Vaxt.Az

Testin ləğvi kimə sərf edir?


 

DİM rəhbərliyi Təhsil Nazirliyini və kurikulumu bəhanə edərək müstəqilliyin ən uğurlu nailiyyətini sıradan çıxarmaq istəyir

Testin ləğvi kimə sərf edir? Test imtahanlarının ləğvini yenidən gündəmə gətiriblər. Bu dəfə Dövlət İmtahan Mərkəzi (DİM) rəhbəri M. Abbaszadəyə istinad olunub. Açıqlamalardan duymaq olar ki, DİM və Təhsil Nazirliyi arasında kurikulum əsasında biliyin qiymətləndirilməsində tətbiq olunacaq metodla bağlı ziddiyyətlər pik həddinə çatıb.

Əslində bu gözlənilən idi.

Çünki bu il ilk dəfə olaraq kurikulum əsasında təhsil alan 9-cu siniflərin buraxılış imtahanlarının nəticələri bütün təhsil ictimaiyyətini şoka saldı.

30 ballıq sistemlə 1-ci mərhələnin nəticələri aşağıdakı kimi olub:

Riyaziyyat 0 – 18 bal (95 faiz)

Ana Dili 0 - 18 bal (82 faiz)

Bu, anlaşıqlı formada o deməkdir ki indiyədək ya kurikulum olmayıb ya da qiymətləndirmə metodikası düz olmayıb.

Güman ki, DİM məktəblərdə tədrisin zəif olması, Təhsil Nazirliyi də qiymətləndirmənin düz olmadığı qənaətindədir.

Ola bilər ki kimlərsə indiki məqamda məhz bu cür nəticələrdən, mövcud ziddiyyətlərdən istifadə edib yenidən test imtahanlarının ləğvinə nail olmaq istəyir.

Əgər doğurdan da DİM bu qaydada qiymətləndirməyə davam etsə təbii ki, 2 il sonra kurikulum əsasında ali məktəblərə qəbul və elə buraxılış da iflasa uğrayacaq.

Nə etməli?

Düşünürəm ki, həqiqətən də ciddi problem var. Lakin fikrimcə problemin həlli üçün test imtahanlarının ləğvindən, imtahanların mərkəzləşdirimiş qaydada keçirilməsinin ləğvindən söhbət gedə bilməz. Bunlar indiki halda yolverilməzdir.

Düşünürəm ki, şəffaf və ədalətli imtahan mühiti üçün, ictimai və dövlət nəzarəti üçün ciddi təminatlar olmadan nəhəng bir korrupsiya maşının işə düşməsinə şərait yarada biləcək yeni bir sistemin yaradılmasına siyasi rəhbərlik də heç bir halda imkan verməz.

Eyni zamanda düşünürəm ki, DİM biliyin qiymətləndirlməsi istiqamətində son illərdə apardığı işləri daha da təkmilləşdirməlidir.

Bu prosesə Təhsil Nazirliyi ekspertləri cəlb edilməlidir. Yeni proqramlara uyğun ədəbiyyatlar, testlər və metodiki vəsaitlər hazırlanmalıdır. Həm Təhsil Nazirliyində, həm də elə DİM-də yeni proqramlara uyğun vəsaitlərin, testlərin hədsiz azlığı hiss olunur.

Son dövrlərdə DİM tərəfindən açıq tipli testlərin, mətn tipli testlərin və digər bu kimi mütərəqqi texnologiyaların tətbiqini qiymətləndirmədə irəliyə doğru addım kimi dəyərləndirmək olar.

Təhsilin keyfiyyətinin yüksəldilməsinə xüsusi diqqət yetirilməlidir, tədris prosesi təkmilləşdirilməlidir.

Yeri gəlmişkən təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində son zamanlarda TN tərəfindən atılan müsbət addımları da dəyərləndirmək lazımdır.

Fikrimcə, müasir texnologiyalar qiymətləndirmədə insan amilinin minimuma endirilməsinə, istənilən məntiqi prosesin avtomatlaşdırılmasına yetərincə imkan verir və test texnologiyalarını maksimum təkmilləşdirməklə bu prosesi ədalətli və şəffaf formada təşkil etmək mümkündür.

Ümid edirəm ki DİM və TN arasında hazırda müzakirə mərhələsində olduğu bildirilən yeni qiymətləndirmə modeli də məhz mövcud sistemin ləğvini deyil, onun daha da təkmilləşdirilməsini nəzərdə tutur.

 





24.08.2017    çap et  çap et