Vaxt.Az

«Görünür əllərinə fürsət düşüb deyə...»


 

Naxçıvan generalının qardaşı barədə ağlasığmaz iddialar

«Görünür əllərinə fürsət düşüb deyə...» Naxçıvanın daxili işlər naziri, general Əhməd Əhmədovun işdən azad olunmasından sonra Bakıda onun qardaşından qisas almaq istəyənlər meydana çıxıb. Virtualaz.org xəbər verir ki, bu gün bəzi aztirajlı saytlarda generalın Bakıda biznes fəaliyyəti ilə məşğul olan qardaşı Əvəz Əhmədovu hədə-qorxu və təhdid yolu ilə 140 min dollar almaqda, hətta adam oğurluğunda ittiham edən yazı dərc olunub.

Yazı Abşeron rayonu, Xırdalan şəhəri, ev 13 ünvanında yaşayan Tahirov Rəşad Lətif oğlunun şikayətinə əsaslanır. Bu şəxsin barəsində geniş məlumat verilmir, ancaq ötəri şəkildə qeyd olunur ki, o hansısa tikinti materiallarının satışı üzrə menecerlik edirmiş.

Bu şəxs iddia edir ki, 2016-cı ilin iyun ayında həyat yoldaşının qohumu olan Hörmət həkim (soyadı göstərilməyib) onu tikinti biznesi ilə məşğul olan Əvəz Əhmədovla tanış edib. Şəxsin Əvəz Əhmədovla tanışlığı barədə danışdıqları xeyli dolaşıqdır. Bildirir ki, Əvəz Əhmədov ona və Hörmət həkimə çay içməyi təklif edib. Çay süfrəsi arxasında ondan işlədiyi müəssisədə istehsal olunan məhsullar haqda soruşub.

«Mən oturmadan çıxıb getdim, Hörmət həkim ilə Əvəz isə öz işləri haqda danışmağa davam etdilər. İki həftə sonra mənə Hörmət həkimdən zəng gəldi. Əvəz Əhmədovun onu girov saxlayaraq döydüyünü dedi, səbəbini isə onun Əvəz Əhmədova külli miqdarda borclu olmasıyla əsaslandırdı. Həkim vaxtında pulu qaytara bilmədiyindən məndən komək istədi. Onun əvəzindən 2-3 günlük möhlət almağımı xahiş elədi. Bu söhbətə heç bir aidiyyatım olmadığından işə qarışmaq istəmədim», - Rəşad Tahirov yazır.

Bu şəxsin bildirdiyinə görə həmin söhbətdən 3-4 gün sonra Əvəz Əhmədov ona zəng vurub, Hörmət həkimi borcuna görə «girov saxladığını» bildirib. Borcun məbləği isə iddia edildiyi 140 min dollar, faizləri ilə birlikdə isə  220 min dollar olub. Əhvalatın davamı belədir ki, guya Əvəz Əhmədov Rəşad Tahirovdan arvadının qohumunun borcuna görə zamin durmağı istəyib, bu halda onu buraxacağını bildirib. R.Tahirov isə Hörmət həkimə zəng vurub deyib ki, borca görə heç bir kömək edə bilməz, qoy məsələni Əvəz Əhmədovla özü həll etsin.

Ertəsi gün isə guya Əvəz Əhmədov yenidən R.Tahirova zəng vurub, pulu soruşub. Xırdalan sakini iddia edir ki, o, pulunun olmadığını deyəndə Əvəz Əhmədov hirslənib. «Bildirdi ki, Hörmət həkimi guya mənə görə buraxıb. Həmin məbləği nə olursa olsun, zorla alacağını, məni işdən çıxartdıracağını və tutduracağını dedi»-Xırdalan sakini bildirir.

Bu şəxsin iddiasına görə həmin zəngdən bir neçə gün sonra onu Bakı şəhər Baş Polis İdarəsinin polkovnik-leytenantı (kimliyi açıqlanmır) çağırıb. Əvəz Əhmədova olan «borcun» qaytarılmasını ona başa salıb. R.Tahirov generalın qardaşına heç bir borcunun olmadığını deyib, daha sonra idarəyə Ə.Əhmədovun özü gəlib. Burada şəxsin iddia etdiyi kimi «zorla və təhdidlə» onun boynuna 140  min dollar borc yükləyiblər. R.Tahirov bildirir ki, hədələrdən qorxub pulu ödəməyə razılaşıb və «onu buraxmaları üçün» Xırdalandakı mənzilinin sənədlərini girov qoyub. Sonra tanışlarından 60 min dollar tapıb Əvəz Əhmədova çatdırıb. Xırdalan sakini 140 min dolların qalan hissəsini də borc tapıb verdiyini, məbləğin həmin vaxtkı məzənnə ilə 270 min manat olduğunu bildirir. Bu şəxs başına gələnlər barədə indiyə qədər şikayət etməməsini «Əvəz Əhmədovdan və qardaşından qorxması ilə» əsaslandırır. İndi onun qardaşının vəzifədən azad olunduğunu eşidib məsələni ictimailəşdirir.

Virtualaz.org bu kifayət qədər səs-küylü iddialarla bağlı araşdırma aparmağı qərara alıb. Çünki sahibkarlardan hədə-qorxu, təhdid və şantaj yolu ilə pul qoparmaq ləğv edilmiş MTN-dəki qruplaşmanın üzvlərinin tətbiq etdiyi praktika idi. Doğrudanmı Naxçıvan generalının qardaşı da Bakıda bu kimi işlərlə məşğul olub, hətta hansısa borca görə vətəndaşın azadlığını məhdudlaşdırıb?

Məsələni araşdırmaq üçün əvvəlcə hüquq-mühafizə orqanlarındakı iki ayrı mötəbər mənbə ilə əlaqə saxladıq. Çünki həmin mənbələr Əhməd Əhmədovun qardaşının Bakıdakı biznes fəaliyyətinə yaxından bələddirlər. Lakin mənbələrimiz Xırdalan sakininin irəli sürdüyü iddiaları heç cür inandırıcı saymadılar. Bildirdilər ki, Əvəz Əhmədovun Bakıda tikinti biznesi ilə məşğul olduğunu bilirlər, amma Bakı şəhər Baş Polis İdarəsində baş verdiyi iddia edilən həmin «razborka» barədə deyilənlər heç cür həqiqətə uyğun ola bilməz.

«Çünki göstərilən müddət ərzində idarəyə nə Əvəz Əhmədovun, nə həmin şikayətçinin daxil olduğuna dair qeyd kitabında heç bir məlumat yer almır. Digər tərəfdən bu şəxsin dediklərində kifayət qədər ziddiyətli məqamlar var. O bildirir ki, Əvəz Əhmədovu əvvəllər cəmi bir dəfə görüb, o da ayaqüstü. Bəs necə olur ki, generalın qardaşı Hörmət həkim deyilən adamın borcuna görə onun uzaq qohumunun, özü də cəmi bir dəfə ötəri gördüyü adamın zəmanətinə inanır? Hörmət həkimdən əl çəkib pulu məsələyə heç bir dəxli olmadan adamdan tələb edir? Və həmin şikayətçi nəyə görə həyat yoldaşının qohumundan bu borc söhbətinə görə heç nə soruşmur? Axı onun dediklərinə inansaq Hörmət deyilən şəxs qalıb kənarda, pulu bundan alıblar. Görünür bu, kimlərinsə vəzifədən çıxarılmış generaldan qisas almaq, yaxud onun yaxınlarından hansısa keçmiş kommersiya mübahisələrinə görə yaxşıca pul qoparmaq cəhdləridir», - mənbələrimiz deyiblər.

Bakıdakı nüfuzlu naxçıvanlı iş adamlarından olan digər mənbəmiz də səslənən iddiaların inandırıcı olmadığını bildirir. Həmin mənbənin dediyinə görə Əvəz Əhmədovu yaxından tanıyır, ancaq onun adları çəkilən şəxslərlə hansısa borc çəkişməsi barədə heç vaxt eşitməyib. «Belə hadisə olsa yüz faiz xəbər tutardıq. Biznesdə hamının hamıya borcu yaranır, kimi mal alır, pulunu bir az gecikdirir, kiminin problemi yaranır, tərəfdaşından borc götürür. O səbəbdən Əvəz Əhmədova da borcu yarananlar ola bilərdi, amma kifayət qədər iri məbləğdə pulu borclu adamın hansısa uzaq qohumundan tələb etmək nə dərəcədə ağlabatandır? Yəqin hesab edirlər ki, Əhməd Əhmədov işdən çıxarıldığına görə əllərinə fürsət düşüb və onun Bakıda bizneslə məşğul olan qardaşını bu kimi üsullarla şantaj edib pul qoparmaq olar», - mənbəmiz deyib.

Əvəz Əhmədovun özüylə əlaqə yaratmaq səylərimiz isə baş tutmayıb.

 





19.08.2017    çap et  çap et