Vaxt.Az

«50 milyardımız var»


 

«Dövlət Neft Fondunun aktivlərinin gəlirləri 400 milyon dollara yaxındır»

«50 milyardımız var» İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri, millət vəkili Əli Məsimli Moderator.az-a geniş və maraqlı müsahibə verib. Onu oxuculara təqdim edirik:
- Azərbaycanın valyuta ehtiyatları nə qədərdir və hansı valyutalarda saxlanılır? 

- Azərbaycanın valyuta ehtiyatları 50 milyard dollar səviyyəsindədir. Onun 36 milyard dollara yaxını Dövlət Neft Fondunun, 14 milyard dollardan artığı isə Mərkəzi Bankındır. Azərbaycanın strateji valyuta ehtiyatlarının 57 faizi dollarla, 37 faizi avro ilə, 5 faizə yaxını funt-sterlinqlə saxlanılır. Bu nisbət müəyyən dərəcədə dünya valyuta ehtiyatlarının saxlanılma strukturuna uyğundur. Belə ki, dünya valyuta ehtiyatlarının 62 faizi dollarla, 24 faizi avro ilə, 4 faizi funt sterlinqlə, qalanı isə yapon yeni və digər valyutalarda saxlanılır. Eyni zamanda 2012-ci ildən başlanaraq Dövlət Neft Fondunun investisiya portfelinin valyuta səbətinə Rusiya rublu və Türkiyə lirəsi də daxil edilmişdir. Strateji valyuta ehtiyatlarında qızılın payı hələ çox olmasa da, hər halda sürətlə artmaqdadır. DNF-in investisiya siyasətinə əsasən ötən il Fondun vəsaitlərinin 5 faizinin qızıla investisiya edilməsi nəzərdə tutulmuş və alınan qızıl 30 tona çatmaqdadır. Ötən ildən etibarən DNF tərəfindən alınan qızıl külçələrin Azərbaycana gətirilməsi prosesi başlanmışdır. Azərbaycanın valyuta ehtiyatı artan xətlə gedir və məqbul hesab oluna bilən beynəlxalq yetərlilik normasından çoxdur. Təkcə onu qeyd etmək kifayətdir ki, büdcəyə iri məbləğlərdə transfertlər həyata keçirilməsinə və digər iri layihələrin maliyyə təminatı qarşılanmasına baxmayaraq, Dövlət Neft Fondunun vəsaiti 2005-ci ildə 1,4 milyard dollar, 2010-cu ildə 23 milyard dollara yaxın idisə, 2013-cü ilin sonlarına 36 milyard dollara yaxınlaşmışdır.

- Bir sıra ölkələr valyuta ehtiyatının artırılmasına elə də ciddi baxmırlar. Valyuta ehtiyatının çoxluğunun iqtisadiyyat üçün faydası nədir?

- Bu məsələyə münasibətdə həm imkanlar, həm də digər mülahizələrə görə hər ölkənin öz siyasəti ola bilər. Dünyada az ölkələr var ki, həmin ölkələrdə valyuta ehtiyatlarının həcmi məhz ümumi daxili məhsulun həcminə yaxınlaşıb. Azərbaycanın valyuta ehtiyatları ümumi daxili məhsulun 70 faizi səviyyəsinə çatmış və yetərlilik üzrə beynəlxalq normaları əhəmiyyətli üstələyir.Bu göstəriciyə görə Azərbaycan dünya ölkələrinin ilk «20-liyində» yer alıb. Azərbaycanda valyuta ehtiyatları ölkənin xarici borcundan təxminən 9 dəfə çoxdur. Azərbaycanın strateji valyuta ehtiyatlarının yüksək templə artımı ölkə iqtisadiyyatının mümkün xarici böhran təsirlərinə qarşı həssaslığını azaldan və güclü «makroiqtisadi bufer» formalaşdıran amildir. Proqnozlara görə Azərbaycanın strateji valyuta ehtiyatları bu ilin sonuna 58 milyard dolara çatacaq və ÜDM-n 80 faizini ötəcək. Valyuta ehtiyatlarının çoxluğu Azərbaycanın ödəniş qabiliyyətinin yüksək olması deməkdir, kataklizmli məqamlarda çevik manevrlər etmək, iqtisadiyyatın böhrana həssaslığını aşağı salmaq, problemlərin operativ həllinə imkan verən maliyyə təminatı və həm də iri layihələrin öz gücümüzlə gerçəkləşdirmək imkanlarımızın genişliyi baxımından Azərbaycana üstünlük qazandırır, ölkənin kredit reytinqinin yüksəlməsinə müsbət təsir göstərir, investisiya üçün cazibədarlığı artırır. Eyni zamanda çox ciddi bir «təhlükəsizlik yastığı» kimi Azərbaycanın iqtisadi və xeyli dərəcədə siyasi təhlükəsizliyinin formalaşmasında üçün strateji əhəmiyyət kəsb edir.

- Azərbaycanın valyuta ehtiyatlarından necə istifadə olunur?

- Neft Fondunun payına düşən hissədən daha çox dövlət büdcəsinə transfertlər edilir. Amma 2014-cü ildən başlanaraq DNF-dən dövlət büdcəsinə transfertlər azaldılmağa başlamış, 11 milyard 350 milyon manatdan 9 milyard 337 milyon manata endirilmişdir. Bundan əlavə iri infrastruktur layihələrinin reallaşdırılması, məcburi köçkün ailələri üçün mənzil tikintisi, gənclərin xarici ölkələrdə təhsilinin maliyyələşdirilməsi və digər sosial problemlərin həlli üçün də xərclər bu Fondun vəsaiti hesabına həyata keçirilir. Ölkə xaricində isə strateji valyuta ehtiyatlarının konkret limit çərçivəsində qızıl və kommersiya xarakterli daşınmaz əmlakın alınmasına yönəldilir.

- Başqa hansı istiqamətlərə yönəltmək məqsədəuyğun olar?

- Dövlət Neft Fondunun aktivlərinin gəlirləri 400 milyon dolların altındadır. Bu o deməkdir ki, xaricdə saxlanılan strateji valyuta ehtiyatlarımız müxtəlif vaxtlarda bir qədər dəyişmək şərti ilə 1 faizin altında olan çox simvolik bir faizlə saxlanılır. Bəlkə də təhlükəsizlik baxımından əlverişli olduğundan ölkələrin əksəriyyəti, o cümlədən Azərbaycan bu üsuldan istifadə edir. Amma nəzərə alsaq ki, bu halda gəlirlilik dərəcəsi minimum olduğundan, həm də 2008-ci il qlobal maliyyə böhranı dünya iqtisadiyyatında və xüsusən də onun maliyyə sektorunda riskləri xeyli artırdığından, bu üsuldan davamlı olaraq sonsuz dərəcədə istifadə edilməsi məqsədəuyğun deyil. Ona görə də Azərbaycan hökuməti konkret limitlər çərçivəsində strateji valyuta ehtiyatlarının bir hissəsini qızıl və kommersiya xarakterli daşınmaz əmlak almağa sərf etməklə yanaşı, yeni üsullardan da istifadə etməlidir. 2008-ci il qlobal maliyyə böhranı zamanı bir çox mühüm şirkətlərin səhmləri çox ucuzlaşmışdı. Həmin vaxt bu sahədə dünyada tanınmış mütəxəssisləri də cəlb etməklə risk dərəcələrini dəqiq öyrənib, həmin qəbildən olan şirkətlərin səhmlərini əhəmiyyətli həcmdə alıb, 10 vəziyyətdən azı 8-də uduş əldə etməklə böhran zonasında canlanmanın baş verdiyi və səhmlərin bahalaşdığı hazırkı dövrdə 10 milyardlarla dollar gəlir əldə etmək olardı. Bu sahədə 4-5 il əvvəlki qədər olmasa da, yenə də müəyyən şanslar qalmaqdadır. Neft Fondunun vəsaitinin bir hissəsi hesabına Azərbaycanda müasir texnika və texnologiyaya əsaslanan rəqabət qabiliyyətli iş yerləri olan və məhsul buraxa bilən sahələri sürətlə inkişaf etdirmək olar. Hesablamalar göstərir ki, bilavasitə kənd təsərrüfatına ildə 500 milyon manat və torpaqların eroziya və şoranlaşmasına qarşı 200-250 milyon manat xərcləməklə, 5-6 il ərzində ildə 8 faiz artmaqla ölkənin ərzaq təhlükəsizliyinə tam təminat yarada bilən və xaricə yetərincə məhsul çıxarılmasına imkan verən güclü aqrar sahə formalaşdırmaq olar.
«Şahdəniz-2» layihəsinə ümumilikdə 40 milyard dolara qədər sərmayə qoyulması gözlənilir. Həmin sahədə sifarişlərin önəmli hissəsini götürməkdən ötrü, müvafiq müəssisələrin rekonstruksiyasını həyata keçirmək faydalı olar. Azərbaycanda nanotexnologiyanın geniş tətbiqinə imkan verən sahələri sürətlə inkişaf etdirmək olar. Dünya təcrübəsi göstərir ki, səmərəli qurulduqda elm və təhsilə qoyulan pul batmır, əksinə, başqa sahələrdən daha çox gəlir gətirir. Beynəlxalq təcrübə göstərir ki, iqtisadi qalxınmanın ən etibarlı yolu - xalqın güzəranının davamlı sürətdə yaxşılaşdırılmasıdır. Bu məqsədlə strateji valyuta ehtiyatlarını çox az bir hissəsi hesabına Azərbaycanda əhalini aztəminatlı təbəqəsi və gənc ailələr üçün ucuz «xalq evləri» tikmək olar. Həmin evləri gücü çatanlara maya dəyərinə yaxın güzəştli qiymətlə möhlətə satmaq və ya ayda 50-60 manata istifadəyə vermək olar ki, evin pulu ödənildikdən sonra həmin ailənin mülkiyyətinə keçər. Deməli, aşkarlıq, şəffaflıq və effektli nəzarət mexanizmi yaratmaq və həmin valyuta resurslarının az bir hissəsindən istifadə etməklə iqtisadiyyatımızda və sosial sahədə böyük işlər görmək olar.

- Bəs Azərbaycanın xarici borcları, onun ölkənin ümumi daxili məhsuluna nisbətdə payı və adambaşına düşən məbləği nə qədərdir?

- Azərbaycanın xarici dövlət borcunun həcmi haqqında rəsmi məlumat bir qədər köhnədir. Maliyyə Nazirliyinin sonuncu rəsmi xəbəri 2011-ci il iyulun 1-ə aiddir və orada Azərbaycanın xarici borcunun ümumi məbləği 4,5 milyard dollar, ÜDM-a faiz nisbəti isə 8.1 faiz göstərilir. Eyni zamanda rəsmi çıxışlarda göstərilir ki, Azərbaycanın xarici borcu indi də ölkənin ümumi daxili məhsulunun 8 faizi səviyyəsindədir. Onda belə çıxır ki, bir qədər yuvarlaqlaşdırsaq, 2013-cü ilin sonlarına Azərbaycanın xarici borcu 4,6 milyard manatın altında(təqribən 5,8 milyard dollar), onun adambaşına düşən məbləği, yenə yuvarlaq götürsək, 485 manat və ya 600 dollardır. Bu azdır, yoxsa çox? Bu suala obyektiv şəkildə aydınlıq gətirməkdən ötrü, dünyanın orta statistik və başqa ölkələrin borcları ilə müqayisə aparmaq faydalı olar. Dünya ölkələrinin məcmu borcunu dünya əhalisinin sayına böldükdə, dünya əhalisinin hər nəfərinə 10 min dollar xarici borc düşür. Valyuta ehtiyatları 520 milyard dolların civarında olan Rusiyanın 700 milyard dolardan artıq, adambaşına isə 5 min dollara yaxın, valyuta ehtiyatları 100 milyard dolların civarında olan Qazaxıstanın 145 milyard dolardan artıq, adambaşına isə 4 min dollardan artıq xarici borc var. Orta statistik dünya göstəricisi, eləcə də postsovet məkanı ölkələri ilə müqayisədə adambaşına düşən xarici borc da Azərbaycanda ən kiçik göstəricidir Yəni Azərbaycanda adambaşına düşən xarici borc orta statistik dünya göstəricisindən 17 dəfə, Rusiyanın göstəricisindən 8 dəfə, Qazaxıstanın göstəricisindən isə 7 dəfə aşağıdır. Rusiyada orta əmək haqqı Azərbaycandakından 1,8 dəfə, Qazaxıstanda isə 25 faiz çox olması, yenə də vəziyyətin mənzərəsini həmin ölkələrin xeyrinə dəyişmir. Başqa bir maraqlı müqayisə aparmaq olar: dünyanın ən zəngin neft ölkələrindən olan Səudiyyə Ərəbistanının 2009-cu ilin statistikasına görə, xarici borcu 72 milyard dolar, adambaşına düşən məbləği isə 2800 dollar, ÜDM-ə nisbəti 20 faiz, Küveytin xarici borcu 32 milyard dollar, adambaşına məbləği 9 min dollar, ÜDM-ə nisbəti 29 faiz olmuşdur. Deməli, həmin neft ölkələri ilə müqayisədə də Azərbaycanın göstəricisini məqbul hesab etmək olar. Xarici borcun az olması təhlükəsizlik baxımından çox önəmlidir və xarici donorlardan asılılığın yaranmasına imkan vermir. Bununla belə Azərbaycanın kifayət qədər strateji valyutası olduğundan və dövlətin gəlirləri yetərincə olduğundan, hökumət borclanmanı azaltmalı, valyuta ehtiyatlarına qənaət etmək məqsədilə borc alanda da, yalnız ən əlverişli şərtlərlə verilən borclanmalara getməli, borcların qaytarılmasını isə sürətləndirməlidir. Eyni zamanda alınan kreditlərdən istifadənin səmərəliliyinin artırılması istiqamətində zəruri tədbirlər görülməlidir.

- Ümumiyyətlə ölkənin xarici borcu hansı həddə çatanda təhlükəli hesab olunur?

- Beynəlxalq standartlara görə, xarici borc ÜDM-in 25 faiz səviyyəsinə qədər məqbul hesab olunur. Həmin həddi ötdükdə, iqtisadi təhlükəsizlik baxımından problemlər başlayır. Bəzən ÜDM-in 40-65 faizindən yuxarı borc olanda, kritik həddən aşılması kimi dəyərləndirilir. Başqa bir meyar kimi hesab olunur ki, xarici borc ölkənin eksport göstəricisinin iki mislindən yüksəyə qalxanda, kritik olur. Həmin meyarlardan çıxış etsək, Rusiyanın xarici borcu (700 milyard dollar) ÜDM-in 31 faizi, Ukraynada (134 milyard dollar) -80 faizi, Qazaxıstanda (145 milyard dollar) 80 faizi, Belarusda (35 milyard dollar) 45 faizi, Latviyada (40 milyard dollar) - 157 faizi, Litvada (30 milyard dollar) - 81 faizi. Estoniyada (21 milyard dollar) - 103 faizi, Gürcüstanda (13 milyard dollar) - 96 faizi, Ermənistanda (8 milyard dollar) - 88 faizi səviyyəsindədirsə, onda Azərbaycanın xarici borcu postsovet məkanında ən aşağı göstəricidir.

- Bəs dünyada borclanma sahəsində vəziyyət necədir?

- Ümumiyyətlə, adambaşına 10 min dollar götürdükdə, dünya ölkələrinin 70 trilyon dollardan çox və ya dünya ümumu daxili məhsulunun 98 faizi səviyyəsində borcları vardır. Bu xarici borc sahəsində dünya ölkələrinin əksəriyyətində yaranan ciddi situasiyadan xəbər verir. Nə qədər paradoksal olsa da, dünya ölkələri arasında ən çox borcu olan ölkələr yüksək inkişaf səviyyəsinə nail olmuş ölkələrdir. Dünya iqtisadiyyatının 22 faizi səviyyəsində iqtisadiyyat qurmağa nail olan super dövlət - ABŞ-ın dövlət borcu 16 trilyon dollara yaxınlaşaraq ÜDM-in 95 faizi səviyyəsinə çatmışdır. Dünyada ən çox xarici borcu olan İrlandiyadır. 200 milyard dolların üstündə ümumu daxili məhsul istehsal edən bu ölkənin xarici borcu 2 trilyon 142 milyard dollar, yəni ölkənin ÜDM-indən 9 dəfə çoxdur. Bu ölkədə adambaşına 500 min dollar yaxın xarici borc düşür. İkinci yerdə İsveçrədir. İldə 320 milyard dollar ümumu daxili məhsul istehsal edən və dünyanın maliyyə-banklar mərkəzi hesab oluna İsveçrənin xarici borcu 1 trilyon 530 milyard dollar, yəni ölkənin ÜDM-indən 4 dəfə çoxdur. Bu ölkədə adambaşına 180 min dollardan artıq xarici borc düşür. Üçüncü yerdə Böyük Britaniyadır. İldə 2,2 trilyon dollar ümumu daxili məhsul istehsal edən Böyük Britaniyanın xarici borcu 9 trilyon 343 milyard dollar, yəni ölkənin ÜDM-indən 4 dəfə çoxdur. Bu ölkədə adambaşına 30 min dollardan artıq xarici borc düşür.
 





20.01.2014    çap et  çap et