«Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov «Kopenhagen»lə oyunda uğur qazanmaq üçün çox risklər etdi. İlk yarıda ağıllı müdafiə xətti qurdu, Danimarka klubunu zərərsizləşdirmək üçün hər şeyə əl atdı.
Fasilə ərəfəsində İbrahim Şehiçin fərdi səhvi meydan sahiblərini ümidləndirdi. Amma Qurban bəy təşvişə düşmədi. İkinci hissəyə də eyni qaydada başladıq, bununla belə, irəlidə pressinqlə «Kopenhagen»in hücum gücünü azaltdıq. «Qarabağ» təzyiqi artıran kimi «Kopenhagen»in gücünün tükəndiyi də anlaşıldı. Kombinasiyalı 2-3 hücum və Miçel Madeyranın fərqlənməsinə rəqib qapıçının möcüzəli seyvi mane oldu.
Lakin qol yetişirdi. Ansi Aqollinin cinahdan ikinci ağıllı ötürməsini Dino Ndlovu tamamladı. Sonradan bəlli olacaqdı ki, bu qol «Qarabağ»a turu gətirəcək.
Sevincimiz qısa sürdü – 3 dəqiqə sonra «Kopenhagen» yenidən hesabda önə keçdi və nəfəs kəsən dəqiqələr başladı. Burada Qurbanov yenidən taktikanı dəyişməyə məcbur oldu. 5 müdafiəçili sistemə keçidlə yanaşı, rəqibin cərimə meydançasına təhlükəli cinah ötürmələrinin də qarşısı alındı. 4-cü mərkəz müdafiəçimiz oyuna girəndə isə artıq irəlidə oyunçumuz qalmamışdı.
Qurbanov «Viktoriya» ilə ötənilki oyunda da belə etmiş, amma qola əngəl olmağı bacarmamışdı. O, prinsiplərindən dönmədi, budəfəki addımı uğurlu oldu.
Bu matç əla məşqçi işi idi. Ümumi qələbəni gətirən məğlubiyyət də qəbulolunandı və Qurbanov taktikanı buna görə qurdu, istəyinə nail oldu. 17 il əvvəl «Qalatasaray»ın UEFA kubokunu qazandığı Danimarka paytaxtında daha bir türk oğlu rəqiblərinə dərs keçdi.