Vaxt.Az

10 ilə yazılan ilk sətirlər?


 

Yaxud AFFA-dan «Qarabağ»ın uğuruna şərik çıxmaq cəhdi

10 ilə yazılan ilk sətirlər? AFFA prezidenti Rövnəq Abdullayevin Çempionlar Liqasının qrupuna vəsiqə qazanan «Qarabağ»a təbrikindən belə nəticə çıxır. Mətnə diqqət yetirək: «Qarabağ»ın qazandığı bu tarixi uğurun şahidi olduğumuz üçün çox sevincliyik. Bu nailiyyət Azərbaycan futbolunda yazılmaqda olan böyük tarixin ilk sətirləridi. «Qarabağ» uğura doğru səbrlə, addım-addım irəlilədi və nəhayət, hər birimizin arzuladığımız sevinci bizə yaşatmağı bacardı. Azərbaycan futbolunda bir ilkə imza atan «Qarabağ» Futbol Klubunun rəhbərliyini, məşqçilərini, inzibati heyətini, futbolçularını və təbii ki, bütün oyunlarda komandaya inanan, dəstəyini əsirgəməyən azarkeşləri bu zəfər münasibətilə təbrik edirəm. Azərbaycan futbol ictimaiyyəti adından «Qarabağ»a Çempionlar Liqasının qrup mərhələsində uğurlar arzulayıram».

Hər şey normaldı, gözəl təbrikdi, lakin ilk cümlədən diksinirsən. Necə yəni ilk sətirlər? İlk sətirləri indi yazırıqsa, 10 ildi nə işlə məşğul idik? Həm də axı, bu, AFFA-nın uğuru deyil, əla inkişaf modeli seçən bir klubun yüksək nəticəsidi.

İlk sətirləri Avropa Liqasının qrupuna düşəndə «Neftçi» yazıb, «Qəbələ» layiqincə davam etdirib və «Qarabağ» hələlik ən yüksək zirvəni təmin edib. Sadaladıqlarım arasında milli komandanın nəticələri yoxdu. O komanda ki, məhz onun nəticələri AFFA-nın əməyi sayılır.

«Azərbaycan futbolunda yazılmaqda olan böyük tarix» cümləsi dəqiqdi. Amma onu «Qarabağ» yazır, AFFA-nın bu məsələyə dəxli yoxdu. AFFA ölkə futbolunu məhv etməklə məşğuldu. Uşaq futbolunda heç kim yetişmir, bölgələrdə faciəvi durumdur, çempionat iştirakçılarının sayı 8-ə enib, sərmayə qoyan iş adamları küsdürülüb. 10 il ərzində çilyardlar dağıdılıb, ortada heç nə yoxdu. Halbuki «Qarabağ» kimi düzgün inkişaf modeli seçilsəydi, hər il 2-3 klubumuz rahatca qruplara qalardı. Pul doğru xərclənəndən sonra, həqiqətən gələcəyə yatırım edildiyi zaman uğur qaçılmazdı.

Təbii ki, bu təbrik mətnindən Rövnəq Abdullayevin xəbəri yoxdu. Onu AFFA-nın mətbuat xidməti, baş katib Elxan Məmmədovun redaktəsi ilə hazırlayıb. Və orada qeyd olunan «ilk sətirlər» də AFFA prezidentini tənqid hədəfi etməyə hesablanıb. Məmmədovun xəyanət qoxulu bu sətirləri gözləniləndi, axı, o, Abdullayevin kadrı deyil. Eyni zamanda çox incə mesaj var: «İlk sətirləri yazmaq üçün 10 il lazım oldu, daha böyük uğurlar istəyiriksə, daha çox işləməli, dövlətin pulunu daha çox dağıtmalıyıq».

 





25.08.2017    çap et  çap et