəyini ehtimal edən polislər əhaliyə hər iki ərazini tərk etməsi və evlərinə getməsi ilə bağlı müraciət edib.

Qeyd edək ki, bu terrorun İŞİD tərəfindən törədilidiyi ehtimalı böyükdür. Çünki bu hadisə terror qruplaşmasının London, Berlin və Parisdə həyata keçirdiyi hadisələrin oxşarıdır.


***


Ərazidə işləyən Stiven Turner BBC-ə deyib: «Mənim işlədiyim ofisdə insanlar Las Ramblasda maşının insanların üzərinə sürdüyünü görüb. Mən üç və ya dörd adamın yerdə uzandığını gördüm».

«Ərazidə hazırda çoxlu təcili yardım və silahlı polis var».

Həmçinin, şəhərin mərkəzindəki restoranlardan birində atışma olduğu barədə də məlumat verilib. Hadisə baş verən ərazi mühasirəyə alınıb, polis yerli əhalidən və turistlərdən Kataloniya meydanı ətrafına yaxınalaşmamağı xahiş edib.

Yaxınlıqdakı metro və dəmiryol stansiyaları, həmçinin mağazalar və restoranlar bağlanıb.

Barselona yay aylarında ən məşhur turist yerlərindən biridir.

 





18.08.2017    çap et  çap et