Vaxt.Az

Sizə belə «Neftçi» lazımdı?


 

Yaxud Kaxaber Tsxadadzenin Tərlan Əhmədovdan nəyi artıqdır?

Sizə belə «Neftçi» lazımdı? Kaxaber Tsxadadzenin Azərbaycanda məşqçilik karyerasında cəmi bir ciddi uğuru olub. Cahangir Hacıyevin azadlıqdakı və pullu vaxtlarında komandasını çempion edib. Onsuz da pulun çox olan vaxtlarlnda bizdə kim necə gəldi çempion olurdu. Yəni dərinə gedəndə o qədər pulun, hakimi rüşvətlə ələ almaqların qarşılığında Kaxaber yox, Əli müəllim olsaydı da birinci yeri tuta bilərdi.

Başqa? «İnter» hansısa geydirmə «Birlik kuboku» adlı yarışda birinci yeri tutub. Sonra? Sonra heç nə!

Avrokuboklarda təsnifatda ən yaxşı halda 1 mərhələ adlayıb. Cəmi 1 mərhələ! O qədər pulları ola-ola. Beynəlxalq Bankın pulları, indi klubun belinə yazılan külli miqdarda kreditləri hesabına xaricdə, ö cümlədən də vətəni Gürcüstanda yarıyararlı və tam yararsız futbolçu qalmamışdı, pul yemək xatirinə gətirib hamısını doldurmuşdular komandaya. Dərd orasıdı ki, milyonlarla pul xərclədilər, nə qədər legioner aldılar, amma yenə də futbolda yarım metr irəli gedə bilmədilər.

Burda olduğu müddətdə uğurlarından daha çox həmkarları və jurnalistlərlə davalarına görə yadda qalıb. Deyilənə görə, çox kobud, bəzən futbolçularına və ətrafına etik çərçivələri aşan birisi olub.

Bizdən sonra çıxdı getdi Gürcüstan millisinə, ordan qovuldu. Sonra getdi Qazaxıstanda «Kayrat»a, ordan da göndərdilər.

İndi kimlərsə ciddi bir uğuru olmayan bu məşqçini zorla gətirib «Neftçi»yə calamaq istəyirlər. Niyə? Hansı xidmətinə görə? Gəlib «Neftçi»ni düşdüyü bataqlıqdan çıxaracaq? «İnter»də olduğu kimi «Neftçi»də də pullar havaya sovrulacaq və ən yaxşı nəticə də avrokuboklarda bir mərhələ keçməkdən ibarət olacaq? Sizə belə «Neftçi» lazımdı?

Komandanıza canınız belə çox yanırsa, gətirin Tərlan Əhmədovu «Neftçi»yə. Adam AZAL-dakı fəaliyyəti dövründə özünün işi ilə seçilib. Amma bu birisindən fərqli olaraq o birisi Cahangir klubuna xəsislik edib pul ayırmadığına görə Tərlan kimi gənc məşqçinin o komandadakı bütün planları, ümidləri puç oldu.

Gəlsin, «Neftçi»yə yenidən normal komanda yaratsın. SOCAR-da oturanlar da heç olmasa, son 3-4 ildə «Neftçi» ilə bağlı bir dəfə anormal qərar verməsin.

 





21.08.2017    çap et  çap et