«Bütün azarkeşlərimizi, xalqımızı təbrik edirəm. Bir qədər çətin oyun keçdi. Düşünürəm ki, əsl final matçı idi».
Bu sözləri Çempionlar Liqasının pley-off mərhələsində Danimarkada «Kopenhagen»i mübarizədən kənarlaşdırandan sonra (1:0, 1:2) Bakıya qayıdan «Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov deyib.
Hava limanında jurnalistlərin önünə çıxan Qurbanov sevinc hissini bölüşüb: «Belə oyunlar bizə ancaq fayda verir. Çempionlar Liqasının qrup mərhələsinə yüksəldik. İlk dəfə idi ki, bu turnirin pley-off mərhələsində iştirak edirdik. Allaha şükürlər olsun ki, hər şey bizim tərəfimizdə oldu. Hisslərimi tam olaraq sözlə ifadə edə bilmərəm».
Qurbanov daha sonra jurnalistlərin suallarını cavablandırıb.
- Sizi ilk təbrik edən kim oldu?
- Yadımda deyil (gülür).
- Final fitindən sonra emosiyalarınızı, göz yaşlarınızı saxlaya bilmədiniz...
- Düzdü, belə hal oldu. Normaldı. İşimizdə belə məqamlar da olur.
- İbrahim Şehiçin buraxdığı ilk qoldakı səhvindən sonra bir anlıq nə düşündünüz?
- Səhvsiz futbol olmur. Qollar hamısı səhvlərdən sonra əmələ gəlir. Buna görə də, xüsusi bir şey düşünmədim.
- Qrup mərhələsində arzuladığınız rəqib varmı? Püşkdə kimlərin «Qarabağ»la eyni qrupda yer almasını istərdiniz?
- Arzu etdiyimiz, çəkindiyimiz rəqib yoxdu. Kiminlə eyni qrupa düşəcəyiksə, çıxıb oynayacağıq.
- Azərbaycanlı futbolsevərlər sevinclərindən gecə yata bilməyiblər. Onlara nə sözünüz var?
- Hər birinə təşəkkür edirəm. Düşünürəm ki, bu uğurumuz Azərbaycan xalqına futbolu daha da sevdirdi. Azarkeşlərimiz şadlanırlar, bundan sonra futbola maraq daha da artacaq. Biz futbolu onlar üçün oynayırıq. Hər birini təbrik edirəm. Fikrimcə, son oyunlar bizi daha da möhkəmləndirəcək.