Vaxt.Az

««Turan» media məkanımızda yox kimidir»


 

Əflatun Amaşov: «İnformasiya agentliyinin materiallarına çox az hallarda istinad var»

««Turan» media məkanımızda yox kimidir» «Doğrudan da «Turan» İnformasiya Agentliyi keçmişi, tarixi olan media qurumlarımızdandır. Onun rəhbəri Mehman Əliyev kifayət qədər peşəkar jurnalistdir, səriştəli idarəçidir. Ancaq son zamanlar agentlik media məkanımızda sanki yox kimidir».

Mətbuat Şurasının (MŞ) sədri, millət vəkili Əflatun Amaşov «Turan» İnformasiya Agentliyinə cinayət işi açılması ilə bağlı şərhində belə yazıb.

MŞ sədri agentliyin «yox kimi olmasını» bir neçə amillə əsaslandırıb.

«Cəmiyyət dəyişir, jurnalistika dəyişir, prinsiplər və dəyərlər də həmçinin. Zamanla oxşar proseslərin müxtəlif media qurumlarının timsalında şahidi olmuşuq. Bu proses müəyyən mənada təbiidir. Bu günün media reallığından uzaq kimi görünən «Turan»ın materiallarına çox az hallarda istinad var. Xəbərlərinə demək olar rast gəlinmir. Ümumən yaradıcılıq dəst-xətti nəzərə çarpmır. Halbuki, əvvəllər belə olmayıb», - millət vəkili yazıb.

MŞ sədri vurğulayıb ki, nəinki son aylar, hətta son illər belə, heç bir rəsmi qurumun, vəzifəli şəxsin «Turan»ın hansısa yazısından narahatlığına, etirazına rast gəlməyib. O, bu səbəbdən agentliyə cinayət işinin açılmasının arxasında siyasi amillər axtarmağın yersiz olduğunu ifadə edib.

«Mətbuat Şurasına da «Turan»ın materialından heç bir şikayət daxil olmayıb. Belə olan halda Vergilər Nazirliyinin media qurumunda yoxlamalar aparmasını siyasi amillərlə bağlamaq istəyi hətta nəzəri cəhətdən də düzgün deyil. Kimlərsə buna cəhd edirsə, hesab edirəm ki, niyyətləri tamam başqadır. Vergilər Nazirliyi dövlət orqanıdır. Onun yoxlamalarına gəlincə, qurum hər hansı təşkilatın hesabına xaricdən və daxildən gələn maliyyə vəsaitini araşdırır. Konkret olaraq həmin vəsaitdən zəruri vergi ödənişlərinin edilib-edilmədiyini müəyyənləşdirir. İndiyədək ən müxtəlif təşkilatlarla, o cümlədən jurnalist təşkilatları və Kütləvi İnformasiya Vasitələri ilə bağlı eyni mexanizm tətbiq olunub. Mətbuat Şurası olaraq biz «Turan» İnformasiya Agentliyi ilə bağlı məsələni diqqətdə saxlayırıq. Vergilər Nazirliyinə də müraciət etmişik. İnanırıq ki, informasiya agentliyi ilə əlaqədar araşdırmalar tam şəffaf şəkildə, qanunlarımıza tam riayət olunmaqla həyata keçiriləcəkdir», - Ə.Amaşov bildirib.

 





18.08.2017    çap et  çap et