Vaxt.Az

Qolunu itirənlərin gövdəni qorumaq siyasəti


 

Biz isə Rusiyanı qəzəbləndirəcək addımlar atmamaqla təhlükəsizlik təminatı qazanmağa çalışırıq

Qolunu itirənlərin gövdəni qorumaq siyasəti Baxırsan, bizimlə eyni problemləri yaşayan keçmiş sovet ölkələrinin hamısı öz yolunu seçib. Bu yol düzdür, səhvdir, qazanırlar, yoxsa itirirlər, o başqa mövzudur, amma bir strategiyaları var.

Gürcüstan dünən ABŞ-la növbəti hərbi anlaşma imzaladı. Gürcüstan Müdafiə Nazirliyi ilə ABŞ-ın Avropa komandanlığı arasında imzalanan memoranduma əsasən amerikalılar Gürcüstan ordusu üçün 9 yeni batalyon hazırlayacaq və bunların təlim-təchizatına məsul olacaqlar. Bu anlaşma Vaşinqton və Tiflis arasında daha öncə razılaşdırılmış «Gürcüstanın Müdafiəsinə Hazırlıq Proqramı» çərçivəsində atılan addımlardan biridir.

Bu gün Kiyevdə Ukraynanın müstəqillik bayramı münasibətilə NATO əsgərlərinin iştirakı ilə hərbi parad keçirildi. Paradı qəbul edənlər arasında ABŞ-ın müdafiə naziri də var idi. General Mattis çox aydın və birbaşa dəstək mesajları verdi, Krımın ilhaqını heç vaxt tanımayacaqlarını bəyan etdi, Ukraynaya müasir silahlar göndərməyi nəzərdən keçirdiklərini söylədi. Prezident Tramp da öz növbəsində Poroşenkoya təbrikində Ukraynanın ərazi bütövlüyünü bərpa etməyin ABŞ-ın prioriteti olduğunu bildirdi.

Balaca və zəif Moldova isə Rusiya baş nazirinin müavini Roqozini öz hava məkanına buraxmayacaq qədər cəsarətlənib, hələlik real nəticə gözlənilməsə də, BMT-də rus ordusunun Dnestrdən çıxarılması tələbini qoyur, NATO ilə əməkdaşlığı genişləndirir filan... Yəni, siyasəti var.

Bu ölkələr bir qolunu itirib, amma gövdəni, başı xilas etmək və sonradan itiriləni geri qaytarmaq üçün siyasət aparırlar. Biz də qolumuzu itirmişik, amma gövdəni qorumaq, itiriləni geri almaq üçün ortada bir strategiya görünmür. Etibarlı təhlükəsizlik qarantiyası əldə etməyə çalışmaq əvəzinə, Qoşulmama Hərəkatına üzv olub, neytrallığımızı elan etmişik. Rusiyanı qəzəbləndirəcək addımlar atmamaqla təhlükəsizlik təminatı qazanmağa çalışırıq. Bir neçə gün əvvəl Milli Məclisin deputatının açıqlamasını oxudum, deyir Ermənistan NATO təlimlərinə qatılmaqla Rusiyaya xəyanət edib və Moskva onu cəzalandıracaq. Yəni, bizimkilər Rusiyaya başa salmağa çalışırlar ki, Ermənistan səni aldadır, ona inanma, dəstək vermə. Rusiya ilə Ermənistanın arasını vurmaq istəyirik və onların küsüşməsini gözləyirik. Siyasətimiz budur.

 





24.08.2017    çap et  çap et