CNN-nin mənbələri bidliriblər ki, Bannonun vəzifədən uzaqlaşdırılması prosesi artıq iki həftəyə yaxın davam edirmiş. Mənbələrdən birinin dediyinə görə, Bannon-a öz xahişi ilə istefa vermək təklifi edilmişdi, lakin göründüyü kimi o postundan prezidentin sərəncamı ilə azad edilib.
Ağ Evin mətbuat katibi Sara Hakabi Sanders (Sarah Huckabee Sanders) Bannonun işdən getməsini təsdiq edib, lakin bildirib ki, bu, qarşılıqlı anlaşma əsasında baş verib.
«Ağ Ev administrasiyasının rəhbəri Con Kelli (John Kelly) və Stiv Bannon qarşılıqlı razılığa gəliblər ki, bu gün Stivin sonuncu iş günü olacaq», – deyib mətbuat katibi.
CNN-nin məlumatında bildirilir ki, prezident son vaxtlarda Bannon-la bağlı əsəbilik keçirirdi və bunu hətta istirahət etdiyi Nyu Cersidən də büruzə vermişdi.
Trampı Bannonun «American Prospect» jurnalına verdiyi müsahibə də əsəbiləşdirmişdi. Bu müsahibədə baş strateq Şimali Koreya ilə bağlı prezidentdən fərqli fikir ifadə etmişdi. O habelə bildirmişdi ki, Dövlət Departamentində bir sıra dəyişikliklərə nail olub.
Bannonun gedişi Trampın Ağ Evə gəlişindən 7 ay sonraya təsadüf edir. Üç həftə bundan əvvəl isə general Kelli administrasiyanın rəhbəri təyin edilmişdi. Onun ümdə vəzifəsi Ağ Evdə daxili çəkişmələrin yaratdığı xaosa son qoymaq idi.
Şərhçilərin fikrincə, Bannonun gedişi o deməkdir ki, Trampın «millətçi» ideologiyasının hərəkətverici qüvvəsi kimi qəbul edilən şəxs bundan sonra prezident çevrəsində olmayacaq.
Bannon Trampın kampaniyasına ötən il kənardan gətirilmiş, amma sonradan birinci simaya çevrilə bilmişdi.
Müşahidəçilər diqqəti belə bir məqama çəkirdilər ki, Bannon prezidentin «işgüzar məzuniyyətinin» birinci həftəsində onu Nyu Cersiyə müşayiət etməyib.
Ağ Ev rəsmilərindən biri CNN-ə bildirib ki, Bannon-un işdən çıxarılması iki həftə bundan əvvəl baş verməliydi, lakin sonradan təxirə salınmışdı.
Şərhçilərin fikrincə, indi başlıca sual Bannonun Ağ Evdən kənarda Trampın müttəfiqi olaraq qalacağı, yoxsa əksinə düşmən mövqe tutacağı barədədir.
Belə güman edilir ki, Bannon indi özünün keçmiş iş yerinə, ifrat sağçı Breitbart xəbər portalının başçısı vəzifəsinə qayıdacaq.
Ağ Evdə Bannonun prezidentin başqa, daha mötədil müşavirləri ilə kəllələşdiyi barədə məlumatlar vardı. Bannon onları «qlobalist» adlandırırdı. O Trump-ın kürəkəni Cared Kuşnerlə də yola getmirdi.