«Terror hücumları nəticəsində həlak olanların ailələrinə dərin hüznlə baş sağlığı verir və yaralananların tezliklə şəfa tapmasını diləyirik.
Terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycan Respublikası terrorizmin bütün forma və təzahürlərini kəskin şəkildə qınayır.
Barselonada törədilmiş terror hücumları ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev İspaniya kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu ünvanlayıb.
Xarici işlər naziri Elmar Məmmədyarov da İspaniya Krallığının Xarici işlər naziri Alfonso María Dastisə başsağlığı məktubu göndərib.
Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyindən verilən məlumata görə Barselonada törədilmiş terror hücumlarında həlak olan və yaralananlar arasında bu vaxta qədər Azərbaycan vətəndaşlarının olması qeydə alınmayıb.
Səfirliyimiz İspaniyanın müvafiq qurumları ilə təmasları davam etdirir.
Terror hadisəsinin qurbanı olan bir neçə şəxs var ki hələ onların şəxsiyyəti müəyyən olunmayıb. Əlavə məlumat olduğu təqdirdə KİV-ə və ictimaiyyətə xəbər veriləcəkdir», - H.Hacıyev bildirib.